Bilik Fondu ilə Gürcüstanın Bilik Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanıb
Bilik Fondu ölkə əhalisinin maarifləndirilməsi istiqamətində layihələr, tədbirlər həyata keçirir. Bir çox xarici ölkələrin Azərbaycandakı səfirlikləri, Türkiyə, Ukrayna, Rusiya və Bolqarıstanın elm, təhsil və mədəniyyət ocaqları ilə əməkdaşlığa dair müqavilələr imzalanır. Olaylar bildirir ki, əməkdaşlığa dair növbəti saziş Gürcüstanın İlya Çavçavadze adına Bilik (“Tsodna”) Cəmiyyətinin təşəbbüsü ilə Bilik Fondu və Gürcüstanın Bilik Cəmiyyəti arasında imzalanıb.
30 Oktyabr 2017 16:35 İqtisadiyyatBilik Fondu ölkə əhalisinin maarifləndirilməsi istiqamətində layihələr, tədbirlər həyata keçirir. Bir çox xarici ölkələrin Azərbaycandakı səfirlikləri, Türkiyə, Ukrayna, Rusiya və Bolqarıstanın elm, təhsil və mədəniyyət ocaqları ilə əməkdaşlığa dair müqavilələr imzalanır.
Olaylar bildirir ki, əməkdaşlığa dair növbəti saziş Gürcüstanın İlya Çavçavadze adına Bilik ("Tsodna") Cəmiyyətinin təşəbbüsü ilə Bilik Fondu və Gürcüstanın Bilik Cəmiyyəti arasında imzalanıb.
Əməkdaşlıq sazişində hər iki ölkə əhalisinin müxtəlif sosial təbəqələri arasında maarifçilik fəaliyyətinin həyata keçirilməsi, hər iki xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı biliklərin zənginləşdirilməsi nəzərdə tutulub.
Tədbiri giriş sözü ilə açan Bilik Cəmiyyətinin sədri, görkəmli gürcü şairi və yazıçısı, publisist və ictimai xadim, professor Nuqzar Tsereteli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Bildirilib ki, Gürcüstanın "Bilik Cəmiyyəti" Beynəlxalq Elmi-Mədəni-Maarifçilik İttifaqının əsası hələ XIX əsrdə görkəmli yazıçı İlya Çavçavadze tərəfindən qoyulub.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarını 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış və bir sıra beynəlxalq layihələrə imza atmış Bilik Fondunun məqsəd və vəzifələri, həyata keçirdiyi maarifləndirici tədbirlər, bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin iş prinsipi barədə məlumatlandırıb.
Tədbirdə iştirak edən İ.Çavçavadze adına Bilik Cəmiyyəti İdarə Heyətinin üzvləri - Tbilisi Dövlət Universitetinin professorları David Qotseridze, Nano Tsereteli, Georgi Şalamberidze və digər ziyalılar əməkdaşlıq sazişinin icrası istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Bilik Fondunun hədiyyələri - Şota Rustavelinin Azərbaycan dilində nəşr edilmiş "Pələng dərisi geymiş pəhləvan" əsəri və ingilis dilində işıq üzü görmüş "Qarabağ" kitabı, Fondun nəşrləri və bukletləri Bilik Cəmiyyətinə təqdim edilib.
Bilik Fondunun icraçı direktoru O.Səmədov Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub, muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Leyla Əliyeva və həmkarları ilə, eləcə də muzeyin tədbirlərində fəal iştirak edən Tbilisi Dövlət Universitetinin professorları - ədəbiyyatşünas Tamara Şarabidze və Azərbaycan-Gürcüstan Dostluq Assosiasiyasının təmsilçisi, tibb elmləri üzrə fəlsəfə doktoru Rusudan Kvançaxidze ilə görüşüb.