İqtisadi islahatların qarşısında dayanan ən böyük maneə
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda əksər ölkələr kimi Azərbaycanda da maliyyə sektorunda xoşagəlməz proseslərin baş verməsi ölkənin daha çox bank sektoruna özünün mənfi təsirlərini göstərdi. Bir-birinin ardınca baş verən devalvasiya, banklarla müştəriləri arasında meydana çıxan problemlər bu sektordakı bir neçə bankın müflis olmasına, bağlanmasına gətirib çıxardı.
5 Oktyabr 2017 14:21 İqtisadiyyatBank sistemindəki acınacaqlı vəziyyətdir
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda əksər ölkələr kimi Azərbaycanda da maliyyə sektorunda xoşagəlməz proseslərin baş verməsi ölkənin daha çox bank sektoruna özünün mənfi təsirlərini göstərdi. Bir-birinin ardınca baş verən devalvasiya, banklarla müştəriləri arasında meydana çıxan problemlər bu sektordakı bir neçə bankın müflis olmasına, bağlanmasına gətirib çıxardı. Düzdür, bankların belə bir vəziyyətlə üzləşməsində neft amili və bunun nəticəsi olaraq Birləşmiş Ştatlar dollarının milli valyutaya nisbətən nəzərə çarpacaq dərəcədə dəyər qazanması əsas səbəb rolunu oynayırdısa, eyni zamanda bu maliyyə qurumlarının böhran vəziyyətlərinə hazırlıqlı olmamaları da onların fəaliyyətinə öz mənfi təsirini göstərdi. Və aydın oldu ki, banklar yalnız müştəriyə kredit verib onun faizini əldə etməklə öz işlərini bitmiş hesab edirlərmiş. Yəni əksər bankların gələcəkdə meydana çıxacaq hər hansı bir maliyyə böhranı ilə bağlı qabaqlayıcı planı, hazırlığı yox imiş. Elə bu səbədəndə də ötən iki il ərzində bir neçə bank yaranmış vəziyyətə tab gətirə bilməyərək könüllü şəkildə öz fəaliyyətini dayandırdı. Yaxud bəzi banklar da birləşmək yolu ilə vəziyətdən çıxış yolu qazanmağa üstünlük verdilər. Düzdür, dövlət də öz növbəsində bankların qarşılaşdığı bu arzuedilməz vəziyyətdən çıxması üçün müəyyən tədbirlər gördü, onların normal qaydada fəaliyyəti üçün lazımı şəraiti yaratdı. Lakin qeyd etdiyimiz kimi bankların öz fəaliyyətlərini indiyə qədər düzgün istiqamətdə qurmamasının nəticəsi idi ki, dövlətin də onlara verdiyi dəstək onların kifayət qədər işinə yaramadı. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, hazırkı şəraitdə belə bankların fəaliyyəti dövlətin onlara göstərdiyi dəstəyin adekvatı deyil. İqtisad elmləri doktoru, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyir ki, bu gün Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların qarşısında dayanan ən böyük maneə ölkənin bank sistemindəki acınacaqlı vəziyyətdir. İqtisadçının sözlərinə görə, bunun belə olduğunu Prezident İlham Əliyev son müşavirələrin birində çox aydın bir şəkildə ifadə etdi. Çıxışında dövlət başçısı, çox haqlı olaraq "Bizim iqtisadiyyatımıza ən böyük zərbəni də banklar vururlar" dedi: "Ona görə də bu gün Hökumətin və Mərkəzi Bankın ən öndə vəzifələrindən biri qısa zaman ərzində ölkənin bank sektorunun yenidən qurulmasına aparan sürətli islahatlar keçirməkdən ibarətdir. İndi bütün iş adamları, sahibkarlar bank sisteminin onlara üz tutacagı günü gözləyir. Bu islahatlar nəticə etibarilə ümumi iqtisadi inkişafımız üçün hava və su qədər lazım olan iqtisadiyyatın pul təminatına yol açmalıdır. Bunun alternativi yoxdur. Bu gün Azərbaycanda iqtisadiyyatın pul təminatı 15 faizətrafındadır. Bu göstərici inkişaf etmiş ölkələrdə 100, 150 və bəzən 200 faizi ötür. Rusiya və Qazaxıstan kimi bizimlə eyni məkanda olan neft ölkələrində isə bu göstərici 50 faiz ətrafındadır. Lakin həmən ölkələrdəki bir çox rəsmilər belə bunun çox az olduğunu təkidlə qeyd edib, tənqid atəşinə tuturlar". Fikrət Yusifov onu da əlavə edib ki, hazırkı şəraitdə manatın məzənnəsini sabit saxlamağın yolunu yalnız dövriyyədə pul kütləsini azaltmaqda görmək doğru yol deyil: "Ancaq nə yazıq ki, Mərkəzi Bank illərlədir başqa yol tanımaq istəmir. Manatı buraxmaq lazımdı. Onsuz da bu gec-tez baç verməlidi. O, öz bazar dəyərini almalıdı. Bunun alternativi yoxdur. Dövriyyədə manat kütləsini lazım olandan dəfələrlə az saxlamaqla milli valyutanın məzənnəsini "sabit" saxlamaq iqtisadiyyata ciddi zərbə vurulur. Nə edək ki, Elman Rüstəmov bu məsələlərə əhəmiyyət vermək istəmir, onun üçün önəmli olan budur ki, manat sabit qalsın və ona "sağ ol" desinlər. Ancaq bu sabitlik heç kimə lazım deyil. Elman Rüstəmov ən azı rusiyalı həmkarı xanım Elvira Nabiullianadan örnək götürməlidir. Bir neçə il öncə rus rubulu da Azərbaycan manatının bugünkü durumunda idi. Lakin bu xanım iradəsini ortaya qoyub, hökuməti və prezidenti inandıra bildi ki, rubulu tam sərbəst buraxmaq lazımdı. Və bu baş verdi. İndi Rusiyada rubulun məzənnəsi heç kimi rahatsız etmir. Heç kim rubulun "keşiyini" çəkmir".
Məhəmməd