Dövlətin sosial siyasəti vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir - Təhlil

Dövlətin sosial siyasəti vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir

Azərbaycanda yürüdülən sosial-iqtisadi siyasət aztəminatlı ailələrə dövlət qayğısının bariz nümunəsidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi kimi çıxış edir. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə sosial rifah halının yaxşılaşmasına xidmət edir. Təsadüfi deyil ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım özünü göstərib, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrə dövlət qayğısının artdığını, onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyasının getdikcə genişlənib. Hazırda 1,3 milyon insanın əmək pensiyası ilə, 409 mindən çox şəxsin aylıq sosial müavinətlə, 62,5 min insanın Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilir. Dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm nailiyyətlərindən biri kimi son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Bununla bərabər, yoxsul ailələrin dövlət tərəfindən dəstəklənməsi tədbirləri də davam etdirilib. Hazırda Azərbaycanda sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımına, bu sistemin əhatə dairəsinin genişləndirilməsinə nail olunmaqla dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatlarının biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılması əsas hədəflərdəndir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamlarına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla  950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib. Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib. İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Eyni zamanda, dövlət başçısı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli Qanununun tətbiqi və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 14 avqust 2019-cu il tarixli Fərman imzalayıb. Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik  İsa Həbibbəyli deyib ki,  iyunun 18-də dövlət başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqqının və müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının sentyabrın 1-dən artırılması Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin parlaq nümunəsidir: "Azərbaycan Prezidenti İlham Əliyevin bir çox dövlət qurumlarında, eyni zamanda, elm və təhsil müəssisələrində çalışan əməkdaşların maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. Aparılan iqtisadi islahatlar və əldə olunan nailiyyətlər sayəsində, bu gün ölkənin bütün sahələrində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır: "Cənab Prezidentin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında", "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında", "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur. Biz elm və təhsil işçiləri bundan sonra daha da səylə çalışacağıq ki, Azərbaycan elminin inkişafına öz töhfələrimizi verək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31