Kapitalizm süquta uğrayır: Kimlər işsiz qala bilər?
29 May 2024 11:22 İqtisadiyyatHeç kimə sirr deyil ki, sürətlə inkişaf edən yeni texnologiyalar kapitalizmdəki fəaliyyət növlərini köklü şəkildə dəyişməkdə davam edir. Burada sual yaranır: bəs bu dəyişimlər kapitalizmin əsasını da dəyişirmi? Dəyişirsə, bu necə baş verir? Fikrimcə, kompyuter inqilabının yaratdığı bütün silkələnmələrə yalnız bu adı qoymaq olar: materializm kapitalizmi intellektual kapitalizminə dönüşür.
Şotland əsilli Böyük Britaniyalı filosof və iqtisadçı Adam Smitin zamanında zənginlik istehlak məhsulları ilə ölçülürdü. Son 150 il ərzində isə bu məhsulların qiyməti dəyişib və stabil şəkildə aşağı düşüb. Bu da bir neçə faktorla izah olunur: daha yaxşı təşkil edilmiş kütləvi istehsal, konteynerləşdirilmiş daşınmalar, peşəkar əlaqə, rəqabət və s.
Bu gün biz yüz il öncə bir İngiltərə kralının belə yeyə bilmədiyi səhər qəlyanaltısı yemək üstünlüyünü yaşayırıq. Dünyanın istənilən nöqtəsindən olan ekzotik delikateslər artıq bütün supermarketlərdə əlçatandır və bu heç kimə bir o qədər təəccüblü gəlmir. Misal üçün, bugünki şagirdə X. Kolumbun Şərq ədviyyatlarını əldə etmək üçün öz həyat və sağlamlığını təhlükəyə atıb, olduqca qısa ticarət yolları axtarışına çıxdığını desək, məktəblidə sual yaranar: məgər Kolumb supermarketə gedib istədiyi ədviyyatı ala bilməzdimi? Burada artıq şagirdə başa salmalı olursan ki, Kolumbun dövründə ətin təzəliyini saxlamaq və vaxtı ötmüş məhsulların dadını ört-basdır etmək üçün inanılmaz bahalı və yüksək dəyərləndirilən ədviyyatlar insanların köməyinə çatıb. Soyuducu-konteynerlərin, okeanın o başından bu başına daşına biləcək xüsusi gəmilərin olmaması hətta bəzən kral və imperatorları belə iylənmiş əti yeməyə məcbur edirdi.
BEYİN KÜTLƏVİ İSTEHSALA TABE DEYİL
Müasir dövrümüzdə kapitalizm artıq intellektual kapitalizmə çevrilməyə başlayıb. İntellektual kapitalizm dedikdə, robotların və süni intellektin bizə verə bilməyəcəyi amillər nəzərdə tutulur. İqtisadçı Lester Turounun dediyi kimi, bu gün bilik və bacarığın yeganə mənbəyi rəqabətlilik üzərindəki üstünlüklərdi və bu rəqabət ən üstün beyinlərin toplaşdığı yerdədir.
Bəs görəsən bu tarixi keçid nəyə görə kapitalizmin təməlini silkələyə bilir? Cavabı çox sadədir: beyin kütləvi istehsala tabe deyil. İstənilən texnikanı kütləvi şəkildə istehsal edərək, tonlarla satışını icra etmək mümkündür, amma insan beyni ilə bunu etmək olmaz. Bu da o deməkdir ki, gələcəyin valyutası sağlam düşüncə olacaq.( Nəzərə alsaq ki, insanlar sosial şəbəkələrdə qısa videolara baxa-baxa düşünməyi belə unutmağa başlayıb, yaxın 50 ildə düşünən beyinlərə böyük tələbat yaranacaq). İstehlakçı dəyərlərlə müqayisədə insanlıq intellektual kapitalı yalnız doğuşdan, təlim və tərbiyədən alması mümkündür. Məsələn, gələcəkdə proqram təminatı kompyuter kimi "dəmir"dən daha önəmli yer alacaq. Mikrosxemlər hələ də konteynerlərlə satılacaq, qiyməti də stabil şəkildə düşməkdə davam edəcək, lakin proqram təminatını iki sadə vasitə ilə-qələm və kağızla məhz insan yaratmağa məcbur olacaq.
Britaniyalı iqtisadçı-ekspert Hemiş Makreyuya görə "1991-ci ildə Britaniya dünyada ilk ölkə kimi görünməyən eksportdan ( xidmətlər) görünən eksportla müqayisədə daha çox pul qazana bilmişdir. Son on ildə ABŞ-nin iqtisadi istehsal payı azaldığı halda, intellektual kapitalizm ( Hollivud filmləri, musiqi sənayesi, videooyunlar, kompyuter, telekommunikasiya) əksinə ən pik nöqtəyə çata bilmişdir.
Kapitalizmdən intellektual kapitalizmə keçid hələ keçən əsrdən başlasa da, hər on ildən bir bu proses daha da sürətlənir.
L.Turou yazır: "İnfilyasiyaya düzəlişlər edildikdən sonra təbii resurslara olan qiymətlər 1970-ci illərin ortalarından 1990-cı illərin ortalarına qədər, demək olar ki, 60 faizə qədər aşağı düşüb. Bəzi ölkələr bu prosesi çox gözəl başa düşür. Götürək, elə heç bir təbii sərvəti olmayan müharibə dövründən çıxmış Yaponiyanı. Hər halda indi ölkə dünya iqtisadiyyatında öz sözünü deyəcək gücdədir. Bu günki Yaponiyanın sərvəti, yeraltı sərvətlərin satışının nəticəsi deyil, xalqın əməksevərlilik, təşəbbüskarlıq və birliyinin nəticəsidir. Təəssüf ki, bir çox ölkələr bu təməl xüsusiyyətlərə önəm verməyərək, maddi dəyərləri əsas tutur, öz vətəndaşlarını gələcəyə hazırlamaq istəmir. Bu da o deməkdir ki, təbii sərvəti olub, lakin dünyada baş verənləri başa düşməyən hökumətlər ölkələrini gələcəkdə kasıb dövlətlərə çevirə bilər.
ƏSAS PROBLEM
Lakin bundan da böyük problem iş yerləridir. İşçi qüvvəsi bazarı hazırda bir çox problemlərə məruz qalır və yalnız bu dəyişikliklərdən istifadə edə bilən dövlətlər çiçəklənəcək. İnkişaf edən ölkələr üçün yeganə əlçatan strategiya möhkəm təməli qurulmuş maddi istehsal, daha sonra təməldən istifadə edərək intellektual kapitalizmə keçid almaqdır. Bu nümunə əsasında Çin bu çətin yolda uğurla davam edərək, minlərlə fabriklər tikir, dünya bazarı üçün müxtəlif növ məhsullar istehsal edir. Əldə olunan gəlirləri isə kapitalizm sahəsinin xidmət sektorunun yaradılmasına yönəldir. ABŞ-də fizik-aspirantların 50 faizi xarici vətəndaşlardır (ABŞ öz vətəndaşlarından ibarət məzun çatışmazlığından hər zamankı kimi əziyyət çəkir). Burada xarici aspirant məzunların əksəriyyəti Çin və Hindistandan gələnlərdir və onlar yeni intellektual sahə yaratmaq üçün öz vətənlərinə qayıtmağa can atır.
QEYRİ-İXTİSASLAŞMIŞ İŞ YERLƏRİ
İntellektual kapitalizmə keçid qeyri-ixtisaslaşmış iş yerlərinin sayını kəskin dərəcədə azaldacaq. Hər yüz ildə yeni texnologiyanın yaranması iqtisadiyyatda və insanların həyatında inanılmaz dərəcədə disproporsiya yaradıb. Məsələn, 1850-ci ildə amerikan işçi qüvvəsinin 65 faizi kənd təsərrufatında cəmləşdiyi halda, bu gün yalnız 2,4 faiz fermer bu sahədə çalışır.
Bu gün qeyri-ixtisaslaşmış iş yerlərinin bir çoxu artıq mövcud deyil. Bundan başqa, iqdisadiyyatın da xarakter forması dəyişib. Uzun illər insanlar diskriminasiyadan yan keçərək, bərabər imkanlar əldə etmək üçün çalışırdı. Lakin indi qeyri-ixtisaslaşmış işçi qüvvəsini okeanın o biri tayına daşımaq olursa, bu o deməkdir ki, bərabər imkanlar hazırda Çin və Hindistanı əhatə edir. Bu vəziyyət artıq ABŞ-də bəzi şəhərlərin boşalmasına gətirib çıxarır. Bu vəziyyətdə yalnız istehlakçı qazanır. Bir neçə ildi ki, amerikalı iqtisadçılar yaranmış vəziyyəti düzəltməyə, yəni, Amerikanın sənaye sistemini əvvəlki qaydaya salmağa çalışır, lakin səylər nəticəsiz qalır. Bunu etmək yerinə, iqtisadiyyatın istiqamətini dəyişərək, investisiyanı intellektual kapitalizmi artıran sahələrə yönəltmək lazımdır. XXI əsrin əsas və çətin məsələlərindən biri məhz bu olacaq. Digər tərəfdən isə bu o deməkdir ki, təhsil sisteminə köklü şəkildə elə dəyişikliklər edilməlidir ki, istənilən hər bir insan ixtisasını dəyişə bilsin, məktəb məzunları isə məktəb partalarından birbaşa işsizlər növbəsinə qoşulmasın. Bu o demək deyil ki, intellektual kapitalizm dedikdə iş yerləri ancaq proqramistlər və alimlər üçün olacaq. Buraya kreativlik, bədii istedad, innovasiyalar, liderlik və analiz tələb edən bir çox fəaliyyət növləri daxildir- yəni ki, düşünə bilən beyinlərə ehtiyac var. Müvəffəqiyyət və ya məğlubiyyət iqtisadiyyatda hər hansı bir sektorun tutduğu miqyasdan deyil, ölkənin nə qədər uğurlu şəkildə intellektual istehsala keçidindən asılı olacaq.
Şübhəsiz ki, inkişaf etmiş ölkələr inkişafda olan ölkələrə bir çox köməkliklər göstərə bilər. Lakin açıq danışmalı olsaq, əsas məsuliyyəti hər ölkənin rəhbərliyi daşımalıdır. İstisna deyil ki, inkişafda olan ölkələr informasiya inqilabının nailiyyətlərindən də istifadə edə bilər və onların inkişaf etmiş ölkələri keçmək şansı var. Məsələn, inkişafda olan ölkələrin yenidənqurma və ya köhnəlmiş infrastruktur obyektlərini təmir etməyinə heç də ehtiyac yoxdur. Götürək elə Nyu-Yorkda və Londonda yaşı yüz ildən artıq olan yeraltı keçidləri. Bu keçidlər artıq çoxdan yenidənqurma və bərpa işlərinə ehtiyac duyur. Onların bərpası yeni sistemin qurulmasından daha baha başa gəlir. Lakin inkişafda olan bir ölkə yeni texnoloqiyalar əsasında və yeni tikinti materialları və texnikadan istifadə edərək yeraltı nəqliyyat sistemini sıfırdan qura bilər. Çin, Qərbin etdiyi səhvləri nəzərə alaraq, Pekin və Şanxayı daha aşağı xərclə tikməyə müvəffəq olub. Qərbdə yaradılan kompyuter texnologiyası əsasında, hazırda Pekin sürətlə artan əhalisi üçün daha yaxşı xidmət göstərmək naminə dünyanın ən iri və müasir yeraltı nəqliyyat sistemini inşa edib.
Gələcək hər həs üçün açıqdır, amma yaxın gələcəkdə hansı ölkələr lider mövqeyində duracaq, hələki sual altındadır. Soyuq müharibə dövründə yalnız hərbi cəhətdən güclü olan ölkələr supergüc ölkələr sayılırdı. SSRİ-nin dağılmasından sonra aydın oldu ki, gələcəkdə yalnız düzgün iqtisadiyyatı qurmağı bacara bilən (hansı ki o da öz növbəsində elmin və texnikanın inkişafından asılıdır) ölkələr yüksəlişə doğru gedə biləcək.
SABAHIN LİDERLƏRİ
Bəs bu halda sabahın liderləri kimlər ola bilər? Heç şübhəsiz, vəziyyəti dəyərləndirə bilən və düzgün siyasət quran ölkələr. Məsələn, ABŞ, baxmayaraq ki, burada təhsil sistemi heç də ürəkaçan deyil, elm və texnika sahəsində liderliyi əldə saxlamağı hələ də bacarır. Kənardan bu möcüzə kimi görünə bilər, lakin, ABŞ H-1B kimi sirli silahdan hər zamanki kimi istifadə etməkdə davam edir. Əgər siz qeyri-adi istedada və elmi biliklərə maliksinizsə, bu ölkə öz ənənəsinə sadiq qalaraq, bütün qapıları sizin üzünüzə açır. Lakin digər reallıq da odur ki, artıq bir çox immiqrant öz ölkələrində iqtisadiyyatı stabilləşib, böyüdüyündən geri qayıtmağa başlayır və bu halda ABŞ sonsuzadək immiqrant hesabına mövcud ola bilməz. Bu arxaikləşmiş sistemin köklü dəyişikliklərə ehtiyacı var.
Dünyanın hər zaman transformasiyaya ehtiyacı olduğundan zaman-zaman oturuşmuş sistemlərin dəyişikliklərə ehtiyacı var. Yazıda qeyd etdiklərim dəyişikliklərə məruz qalacaq nüansların çox az bir hissəsidir. Ümid edirəm ki, dünyaya lazım olan "mükəmməl beyinlər" bəşəriyyətə hələ indiyədək açılmayan qapıları aça biləcək, çünki bir "beyin" belə müsbət tərəfə çox şeyi dəyişə bilər. Yaşayaq, görək.
Aysel Oğuz