Regionlarda yeni müəssisələrin yaradılması əhalinin rifah halının yüksəlməsinə xidmət edir
17 İyul 2018 15:46 İqtisadiyyatRegionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində bölgələrdə yeni istehsal və emal sahələri yaradılmaqdadır. Belə müəssisələrin yaradılması ölkə iqtisadiyyatının inkişafı ilə paralel olaraq sahibkarlığın nkişafına təkan verir ki, bu da öz növbəsində əhalinin məşğulluq probleminin həllində əhəmiyyətli rol oynayır. Son illərdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu gün, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq artıq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Belə aqroparklardan biri də Goranboy rayonundakı "Region Agropark"dır.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində müxtəlif bölgələrdə ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. "Region Agropark" da belə müəssisələrdən biridir. Ümumi dəyəri 30 milyon manat olan aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib. Belə ki, Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Aqropark tərəfindən "Bozdağ massivi" ərazisində yerləşən, yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün ərazidə yarğanlar doldurulub, yüksək keyfiyyətli hamarlama işləri aparılıb, sahələr kol-kosdan təmizlənib, torpağın biohumus qatının bərpası məqsədilə böyük həcmdə kompos verilib. Torpağın tərkibinin öyrənilməsi məqsədilə nümunələr götürülərək Türkiyənin beynəlxalq akkreditasiya olunmuş "Laben" laboratoriyasına göndərilib və analizlərin nəticələrinə uyğun əkin planı hazırlanıb. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür. Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik ikimərtəbəli tam infrastruktura malik müasir yataqxana və ikimərtəbəli ofis binası tikilib.
Məlumatda o da bildirilir ki, hazırda respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması işləri davam etdirilir. İndiyə qədər dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 110 milyon manatadək dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad və Goranboyda yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Qeyd edək ki, həyata keçirilən bu layihənin ikinci mərhələsi çərçivəsində ərazilərin hazırlanması məqsədilə mövcud iri yarğanlar torpaqla doldurulacaq, ərazi kol-kosdan təmizlənəcək, əkinə hazırlıq işləri aparılacaq, 2700 hektar sahədə Amerika istehsalı olan 31 müasir pivot suvarma sistemi qurulacaq və meyvə bağlarının sahəsi 200 hektara çatdırılacaq. Bundan başqa, aqroparkda gündəlik istehsal gücü 120 ton olan bitki yağları istehsalı fabriki, ümumi tutumu 2 min ton olan soyuducu anbar kompleksi, 10 hektar sahədə müasir istixana kompleksi yaradılacaq. Aqroparkda hazırda 100 nəfər daimi işlə təmin edilib. Burada bitkilərin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi məqsədilə ilkin olaraq 2000 hektar sahədə Amerika istehsalı olan və məsafədən idarəetmə mexanizminə malik 24 müasir suvarma sistemi qurulub. Uzun müddət əkin aparılmadığına görə ərazidə dərin və çarpaz reperlənmə işləri aparılıb, torpaq müxtəlif üzvi və qeyri-üzvi gübrələrlə zənginləşdirilib. Bərpa olunmuş torpaq sahəsində cari ildə 823 hektarda taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib. 80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb. Aqroparka məxsus torpaq sahələrinin Bozdağ ərazisində əmələ gələn sel sularından mühafizəsi məqsədilə 15,5 kilometr uzunluğunda seltutucu kanal inşa olunub. Xatırladaq ki, aqroparkda zəruri infrastrukturun yaradılması məqsədilə qoyulmuş 35 milyon manat dövlət əsaslı investisiya hesabına ərazini öz axını ilə suvarma suyu ilə təmin etmək üçün Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı üzərində baş suqəbuledici qurğu, nəqledici boru kəməri, sututumu 100 min kubmetr olan dəmir-beton üzlüklü hovuz, sututumu 300 min kubmetr olan torpaq əsaslı hovuz inşa olunub. Bundan əlavə, 35/10 kV-lıq yarımstansiya da inşa edilib, Lək yarımstansiyasından 14 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti, Qazıməmməd-Qazax magistral qaz kəmərinin "Ağasıbəyli" Qazpaylayıcı Stansiyasından 12 kilometrlik qaz xətti çəkilib və Fəxralı kəndindən əraziyə 9,4 kilometr uzunluğunda yeni asfalt yol salınıb. "Region Agropark"ın direktoru Sənan Qədimov bildirib ki, aqroparkın əhatə etdiyi Bozdağ massivində yerləşən bu torpaqlar uzun müddət istifadəsiz qalan yararsız torpaqlar idi. Burada heç zaman suvarma olmamışdır. Lakin dövlət başçısının birbaşa sərəncamı və göstərişi əsasında bu ərazini suvarma suyu ilə təmin etmək məqsədilə su xətləri çəkilmiş, iri tutuma malik su anbarları inşa edilmişdir. Bundan başqa, dövlətimizin investisiya dəstəyi ilə mühüm işlər icra olunmuş, yol, qaz, işıq xətləri çəkilmişdir. Aqroparkların yaradılması ideyası birbaşa Sizin təşəbbüsünüzlə, göstərişinizlə yerinə yetirilmişdir. Biz də 2 min hektar sahədə 24 ədəd müasir pivot suvarma sistemi quraşdırmışıq. İkinci mərhələdə isə 2700 hektar sahədə 31 pivot suvarma sisteminin quraşdırılması üçün layihə hazırlamışıq. Bundan əlavə, aqroparkın əməkdaşları, kənar mütəxəssislər və qonaqlarımız üçün 72 yerlik, tam infrastrukturla təmin edilmiş yataqxana tipli yaşayış kompleksi də yaradılmışdır.
Regionların sosial-iqtisadi inkişf proqramları çərçivəsində Quba rayonunda da çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır. Bu məqsədlə Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan meyvə-tərəvəz və süd emalı, quru meyvə, tara, pivot suvarma sistemləri, xalça və yun iplik istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin hazırlanması reallaşdırılıb. Belə ki, rayonda kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi nəzərdə tutulur. Sahibkarlığa Kömək Milli Fondundan verilən məlumata görə, cari il ərzində 622 sahibkarın ümumi dəyəri 468 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 100,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 7000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 2600-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 196,8 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, tara, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq və s. sahələrin inkişafına, logistik mərkəzin yaradılmasına yönəldiləcək. Güzəştli kreditlərdən istifadə etməklə bu layihələrin reallaşdırılması hesabına 120-dən çox yeni iş yeri yaradılacaq. Hazırda isə Qubada güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatı yaradılıb. Onu da qeyd edək ki, son illər 27 bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının yaradılmasına 55 milyon manat güzəştli kredit verilib. Sadalanan faktlar deməyə əsas verir ki, ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrin inkişafı ilə yanaşı, əhalinin rifah halının yülsəkməsində də əvəzsiz rol oynayır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir