Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək
6 Sentyabr 2018 16:30 İqtisadiyyatNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə sentyabrın 24-25-də Bakıda Elektron Ticarət Forumu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Bakı E-ticarət Forumu 2018" adlanan beynəlxalq tədbirdə 300-dən artıq yerli və xarici nümayəndənin iştirakı gözlənilir.
İlk dəfə Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətlərini həyata keçirən kiçik və orta sahibkarları, startapları, həmçinin, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə məşğul olan dövlət orqanlarını və beynəlxalq inkişaf agentliklərini bir araya gətirəcək forum Azərbaycanda elektron ticarətin inkişafına təkan vermək məqsədi daşıyır.
Forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunu oynayacaq. Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.