Enerji təhlükəsizliyi ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən biri kimi

Milli energetika sistemimiz yeni inkişaf mərhələsində

Tarix boyu bəşəriyyətin inkişafında mühüm rol oynamış enerji amilinin müasir dünyamızda getdikcə artan əhəmiyyəti ölkələrin enerji təhlükəsizliyinin təminatı problemini XXI əsrin əsas qlobal çağırışlarından birinə çevirib. Bu məsələ enerji istehlakçısı olan ölkələrlə bərabər, istehsalçı ölkələrin də real müstəqilliyinin, dayanıqlı inkişafının başlıca şərti kimi çıxış edir. Ona görə enerji təhlükəsizliyi probleminin məzmunu bu gün təkcə enerji resurslarına çıxışla məhdudlaşmır, eyni zamanda, siyasi, iqtisadi, ekoloji və s. amillər də daxil olmaqla enerji təminatına çoxşaxəli yanaşmanı, bu sektorda səmərəli istifadə və idarəçiliyin təmin olunmasını əhatə edir. Hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi enerji təhlükəsizliyinin yeni trendlər nəzərə alınmaqla təminatı bu sektorda davamlı islahatların aparılması və sektorun qlobal çağırışlara uyğunlaşdırılması zərurətini aktuallaşdırır. Bu, enerjiyə tələbatını daxili resurslar hesabına təmin etmiş və təşəbbüskarı olduğu qlobal enerji layihələri ilə beynəlxalq aləmdə yüksək nüfuz qazanmış Azərbaycanın energetika sektoru üçün olduqca aktual strateji məsələlərdir.

Bu gün öz peşə bayramlarını -"20 Oktyabr Energetiklər Günü"nü qeyd edən energetiklərimiz müvafiq sahədə qarşıda duran vəzifələrin icrasına xidmət göstərməklə öz missiyalarını layiqincə yerinə yetirməyə çalışır, enerji ölkəsi kimi tanınmış Azərbaycanın tarixi ənənələri ilə müasir inkişafı arasında vəhdəti təmin edirlər.

Energetika naziri Pərviz Şahbazov qeyd edir ki, "20 Oktyabr Energetiklər Günü" ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Nazir bildirib ki, 37 il əvvəl, 20 oktyabr 1981-ci ildə "Azərbaycan" İES-in birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir səhifə açılıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə  həmin tarixin ölkəmizdə "Energetiklər Günü" kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir. Ölkəmizin bir əsrdən də artıq tarixi olan elektroenergetika sisteminin sürətli inkişaf dövrü məhz Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik illərinə təsadüf edir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan "Azərbaycan" (İES), 1971-ci ildə Araz SES inşa olunub, 1972-ci ildə "2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi"nin gücü 220 MVt-a çatdırılıb, 1976-1977-ci illərdə Sərsəng su anbarı və eyniadlı su elektrik stansiyası, 1982-ci ildə isə Şəmkir SES tikilərək istifadəyə verilib. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilərək, respublikanın dayanıqlı enerji sistemi yaradılıb, "Əli Bayramlı" İES - "Ağdam"-"Gəncə"-"Ağstafa", "Əli Bayramlı" İES - "Yaşma"-"Dərbənd", 5-ci Mingəçevir, 1-ci və 2-ci "Abşeron", "Muxranis"-"Vəli" və s. kimi elektrik verilişi xətləri, "Yaşma", "Gəncə", "Ağstafa", "İmişli", "Abşeron", "Hövsan", "Nizami", "Müşfiq", "Səngəçal", "Masallı", "Ağsu", "Babək" qovşaq yarımstansiyaları istismara buraxılıb".

Nazir qeyd edib ki, milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışı Ulu Öndərin müstəqil Azərbaycan dövləti rəhbərliyinə qayıdışından sonra da daim gündəmdə olub: "Bu dövrdə "Naxçıvan" İES, "Yenikənd" SES, qaz-turbin tipli "Şimal" İES və "Bakı" İstilik Elektrik Mərkəzi" istismara verilib, "Mingəçevir" SES yenidən qurulub, 330kV-luq Ağcabədi, 110kV-luq Bərdə yarımstansiyalarının və 330kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirilib. Bütün bunlar müasir dövrdə ölkəmizin elektoenergetika sisteminin inkişafı istiqamətində çox əhəmiyyətli tədbirlər idi.  Ümummilli lider Heydər Əliyevin milli-strateji inkişaf kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasət nəticəsində 2003-cü ildən başlayaraq ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, energetika sahəsində də yeni nailiyyətlər əldə edilib. Azərbaycanın elektrik enerjisi sistemi, enerji istehsalıinfrastrukturu yenidən qurulub, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətləri yenilənib, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilib.  Onu da qeyd etməliyik ki, 2005-ci ilə qədər əsas elektrik stansiyalarının köhnə olması səbəbindən onların faktiki istehsal gücü aşağı idi. Kifayət qədər elektrik enerjisi, qaz və istiliyin olmaması ölkədə regional tarazlığın pozulmasına, nəticədə bəzi ərazilərin gün ərzində yalnız bir neçə saat elektrik enerjisi alması, elektrik təchizatında tez-tez fasilələrin və sistemdə vaxtaşırı nasazlığın yaranması kimi problemlərə yol açırdı. Aşağı keyfiyyət və qeyri-müntəzəm elektrik enerjisi təchizatı isə sənaye, kənd təsərrüfatı və kommersiya fəaliyyətinə mane olur, iqtisadi artımı, məşğulluq imkanlarını əngəlləyirdi. Belə bir vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər" haqqında Sərəncamı ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektlərinin fasiləsiz və etibarlı enerjiyə çıxışı, enerji təhlükəsizliyinin təmin edilməsi, yeni enerji mənbələrinin yaradılması istiqamətində dönüş yaradan addımlar oldu. Dövlət proqramı ölkənin yanacaq enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər, bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizatını, habelə bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmış idarəetmə sisteminin tətbiqini özündə əks etdirən strateji sənəd, energetika sektorunda aydın inkişaf bələdçisi oldu. Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, Asiya İnkişaf Bankının dəstəyi əsasında 2006-cı ildə hazırlanmış  "Enerji Ötürülməsinin Yaxşılaşdırılması" layihəsi çərçivəsində elektrik enerjisi təchizatının keyfiyyətini yüksəltmək və itkiləri azaltmaq üçün elektrik şəbəkələrinin bərpası, alternativ və bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi və enerjiyə qənaətin artırılmasıilə bağlı görülən tədbirlər, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ötən dövr ərzində elektroenergetika sisteminin keyfiyyətcə yeni mərhələyə daxil olmasını təmin etdi".

Nazir Pərviz Şahbazov deyib ki, son 15 il ərzində ümumi gücü 856,8 MVt olan 7 modul tipli ES, 525 MVt gücündə qaz-turbin tipli "Sumqayıt" İES, 780 MVt-lıq qaz-turbin tipli "Cənub"ES və ümumi gücü 151,4 MVt olan 13 SES istismara verilib. 2015-ci ildə 20 MVt-lıq NaxçıvanGünəş Elektrik Stansiyası istifdəyə verilib. 2017-ci ildə isə onun gücü 22 MVt-a qədər artırılıb. Bundan başqa, yenidənqurma işləri nəticəsində Mingəçevir SES-in gücü 424,6 MVt-a, Varvara SES-in gücü isə17 MVt-a çatdırılıb: "Beləliklə, energetika sektorunda həyata keçirilən kompleks tədbirlər nəticəsində müstəqillik dövründə 3068,3 MVt gücündə 28 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 32-ə çatdırılıb. Bu stansiyaların energetika sistemində ümumi gücü 6294,7 MVt-dır. Bundan başqa,respublikda müstəqil elektrik stansiyaları da fəaliyyət göstərir ki, onların ümumi qoyuluş gücü 844,4 MVt-dır.  Beləliklə, ölkədə fəaliyyətdə olan elektrik stansiyalarının ümumi qoyuluş gücü hazırda 7139,1 MVt təşkil edir.

Cari ilin 9 ayı ərzində respublikada elektrik enerjisinin istehsalı 17 mlrd. kVtst olub, İstilik Elektrik Stansiyalarında 15,5 mlrd. kVtst, Su Elektrik Stansiyalarında 1,4 mlrd. kVtst, Naxçıvan Günəş Elektrik Stansiyasında 28,4 mln.kVtst elektrik enerjisi istehsal edilib. Bu müddətdə alternativ və bərpa olunan enerji mənbələri hesabına Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC tərəfindən 6,7 mln.  kVtst elektrik enerjisi istehsal olunub.

Ümumilikdə, cari ilin 9 ayında elektrik enerjisinin istehsalına 3milyard 701,5 milyon kubmetr təbii qaz sərf edilib. Mütərəqqi hal isə ondan ibarətdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1kilovat-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 18,6 qram azalıb, yəni 279,5 min ton şərti yanacağa qənaət edilib". Nazirin sözlərinə görə, ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi  də potensialını gücləndirib: "Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 mlrd. kVtst. elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 mln. kVtst-a qədər azalıb. İxrac isə, əksinə, 1,282 mlrd. kVtst-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 107,4 mln.kVtst idxala qarşı-750,6 mln.kVtst elektrik enerjisi ixrac edilib. Gürcüstana 587,9 mln.kVtst, İrana 72,6 mln.kVtst, Rusiyaya 76,6 mln.kVtst, Türkiyəyə isə 13,45 mln.kVtst elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 mln.kVtst, İrandan 24,4 mln.kVtst, Gürcüstandan isə 23,1 mln.kVtst olub.

Azərbaycanın enerji sistemi ilə  Rusiya (2),Gürcüstan (2), İran (5), və Türkiyənin(2)enerji sistemləri arasında yüksək gərginlikli xətt mövcuddur.2013-cü ildə 500 kV-luq "Samux-Qardabani" HEVX-nin istismara verilməsi nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü vasitəsilə Azərbaycandan Gürcüstana və Türkiyəyə, gələcəkdə isə Qara dəniz və Şərqi Avropa ölkələri istiqamətində elektrik enerjisinin ixracına texniki imkanlar yaranıb.Elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi tədbirlərinə uyğun olaraq cari ilin aprel ayında "Azərenerji" ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti TAVANİR arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb və təcrid olunmuş (ada rejimində) İranın Muğan və Astara bölgələri üçün  indiyə kimi 48,3 mln.kVtstelektrik enerjisinin ixracı həyata keçirilib. Hazırda Azərbaycan və İran energetika sistemləri arasında "Masallı" 230 kV-luq ikinci elektrik verilişi xətti tikilməkdədir. "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika  və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dənirəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

Enerji təhlükəsizliyi tam təmin edilmiş, digər ölkələrdən enerji asılılığı aradan qaldırılmış və artıq özü elektrik enerjisi ixrac edən ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır. Yeni hədəflərə nail olmaqdan ötrü ölkənin elektrik enerjisi sisteminin müasir standartlara uyğunlaşdırılmasını, elektroenergetika potensialından səmərəli istifadəni, elektrik enerjisi ilə təchizatın dayanıqlığını və ümumi sistemin fəaliyyətinə təhlükə yaradacaq risklərdən sığortlanmanı təmin edən kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31