Pensiyaların yenidən hesablanması hansı qaydada həyata keçiriləcək?
Azərbaycanda həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət müsbət nəticəsini verməkdədir. Ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağı proqnozlaşdırlır. Təsadüfi deyil ki, bir müddət öncə prezident İlham Əliyev iki illik iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etmişdi.
5 Dekabr 2017 13:10 İqtisadiyyatVüqar Bayramov: "Gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq"
Azərbaycanda həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət müsbət nəticəsini verməkdədir. Ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağı proqnozlaşdırlır. Təsadüfi deyil ki, bir müddət öncə prezident İlham Əliyev iki illik iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etmişdi. Gələn ilin dövlət büdcəsində əksini tapmış rəqəmlər bunun sadəcə olaraq proqnoz deyil, mövcud iqtisadi sıçrayış olduğunu deməyə əsas verir. Belə ki, Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsi artıq parlament tərəfindən təsdiqini tapıb. Sənəddə büdcənin xərclər və gəlirlər hissəsinin 4 milyard manatdan çox artımı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, sərt qənaət tədbirlərinin ardınca gələn il dövlət investisiya xərcləri yenidən ciddi ölçüdə artacaq, nəticədə iqtisadiyyatda canlanma yaranacaq. Digər tərəfdən neftin hazırkı qiymətləri də gələn il üçün iqtisadi inkişaf perspektivləri barədə optimist qənaətə əsas verir. Xeyli müddətdir ki, neftin bareli 50 dollardan yuxarı satılır, proqnozlara görə bazarda sabitlik davam edəcək, kəskin ucuzlaşma baş verməyəcək. Bu səbəbdən Maliyyə Nazirliyi gələn ilin büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsini nəzərdə tutub. Neftin büdcə qiymətinin 5 dollar baha götürülməsi gəlirlərdə artımını təminatçısı kimi çıxış edir. Digər tərəfdən, manatın kursu əsasən sabitdir, tədiyyə balansı müsbətdir, ölkənin valyuta ehtiyatlarında artım var və beləliklə də ortamüddətli perspektivlər üçün Azərbaycanın makroiqtisadi göstəricilərinin sabitliyi təmin edilmiş sayıla bilər.
Bu arada ölkədə həyata keçirilən sosial-iqtiosadi siyasət fonunda 2018-ci ildə də ölkə əhalisinin həssas social qruplarının social müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur. Gələn ilin dövlət büdcəsində pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı social yardımların, həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqqıların artırılması üçün nəzərdə tutulan vəsitin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Məlumata görə, gələn ilin yanvarında Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq əmək haqqının artım sürəti barədə məlumat alınacaq və pensiyaların bütöv məbləği buna uyğun indeksləşdiriləcək. 2018-ci ilin dövlət büdcəsində sosial müdafiəyə ayrılan vəsait təqribən 3,6 milyard manat həcmindədir. Bu vəsaitin bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun öz büdcəsi hesabına maliyyələşdiriləcək. İşsizlikdən müdafiə fondunun büdcəsi isə gələn il üçün 90 milyon manat nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsindən sosial müdafiəyə ayrılan vəsaitlər həm Dövlət Sosial Müdafiə Fonduna, həm əhalinin əmək və sosial müdafiəsinə müxtəlif yardım və ünvanlı müavinətlər şəklində nəzərdə tutulan məbləğlərdən, həm də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinə ayrılan vəsaitlərdən ibarətdir. Bu, gələn il üçün bütün tədbirlərin həyata keçirilməsi üçün kifayət edəcək. Maraqlıdır, bəs, gələn il pensiyaların indekslşdirilməsi hansı qaydada həyata keçirləcək? Bütövlükdə, pensiyaların yeni indeksasiya mexanizmi necədir? Gələn ay pensiya məbləği neçə faiz artacaq?
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb. Yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə" deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq: "Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən isə məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək. Pensiya məbləğində artımlara gəldikdə isə, bu ilin 9 ayında orta aylıq əmək haqqı 7.2 faiz artıb. Doğrudur, 2017-ci ildə orta aylıq əmək haqqı məbləğində 6.2 faiz artım proqnozlaşdırılır. Bununla belə, növbəti aylarda faktiki göstərici ciddi dəyişməzsə o zaman gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq. Orta pensiya məbləğinin 208 manat olduğunu nəzərə alsaq bu halda orta pensiya 15 manata yaxın artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək yanvar ayında alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Gələn ay indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq 2018-ci ildə pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır".
Zəka