Azərbaycan düzgün yoldadır
Bu günlərdə Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" açıqlandı. Hesabatda ölkəmiz keçən illə müqayisədə daha iki pillə irəliləyərək 35-cı sırada qərarlaşıb. Keçən illə müqayisədə Azərbaycanın mövqeyinin yaxşılaşması və iki pillə irəliləməsi ölkədə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir.
2 Oktyabr 2017 13:19 İqtisadiyyatBu gün ölkəmiz infrastruktur təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən belə geri qalmır
Bu günlərdə Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" açıqlandı. Hesabatda ölkəmiz keçən illə müqayisədə daha iki pillə irəliləyərək 35-cı sırada qərarlaşıb. Keçən illə müqayisədə Azərbaycanın mövqeyinin yaxşılaşması və iki pillə irəliləməsi ölkədə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. Elə ekspertlər də bu qənaətdədirlər.

Millət vəkili Tahir Mirkişili bildirib ki, Qlobal Rəqbət Qabiliyyəti İndeksi dünyada iqtisadi indeksi müəyyən edən ən nüfuzlu indekslərdən biridiir. Onun sözlərinə görə, bunun uzun müddətlik tarixi var və təxminən 40 ilə yaxındır ki, Dünya İqtisadi Forumu bütün ölkələr üzrə çox geniş şəkildə araşdırma aparmaqla belə bir indeksi müəyyən edir: "Aparılan araşdırma 12 ümumi qrupdan və 117 alt qrupdan ibarətdir. Yəni, kifayət qədər böyük sahənin araşdırması tələb olunur. Eyni amanda Dünya İqtisadi Forumu bu indeksi müəyyən etmək üçün özündən başqa, həmçinin Beynəlxalq Valyuta Fondu, Ümumünya Telekommunikasiya İttifaqı, Dünya Bankının, BMT-nin ixtisaslaşmış idarələrininn məlumatlarından istifadə edir. Yəni, kifayət qədər ətraflı araşdırma və təhlil aparılır". Millət vəkili deyib ki, bu məqam geniş auditoriyanı əhatə etməklə yanaşı, onların özləri tərəfindən daxildə sahibkarlar arasında sorğu keçirilir, onların vəziyyəti öyrənilir: "Bir sözlə hər iki tərəfdən, həm daxildən, həm də xaricdən əldə edilən informasiyalar təhlil edilməklə belə bir indeks müəyyən olunur". Tahir Mirkişili qeyd edib ki. cari ildə Azərbaycan indeksdə daha 2 pillə irəliləyərək 37 deyil, 35-ci yeri tutub: "Avrasiya ölkələri, ümumən yaxın qonşu dövlətlərdən fərqli olaraq Azərbaycan 25 faiz daha çox artım əldə edib. Təbii ki, mən digər ölkələrlə müqayisədə belə bir nəticənin ortaya çıxdığını deyirəm. Mən hələ qonşu ölkələri qeyd etmək istəməzdim. Çünki Azərbaycan MDB ölkələri arasında lider rolunu oynayır. Azərbaycana yaxın bir pillədə qərarlaşan ən yaxın ölkə Rusiyadır. Ümumiyyətlə, Azərbaycan hətta Avropa Birliyinin üzvü olan bir sıra ölkələri indeks müəyyən edilərkən çox-çox geridə qoyub. Məsələn Avropa Birliyinin üzvü olan Xorvatiya, Slovakiya, Pribaltika ölkələrindən Litva, Latviya, eyni zamanda qonşu ölkələrdən ən yüksək iqtisadi nəticəsi olan Türkiyəni belə Azərbaycanın geridə qoyması o deməkdir ki, Azərbaycan göstəricilər üzrə seçilmiş düzgün bir yoldadır. Ümumiyyətlə, qeyd etmək istərdim ki, Dünya İqtisadi Forumu tərəfindən müəyyən edilmiş Qlobal Rəqabətlilik İndeksi uzun müddətli iqtisadi inkişafı özündə cəmləşdirən iqtisadi göstəricilər əsasında hazırlanır. Yəni daha çox strateji məsələləri özündə ehtiva edir. Bütün bunların nəticəsi olaraq Azərbaycan qeyd edilən indeksdə 2 pillə irəliləyib". Millət vəkili deyib ki, ümumilikdə indeksi müəyyən edərkən Dünya İqtisadi Forumu 117 suala cavab axtarır və həmin suallara cavab tapdıqdan sonra reytinq formalaşır: "Bu suallar həm iqtisadi, həm də siyasətə aiddir. Eyni zamanda cəmiyyətin inkişaf prosesinə də aid olan suallar var. Bir az detallara varsaq, deyə bilərik ki, həmin sualların elə cavabları var ki, onlar qanunlardan götürülür. Məsələn biznesin başlanılma vaxtına görə. Yaxud biznesə başlayarkən fiziki və hüquqi şəxs üçün tələb olan prosedurların sayı. Təsəvvür edin ki, biznesin başlama prosedurlarının sayının azlığına görə, Azərbaycan dünyada ikinci yer tutur. Və ya cəmiyyətin siyasətçilərə olan etimadına görə, Azərbaycan dünyada 20-ci yerdə qərarlaşır. Eləcə də əmək qanunvericiliyində, əmək məhsuldarlığında effektivliyinə görə, Azərbaycan dünyada 16-cı, qadınların əmək prosesinə cəlb olunması faizinə görə, 20- ci yer tutur. Göründüyü kimi kifayət qədər maraqlı rəqəmlər var". Tahir Mirkişili onu da deyib ki, Azərbaycanda sənayenin inkişafı dövlət siyasətidir: "Bir neçə gün əvvəl Sənaye Məhəlləsinin açılması, buna qədər olan müddətdə Sənaye Parklarının açılması, Sumqayıt şəhərində Kimya Sənayesi Parkının ixracının ildən-ilə artırılması, neft məhsullarının əlavə dəyər yaradaraq kimya məhsullarına çevrilməsi qeyd edilən müsbət məqamlardandır. Qeyd etmək lazımdır ki, Ümumi Daxili Məhsulda da sənayenin payı kifayət qədər böyükdür". Tahir Mirkişili əmin olduğunu bildirib ki, növbəti illərdə Azərbaycan reytinq cədvəlində daha da irəlilələyəcək.

Millət vəkili Eldəniz Səlimov deyib ki, ölkəmizdə biznesə başlama prosedurunun sadələşdirilməsi, inzibatçılığın aradan qaldırılması və bu kimi digər amillər sayəsində milli iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb: "Respublikamızda biznes mühitinin davamlı şəkildə optimallaşdırılması isə öz növbəsində nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında müsbət dəyərləndirilir. Bu baxımdan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"ı da istisna deyil. Bəhs olunan hesabatda Azərbaycan ən böyük irəliləyişi məhz biznesin mürəkkəbliyi kateqoriyası üzrə qazanıb. Bu indikator üzrə republikamızın mövqeyi 20 pillə yaxşılaşıb və Azərbaycan hesabatın əhatə etdiyi ölkələr arasında 40-cı yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"ı da Azərbaycanın mövqeyinin yaxşılaşmasına təsir göstərən digər mühüm amil ölkənin infrastruktur təminatının əhəmiyyətli dərəcədə yaxşılaşması ilə bağlıdır. Azərbaycanın dinamik inkişafı infrastruktur quruculuğu sahəsində xüsusilə qabarıq şəkildə nəzərə çarpır. Bir vaxtlar respublikamızda infrastruktur təminatı olduqca aşağı səviyyədə idi. Belə vəziyyət isə regionlarda həm insanların sosial vəziyyətinə, həm də iqtisadi fəallığın artmasına mənfi təsir göstərirdi. Hazırda isə ölkəmizin mənzərəsi tamam dəyişib. Bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən belə geri qalmır". Eldəniz Səlimov bildirib ki, ölkədə sahibkarlığın güclü şəkildə dəstəklənməsi öz növbəsində iqtisadi aktivliyin artmasına güclü təkan verib: "Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Hazırda Azərbaycanın bütün regionlarında sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər".
Füzuli