Qeydiyyatsız evlərə kompensasiya verilməlidirmi? -MÜSAHİBƏ
Qeydiyyatsız evlərə kompensasiya verilməlidirmi?
7 Avqust 2019 12:19 İqtisadiyyatVüqar Bayramov: "Bizim təkliflərimiz "Əmlak Aministiyası"nı nəzərdə tutur"
Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də "riskli ərazi" hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsidir. Qeyd edək ki, sözügedən məsələ mübahisəli olsa da ekspertlər bunun reallaşmasını mümkün hesab edir. Bunun üçün həm iqtisadi imkan, həm də hüquqi əsas olduğu bildirilir. Müsahibimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramovdur.
-Vüqar müəllim, qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsi məsələsi uzun müddətdir ki, müzakirə mövzusudur. Hazırda isə "riskli ərazi" hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsi məsələsi gündəmə gəlib. Sizcə bu məsələnin ədalətli həlli varmı?
-İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı təkliflər paketindən belə evlərə kompensasiyanın ödəilməsi təklif olunur. Aydındır ki, Bakı və ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyənin xəbəri olmadan nəinki ev tikmək, hətta evin bünövrəsini belə tökmək mümkün deyildi. Bu "xəbərdarlıq" üçün ev sahibləri əlavə ödəniş etmək məcburiyyətində qalırdılar. Buna görə də, əgər belə ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində "göz yumublarsa" niyə həmin ev sahiblərinə kompensasiya ödənilməməlidir? Bu baxımdan, beyin mərkəzi olaraq belə evlərin köçürülməsi baş verərsə kompensasiyanın ödənilməsi vacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarını daxili mənbələri hesabına həyata keçirilə bilər. Bununla da dövlət büdcəsinə ağırlıq yaratmadan qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin oluna bilər.
-Rəhbərlik etdiyininz təşkilat bununla bağlı hansaısa təkliflə çıxış edib?
-Qeyd edək ki, bizim təkliflərimiz "Əmlak Aministiyası"nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin və eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin.
- Ümumiyyətlə, qeydiyyatsız evlərin köçürülməsi zamanı kompensasiya məsələsi beynəlxalq təcrübədə sınaqdan çıxıbmı?
-Bizim konsepsiyasında inkişaf etməkdə olan ölkələrdə o cümlədən qonşu Türkiyə və Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça" ilə təmin olunması prosesi başlanmalıdır.
-Vüqar müəllim, neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyəyə düşüb. Hazırda brent markali neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır. Sizcə, bu prosesin neft ölkələrinə təsiri hansı səviyyədə ola bilər?
-Ötən həftə proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalmaların davam etməsi gözlənilən idi və yeni qiymət düşüşləri də istisna olunmur. Belə ki, ABŞ-ın sentyarb ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsinə yeni mərhələyə başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq indi qlobal arenda heç nə neft ölkələrinin xeyirinə dəyişmir. Neftin dünya bazar qiymətində kəskin enişlər olarsa ölkəmizə daxil olan valyutanın həcmi yenidən azaldacaq. Azərbaycan ixracatının 90 faizinin enerji məhsullarının olduğunu nəzərə alsaq "qara qizilin" qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti "qırmızı zonaya" daxil olmaq anlamına gəlir. Çin valyutası ilə yanaşı Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar.
Alim