“Neft erasından qaz erasına…” - İlham Şaban
29 May 2018 15:03 İqtisadiyyatSəngəçal terminalında Cənub Qaz Dəhlizinin ilkin hissəsinin açılışını etdilər. İyunun 12-də isə Türkiyədə TANAP-ın açılışı olacaq. Bununla da böyük həcmdə Azərbaycan qazı Türkiyə bazarına nəql ediləcək. Təxminən bir il yarımdan sonra Azərbaycan qazı Avropa bazarına çıxarılacaq. Beləliklə, Azərbaycan neft erasından qaz erasına keçid edəcək.
"Neft" Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban belə fikirləşir.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Cənub Qaz Dəhlizi istismara verildi. Bu layihə Azərbaycana nə vəd edir?
- Bu xətt Azərbaycana imkan yaradır ki, özünün böyük qaz ehtiyatlarını dünya bazarlarına çıxarsın. İndiyədək Azərbaycanın ancaq məhdud həcmdə qazı dünya və Avropa bazarlarına çıxarmaq imkanı var idi. 2007-ci ildə bazarlara "Şahdəniz 1" layihəsi üzrə cəmi 6-6.5 milyard kubmetr qaz çıxara bilirdik. Bu qaz da əsasən, Gürcüstan və Türkiyə bazarlarına yönəlirdi. Başqa sözlə, Azərbaycanın bazarları şaxələndirmək üçün lazım olan infrastrukturu yox idi. Belə bir infrastrukturun qurulması üçün təxminən 10 il gecə-gündüz gərgin danışıqlar aparıldı, yorulmadan çalışıldı. Nəhayət, 2012-ci ildə Avropa Azərbaycanla razılaşdı və TAP-ı seçdi. Bundan əvvəl də TANAP-la bağlı razılaşma əldə edilmişdi.
Beləliklə də, Səngəçal terminalında Cənub Qaz Dəhlizinin ilkin hissəsinin açılışını etdilər. İyunun 12-də isə Türkiyədə TANAP-ın açılışı olacaq. Bununla da böyük həcmdə Azərbaycan qazı Türkiyə bazarına nəql ediləcək. Təxminən bir il yarımdan sonra Azərbaycan qazı Avropa bazarına çıxarılacaq. Bununla da Azərbaycan neft erasından qaz erasına keçid edəcək.
- Avropa bazarlarında rəqabət mühitinin gücləndirilməsində Cənub Qaz Dəhlizinin rolu hansı səviyyədə olacaq?
- Avropa 2005-ci ildə özünün enerji təhlükəsizliyi ilə bağlı strategiyasını qəbul edəndə, əsas məqsədi bundan ibarət idi ki, çoxşaxəli layihələrlə qaz təminatını həyata keçirsin. Bu strategiyaya uyğun olaraq, qərar qəbul edildi ki, qanunlar sərtləşdirilsin və Avropa bazarlarında rəqabət mühiti genişləndirilsin, istehlakçıların - qaz istifadəçilərinin problemləri aradan qaldırılsın. Avropa bunun bəhrəsini görür. Artıq Rusiya, yaxud, bu bazarlardakı digər satıcılar qiymətlərlə, ya da digər məsələlərlə bağlı Avropaya diktə etmək gücündə deyil.
- Bəs, Rusiyanın bu xəttə qarşı həmlələri ola bilərmi, əgər belə bir həmlə olacaqsa, hansı istiqamətdən edilə bilər?
- İstər siyasi, istər hüquqi, istərsə də mənəvi baxımdan, Rusiyanın Cənub Qaz Dəhlizinə həmlə edəcəyi mümkün deyil. Çünki bu layihə bir şirkətə, yaxud, bir dövlətə məxsus deyil. Bu layihədə çoxlu sayda şirkətlər və dövlətlər iştirak edir, bununla bağlı da çoxlu sayda anlaşmalar imzalanıb. Müxtəlif dövlətlər və şirkətlər bu xətt vasitəsilə qaz alacaqlar. Əgər həmlə etmək niyyətində olsa, o zaman, Rusiya bu dövlətlərin və şirkətlərin hamısı ilə üz-üzə gəlməlidir. Buna görə də Rusiyanın Cənub Qaz Dəhlizinə həmlə etmək imkanları yoxdur.
Bu layihədə müxtəlif dövlətlərin və şirkətlərin iştirak etməsi Azərbaycanın maraqlarına uyğun idi. Bir şirkətlə işləmək və bunu həyata keçirmək riskli idi. Şaxələndirilmiş və səhmdar şirkətlərin burada iştirakı isə bu riski aradan qaldırdı. Bu, istehlakçıların hüquqlarının qorunmasıyla yanaşı, bazarlara keyfiyyətli qazın çıxarılmasını da təmin edir.
- Bir müddət əvvələdək İtaliyada TAP-a qarşı etirazlar başlamışdı. Sizcə, bu, layihəyə qarşı başladılmış kampaniya idimi?
- Bunun kampaniya olduğunu düşünmürəm. Bunlar sadəcə, İtaliya vətəndaşları tərəfindən edilən etirazlar idi və bunun layihəyə təsir etmək baxımından ciddi əhəmiyyəti yoxdur. Buna görə də belə etirazların işin gedişatına təsir edəcəyini də düşünmürəm.
İtaliyadakı bu etirazlar siyasi-iqtisadi məsələlərə aid idi. Ümumiyyətlə, insanlar hər şeydən yararlanmaq istəyirlər. Bu da normaldır. Məsələn, bir şirkət vətəndaşa yaxınlaşıb öz layihəsini həyata keçirmək üçün onunla pul müqabilində razılaşır və onu evindən çıxarır.
Bu məsələ ilə bağlı İtaliyanın Azərbaycandakı enerji komissarına (vitse-prezidentinə) sual verdim ki, etirazlara necə baxırsınız, məsələni administrativ resurslardan istifadə edib həll etmək istəmirsiniz? O, mənə cavab verdi ki, hər insanın öz haqqını tələb etmək üçün etiraz etmək haqqı var. Buna görə də belə məsələlərin üzərinə sərt formada getmək lazım deyil. Həmin məsələləri hüquqi müstəvidə həll etmək daha məqsədəuyğundur. İtaliyadakı məsələ də məhkəmədə hüquqi müstəvidə öz həllini tapdı.
Müqavilədə göstərilir ki, əgər istehlakçı tərəf (Azərbaycan) qazı vaxtında istehlakçıya çatdırırsa və istehlakçı almırsa, buna görə istehlakçı bu qazın pulunu ödəyir. Belə bir məsələ "Şahdəniz 1" layihəsi zamanı ortaya çıxmışdı. Türkiyə tərəfi Azərbaycana buna görə 2 milyard dollar təzminat ödəmişdi. Anlaşmaya görə, Azərbaycan Türkiyəyə 6.2 milyard kubmetr qaz satmalıydı, amma Türkiyə cəmi 4.5-5 milyard kubmetr qaz aldı. Buna görə də belə məsələlər anlaşma, yaxud, razılaşdırılmış parametrlər üzrə öz həllini tapır.