Ölkədə əlverişli biznes mühiti formalaşıb
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi müsbət nəticəsini verməkdədir “2016-cı il və 2017-ci ilin birinci yarımili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq Komissiyaya təqdim edilib”.
2 Oktyabr 2017 17:46 İqtisadiyyatMilli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi müsbət nəticəsini verməkdədir
"2016-cı il və 2017-ci ilin birinci yarımili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq Komissiyaya təqdim edilib". Bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. Sənəddə qeyd edilib ki, hesabat dövründə Komissiya tərəfindən müəyyən edilmiş iqtisadi və biznes profilli 5 beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə təklif və layihələr müəyyənləşdirilərək Prezidentinin müvafiq Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib.
Xatırladaq ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə güclü sahibkarlıq institunun formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarların mövqeyi davamlı şəkildə güclənir. Sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, bu institutun ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyekə çevrilməsinə zəmin yaradıb. Qeyd edək ki, Azərbaycanda sahibkarlığın yenidən formalaşması və inkişafı dövlət müstəqilliyinin bərpasından sonra yeni mərhələyə qədəm qoymuşdur. Sir deyil ki, Prezident İlham Əliyevin də iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri sahibkarlığın inkişafıdır. Hazırda dövlət başçısının "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, aqrolizinq xidmətləri şəbəkəsinin genişləndirilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların və sərgilərin təşkili və digər tədbirlər sayəsində ölkəmizdə güclü sahibkarlar ordusu formalaşmış, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyildir ki, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74 faizi ötmüşdur. Ölkədə sahibkarlığın inkişafı beynəlxalq ixtisaslaşmış qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Bununla da dünyanın ən mötəbər reytinq cədvəlində Azərbaycan hətta inkişaf etmiş dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Hesabatda biznesin qurulması üçün vacib olan amillər də əsas şərt kimi qiymətləndirilib. Məsələyə bu baxımdan yanaşdıqda təkcə paytaxt deyil, bölgələrdə də mühüm sahibkarların ayrı-ayrı xidmət sahələrinə çıxış asanlaşdırılıb, lisenziyalar minimuma endirilib, yoxlamalar ləğv edilib, güclü ixracat-təşviq mexanizmi yaradılıb. Bu isə o deməkdir ki, Azərbaycanda həyata keçirilən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi müsbət nəticəsini verməkdədir.
Alim