Köhnə qitənin yeni kəməri

Cənub Qaz Dəhlizi Azərbaycanın mavi qazını Avropa bazarına çatdıracaq Nəhayət uzun müddətdən bəri gözlənilən “Cənub Qaz Dəhlizinin” rəsmi açılış mərasimi baş tutdu. Açılış mərasimində ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və “BP Group Upstream”in baş icraçısı Bernard Luney iştirak ediblər. Həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının

Cənub Qaz Dəhlizi Azərbaycanın mavi qazını Avropa bazarına çatdıracaq

Nəhayət  uzun müddətdən bəri gözlənilən "Cənub Qaz Dəhlizinin" rəsmi açılış mərasimi  baş tutdu. Açılış mərasimində ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson,   Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və "BP Group Upstream"in baş icraçısı Bernard Luney iştirak ediblər. Həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın mərasim iştirakçılarına müraciətləri oxunub. Məllumat üçün qeyd edək ki, Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz "Cənub Qaz Dəhlizi" çərçivəsində 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Artıq bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru kəmərləri zəncirinin inşa edilməsi başa çatıb. Belə ki, mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndirilib. Beləliklə, Trans Anadolu Boru Kəməri (TANAP) Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək. Trans Adriatik Boru Kəməri (TAP) qazı isə  Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Bu layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. Bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və bu, çox sayda müxtəlif maraqlı tərəfləri - o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Ekspertlərin qənaətinə görə, Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Ölkə başçısının sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: "Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və "Cənub Qaz Dəhlizi" layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynayıb.Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir".

Mütəxəssislərin qənaətinə görə, "Cənub Qaz Dəhlizi" Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) "Şahdəniz" yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycan artıq öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara biləcək. Dəhlizin reallaşmasından qazanan tərəflər həmçinin qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da "ev sahibliyi" edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldilib. İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin "Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq. Qeyd edək ki, bu gün "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.  Dəhliz Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31