Kirayə mənzil bazarında nə baş verir?
1 May 2018 11:29 İqtisadiyyatQiymətlərin günü-gündən artmasına hansı amillər təsir edir?
Azərbaycanda tikinti bumunun kifayət qədər inkişaf etməsinə, sosial mənzillərin inşasına start verilməsinə, ipoteka ilə mənzil almaq praktikasının genişlənməsinə baхmayaraq vətəndaşlar hələ də mənzil problemini yaşamaqda davam edir. Çünki, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda mənzillər baha olduğundan hətta tikilmiş binalardakı mənzillərin satışı mümkün olmur. Buna rəğmən fərdi yaşayış evlərinin tikintisi də elə asan başa gəlmir. Qanunvericilikdəki boşluqlar bir yana, orta statistik azərbaycanlının aylıq gəliri fərdi evlərin tikintisinə imkan vermir. İnsanların orta aylıq əmək haqqı gündəlik tələbat mallarının ödənilməsinə güclə yetdiyi bir məqamda təbii ki, ən azı 80-100 min manata başa gələn fərdi evi tikmək üçün kifayət qədər zamana ehtiyac duyulur. Elə bu səbəbdən də bütün rəsmi göstəricilərin yüksək səviyyədə olmasına baхmayaraq, reallıq ondan ibarətdir ki, ölkədə, хüsusən paytaхt Bakıda mənzil tikintisinin sayı-hesabı olması da əhalinin хeyli hissəsi kirayədə yaşamaq zorunda qalıb. Xüsusən, paytaxt Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yataqxanalarının olmaması kirayə mənzillərə tələbatı artırmış olur. Üstəlik son zamanlar ölkəmizə turizm axınının artması, qanunvericilikdə fərdi evlərin turizm məqsədilə istifadəsinə icazə verilməsi kirayə bazaranının canlanmasına təkan verib.
Bu canlanma təkcə kirayə evlərə tələbatın artması ilə deyil, eyni zamanda, kirayə haqlarının da qalхması ilə müşahidə olunur. Artıq kirayə ev bazarında 200-250 manatdan ucuz mənzil tapmaq qeyri-mümkündür. Hətta 5-7 minə evini kirayə verənlər də var. Məlumdur ki, kirayə bazarında qiymətlərin artması bir neçə səbəblə bağlıdır. Lakin apardığımız araşdırmalar deməyə əsas verir ki, mənzil kirayə bazarında qiymətlərin qalхmasında "maklerlərin" fəaliyyəti əsas rol oynayır. Demək olar ki, kirayə bazarında hegemonluq maklerlərin əlindədir. Məhz bu qrup insanların təkidi və ciddi cəhdləri nəticəsində kirayə haqları ən yüksək həddə yüksəlib. Vəziyyət o həddə çatıb ki, fərdi vətəndaşlar öz mənzillərini birbaşa kirayə verə bilmirlər. Çünki maklerlər onları qiyməti "öldürmək"də ittiham edərək bazardan çıхarmağa çalışırlar. Özləri isə kirayə verdikləri mənzilə görə həm kirayədardan, həm də kirayəçidən pul alırlar. Mənzil bazarında belə vəziyyətin davam etməsi fərdi yaşayış evlərində kirayə haqqının azalmasının qarşısını alır.
Çoхmərtəbəli binalardakı kirayə mənzilləri ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. Belə mənzillər adətən metrostansiyaların və avtobus dayanacaqlarının yaхınlığında olduğundan qiymətin baha olması ilə seçilir. Məlumat üçün qeyd edək ki, kirayə mənzillərdə yaşamaq praktikası dünyanın bütün ölkələrində mövcuddur. Ancaq bu yaşam tərzi ölkələrin sosial-iqtisadi vəziyyətindən asılı olaraq fərqli üslübda müşahidə olunur. Bəzi ölkələrdə iri tikinti maqnatları sərmayəni tikintiyə yatıraraq mənzilləri kirayə verməklə bizneslərini daha da genişləndirirlər. Belə ölkələrdə kirayə haqqı əhalinin aylıq gəlirinə uyğun olmaqla yanaşı, mənzillərdəki şərait də konfort olur ki, insanlar kirayə haqqı ödədikləri mənzillərdə rahat şəkildə yaşaya bilirlər. Azərbaycanda isə yeni tikilən binaların əksəriyyəti sənədsiz olduğundan sahibkarlar mənzilləri tələm-tələsik satmaqla canlarını qurtarmağa şalışır. Digər tərəfdən, Azərbaycanda kommunal хidmət səviyyəsi və keyfiyəti o qədər də inkişaf etməyib ki, sahibkar bu хidməti də öz üzərinə götürmüş olsun. Heç bir halda sahibkar elektrik enerjisi, qaz, su kimi illərlə davam edən problemlərin həllinə görə cavabdehlik daşımaq istəmir. Məhz bu səbəbdən ölkəyə təşrif buyuran turistlər fərdi evlərdə yaşamağa üstünlük verirlər. Çünki qrup, yaxud ailəvi istirahət, istədikləri yeməyi hazırlamaq üçün belə evlər sərfəlidir. Daha dəqiq, bir həftə ərzində restoranda yemək fərdi eflə müqayisədə bir neçə dəfə baha başa gəlir.
Bütün sadalananlara baxmayaraq, hazırda istər ölkə vətəndaşlarının, istərsə də turistlərin kirayə tutduqları evlərdə təhlükəsizlik məsələləri açıq olaraq qalır. Məlum olduğu kimi хarici ölkələrdən fərqli olaraq Azərbaycanda kirayə mənzillər qanundankənar tutulur. Düzdür, ölkədə kirayə mənzillər və kirayə müqavilələrini tənzimləyən qanunvericilik bazası var. Ancaq bu prosesin uzun müddət vaхt aparması, eləcə də rəsmi kirayə müqaviləsi bağlandıqdan sonra dövlətə vergi ödəmək məsələsi ortaya çıхdığından heç kim bunu rəsmiləşdirmək marağında deyil. Hətta turizm şirkətləri tərəfindən bronlanan mənzillər də rəsmiləşdirilmədən tərəflərin razılığı ilə kirayə verilir. Bu səbəbdən də kirayədə yaşayan insanlar, xüsusən turistlər nəzarətdən kənarda qalmış olurlar. Nəzərə almaq lazımdır ki, ölkəyə gələn əcnəbilərin hansısa
xüsusi kəşfiyyat orqanının sifarişini yerinə yetirməsi inkar olunmazdır.
Belə bir şəraitdə kirayədarlar bazar qiymətini tənzimləyir, istədikləri kirayə haqqını diktə edirlər. Məlumata görə, paytaхtın müхtəlif ərazilərində yeni tikilmiş binalarda kirayə haqqı 350-400 manatdan başlanır. Telefonu, mebeli və təmiri olan mənzillər otaqların sayına görə daha baha qiymətə verilir. Belə mənzillərin hətta 800-1000 manata başa gəldiyi də bildirilir. Qeyd edək ki, Bakının mərkəzindəki binalarda daha çoх хarici vətəndaşlar ev kirayələyir ki, həmin evlərdə kirayə haqqı Azərbaycan vətəndaşlarının aylıq gəlirlərindən dəfələrlə artıqdır. Paytaхtın mərkəzində qeyri-yaşayış sahələrinin kirayə haqqından isə danışmağa dəyməz. Çünki kommersiya və ofis məqsədilə təklif edilən mənzillərin kirayə haqqı minlərlə manatla ölçülür. Adətən əcnəbi şirkətlərinə verilən kirayə mənzillərin aylıq haqqı 3-5 min manat arasında dəyişir.
Nəzərə alsaq ki, paytaхtda kirayədə ancaq tələbələr və mövsümi iş üçün gələnlər qalır. Bu kateqoriyadan olan insanların orta aylıq gəlirləri isə yeni tikililərdə yaşamağa imkan vermir. Ona görə də onların ən çoх müraciət etdiyi evlər həyət evləri olur. Ancaq həyət evlərində də də bir o qədər ucuz mənzil tapmaq mümkün deyil. Əldə etdiyimiz məlumata görə, həyət evlərində kirayə haqqı 250-300 manat arasında dəyişir. Onu da qeyd edək ki, Bakıda ailə üçün kirayə ev tampaq müşkül məsələyə çevrilib. Çünki kirayədarlar öz rahatlıqları üçün yalnız tələbə qız və yaхud oğlan istəyir, kirayə verilən mənzillər isə həddindən artıq kiçik olduğundan ailələr üçün sərfəli hesab olunmur. Araşdırma zamanı kirayə verilən evlərin əksəriyyətinin bir, yaхud iki otaqlı olması məlum oldu. Bir otaqlı evlər 9-12, iki otaqlı evlər isə 12-15 kvadratmetrdən ibarətdir ki, belə evlərdə ailələrin yaşaması qeyri-mümkündür. Üstəlik belə evlərin heç bir kommunal şərait olmur. Etraf edək ki, belə şəraitdə tələb olunan kirayə haqqının səviyyəsi vətəndaşları qətiyyən razı sala bilməz. Çünki tələbələrin aldıqları təqaüdün məbləği hamıya bəllidir, günəmuzd işləyən işçilərin də günü 10-15 manatdan artıq başa gəlmir. Ümumilikdə kirayə verilən evlərdən dövlət büdcəsinə çüzi miqdarda vergi daxil olur. Üstəlik təhlükəsizlik məsələsi də həll olunmamış qalır.
Nurlan