Vətəndaşlar niyə banklardan şikayət edirlər?

Azərbaycanda ardıcıl həyata keçirilən iqtisadi islahatlar bir sıra sahələrdə ciddi naliyyətlərin əldə edilməsilə nəticələnib. Xüsusilə qeyd edilməlidir ki, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektoru son illər ərzində bir sıra mühüm nailiyyətlərlə müşahidə olunmaqdadır.

Aidiyyatı qurumlar dolayı təsirdən danışırlar

Azərbaycanda ardıcıl həyata keçirilən iqtisadi islahatlar bir sıra sahələrdə ciddi naliyyətlərin əldə edilməsilə nəticələnib. Xüsusilə qeyd edilməlidir ki, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektoru son illər ərzində bir sıra mühüm nailiyyətlərlə müşahidə olunmaqdadır. Həmçinin görülən iqtisadi tədbirlər nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib, iqtisadi inkişafın davamlılığı təmin olunub. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan dünyanın 150-dən artıq ölkəsilə ticarət əməliyyatı aparır. Məhz bu səbədən dünya bazarında baş verən iqtisadi dəyişikliklər ölkəmizə təsirsiz ötüşə bilməz. Xüsusən, neft gəlirlərinin kəskin azalması və mürəkkəb xarici iqtisadi mühitin ölkənin makroiqtisadi və maliyyə sabitliyinə təsiri qaçılmazdır. Odur ki, dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədi ilə qabaqlayıcı addımların atılması zərurudur. Məhz bu amilləri nəzərə alan Prezident İlham Əliyev bir müddət öncə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb. Yeni maliyyə qurumu fəaliyyətə başlayanda mütəxəssislər hesab edirdilər ki, belə bir Şuranın yaradılması makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanılması cari, orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirmək iqtidarında olacaq. Makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılan Maliyyə Sabitliyi Şurasının əhəmiyyəti xüsusilə vuröulanırdı. Lakin buna baxmayaraq hazırda əhalinin banklardan olan şikayətləri artmaqda davam edir. Ekspertlər banklarla bağlı yaranan vəziyyəti iqtisadi inkişaf üçün ciddi əngəl hesab edirlər. Elə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda banklardan olan şikayətlərin sayı artıb. Əlavə edib ki, bu il Azərbaycanda 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. K.Əliyev bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur: "Bank sahəsi ilə bağlı şikayətlər artıb. Mənzil-tikinti sahəsində, bank, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur". Millət vəkili Vahid Əhmədov bildirib ki, bu gün Azərbaycanda insanların banklara borcu 2 milyard manatdır. Bu, həddən artıq böyük və narahatedici rəqəmdir. Ötən il bu rəqəm 1,6 milyard manat olub". O, qeyd edib ki, əhalinin kredit borcunun yüksək olması maliyyə bazarına neqativ təsir edən amillərdən biridir: "Bu gün banklar 28-30 faizlə kreditlər verir. Problemli kreditlərin həcmi azalmaqdansa, daha da artır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra düşünürdük ki, banklarla ciddi məşğul olacaq. Amma təəssüf ki, bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatın sabitliyini qoruyur. Bu, müsbət haldır. Amma bank sistemində sağlamlaşdırılması istiqamətində lazımi addımlar atılmır. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Mən bunu dəfələrlə demişəm və bir daha təklif edirəm ki, yığışaq və banklarla söhbət edək. Soruşaq ki, nəyə görə kredit faizləri bu qədər yüksəkdir? Banklarda vaxtı keçmiş kreditlərin həcmi getdikcə artır və bu borcları silmək çətinləşir. Bunu da soruşaq ki, problemli kreditlərin öhdəsindən necə gələcəklər? Anlamalıyıq ki, bu, Azərbaycan iqtisadiyyatına neqativ təsir edən amillərdəndir. Təklif edirəm ki, bank rəhbərlərini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına çağıraq. Onlar da bizə məlumat versinlər ki, bu proses hara gedir, sonu necə olacaq". Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib ki, Azərbaycanda tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub. Çünki bu gün valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təkıif amilləri əsasında formalaşır: "Mərkəzi Bankın artıq makroiqtisadi göstəricilərə təsiri özünün pul siyasəti və məzənnə siyasəti vasitəsilə təsiri Maliyyə Sabitliyi Şurası çərçivəsində, koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsində bu təsir yalnız pul siyasəti ilə həyata keçirilir. Yəni bizim artıq məzənnəyə təsirimiz bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsir etməkdir. Yəni pul kütləsi və pul təklifinə təsir etmək mexanizmi ilə biz tam üzən məzənnə rejiminin daha effektiv fəaliyyət göstərməsi üçün iqtisadi sabitliyi təmin etmək üçün bir effektiv instrument kimi istifadə edə bilirik. Yeni tədbirlərdən biri də alternativ lövbərin yaradılmasıdır. Yəni iqtisadi sabitliyin təmin olunması üçün əsas nəzarət etdiyimiz göstərici əvvəlki illərdən fərqli olaraq pul kütləsinin tam nəzarətə alınmasıdır. Əgər pul kütləsi tam nəzarət altına alınmışsa, Mərkəzi Bankın və Maliyyə Sabitliyi Şurası çərçivəsində razılaşdırılmış göstərici ətrafındadırsa, bu təbii ki, məzənnənin sabitliyini və digər makroiqtisadi göstəricilərin və bütövlükdə iqtisadiyyatın artımını təmin edir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31