Azərbaycanda hər 5 nəfərdən 4-ü bu brauzerdən istifadə edir
15:25 Sosial"Google Chrome" Azərbaycanda populyarlığına görə liderliyini qoruyur.
"Trend agentliyinin Global Stats Statistika Mərkəzinin məlumatları əsasında apardığı hesablamalara görə, oktyabr ayında "Google Chrome" brauzerinin bazar payı 78,29 faiz təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 0,04 faiz bəndi azdır.
Qeyd olunur ki, hesabat dövründə "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 9,78 faiz təşkil edib. Bu göstərici 1,29 faiz bəndi artıb.
"Global Stats"ın məlumatlarına əsasən, siyahıda növbəti yeri "Firefox" internet brauzeri tutub. Mərkəzin məlumatına görə, bu brauzerin Azərbaycan bazarındakı payı 0,96 faiz bəndi azalaraq 4,51 faiz təşkil edib.
"Global Stats" Statistika Mərkəzinin məlumatına görə, hesabat dövründə "Samsung" internet brauzerinin bazar payı 0,3 faiz bəndi azalaraq 3,62 faizə, "Edge" brauzerinin payı isə 0,17 faiz bəndi azalaraq 1,92 faizə düşüb.
Qeyd olunur ki, hesabat dövründə "Opera" internet brauzerinin bazar payı 0,04 faiz bəndi artaraq 1,13 faiz təşkil edib. Trend agentliyinin hesablamalarına görə, bu ilin oktyabr ayında Yandex Browser brauzerinin bazar payı əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi artaraq 0,49 faizə çatıb.
Nəzərə çatdıraq ki, "Google Chrome"un saytında dərc olunan məlumata əsasən, oktyabrın 6-da Google şirkəti Android əməliyyat sistemi üçün Chrome 155 brauzerinin 155.0.8059.39 versiyasını təqdim edib. Yeniləmə mərhələli şəkildə Google Play vasitəsilə istifadəçilərə təqdim olunur. Google bildirir ki, yeniləmə sabitliyin və məhsuldarlığın artırılmasını nəzərdə tutur.
Həmçinin qeyd olunur ki, oktyabrın 6-da kompüterlər üçün "Chrome" brauzerinin stabil kanalında da aşağıdakı versiyalar təqdim edilib:
Windows və Mac: 155.0.8059.39/.40
Linux: 155.0.8059.39