Azərbaycan iqtisadi baxımdan dünyanın qabaqcıl ölkələrindən birinə çevirilib

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycan iqtisadiyyatının hazırkı inkişaf zirvəsinin təməlində Heydər Əliyevin uğurlu iqtisadi siyasət konsepsiyası dayanır. Hansı ki, həmin konsepsiya hələ Sovet Azərbaycanının zamanından işlənməyə başlanmış, müstəqil Azərbaycan Respublikasının zamanında konsepsiya daha da təkmilləşdirilmiş və günümüzdə həmin konsepsiyaya yeni yanaşmalar, dövlətimiz, xalqımız üçün səmərəli, Azərbaycanın yaxın gələcəkdə daha uğurlu inkişafı üçün tətbiqlər edilmişdi.

Ümumiyyətlə, Azərbaycanda hər bir sahənin inkişafında, günümüzdə uğurlar, nailiyyətlər əldə etməsində ümummilli lider Heydər Əliyevin öz imzası, öz dəstixətti var. Yəni, elə bir sahə yoxdur ki, həmin sahənin inkişafında Heydər Əliyevin xidmətləri olmasın.

Azərbaycan iqtisadiyyatının inkişaf konsepsiyası hələ Sovet Azərbaycanının zamanından, Ulu Öndərin Azərbaycan KP MK-nın birinci katibi təyin edildiyi vaxtdan hazırlanmağa başlanıldı. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi təyin edildiyi vaxt Azərbaycan iqtisadiyyatı durğunluq vəziyyətində idi. Azərbaycan demək olar ki, bütün parametrlər üzrə ittifaq respublikaları arasında sonuncu yeri bölüşdürürdü. Bura istər istehsalın artım sürəti, istərsə də keyfiyyət və səmərəlilik göstəriciləri aid idi.

Birinci katib kimi Heydər Əliyev yaranmış sosial və iqtisadi durum hərtərəfli təhlil edərək geriliyin səbəblərini müəyyən etdi, problemləri aradan qaldırmaq və irəliyə doğru inkişafı təmin etməyin proqramını hazırladı. Həmin proqramda ölkədə yeni istehsal müəssisələrinin yaradılması, mal və məhsulların istehsalı nəzərdə tutulurdu. Nəticə etibarilə, 1970-1982-ci illərdə ölkə iqtisadiyyatında 581 adda yeni tipli maşın, avadanlıq, cihaz və aparat nümunələri yaradıldı, 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlandı, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi yaradıldı. Bunun da çox böyük bir hissəsi Abşerondan kənar iqtisadi rayonların, xüsusən də Gəncə, Naxçıvan, Mingəçevir, Xankəndi, Əli Bayramlı (indiki Şirvan) və digər şəhərlərin payına düşürdü.

Bütün bunlar respublikada istehsal olunan məhsulların, o cümlədən xırda və orta şəhərlərdə istehsal olunan sənaye məhsullarının keyfiyyətini əvvəlki dövrlərdə olduğuna nisbətən müqayisə olunmaz dərəcədə yüksəldirdi. Keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi 1969-cu ildə bir faizdən az, 1975-ci ildə 2,2 faiz olduğu halda bu göstərici 1980-cı ildə 30,3 faiz, 1985-ci ildə 46,9 faiz oldu.

Müstəqilliyin ilk illərində, çətin siyasi və iqtisadi durumda yenidən xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider üçün qarşıda duran vacib  məsələ Azərbaycanın iqtisadi inkişafına nail olmaq idi. Qısa müddətdə ölkədə siyasi sabitliyi bərqərar edən ümummilli lider paralel olaraq iqtisadiyyatın inkişafına diqqət ayırdı. Bu istiqamətdə Ulu Öndərin atmış olduğu və Azərbaycan iqtisadiyyatının inkişafına zəmin yaratdığı addım "Əsrin müqaviləsi"nin imzalanması oldu.

Beləliklə, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın "yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı.

Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan "Əsrin müqaviləsi" üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Təkcə bir faktı qeyd edək ki, 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır. Bunun da 60 faizdən çoxu (6,1 milyard dolları) xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət kursu bu gün onun siyasi varisi Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz həyata keçirilən uğurlu siyasət və Heydər Əliyevin iqtisadi siyasət konsepsiyasının yüksək səviyyədə icrası günümüzdə Azərbaycanı iqtisadi baxımdan dünyanın qabaqcıl ölkələrindən birinə çevirib.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31