Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında liderliyini qoruyur

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin yaxşılaşması və MDB ölkələri arasında birinci olması ölkəmizdə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki  regionda, eləcə də dünyanın inkişaf etmiş ölkələri arasında  ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkədir. 

Ölkəmizin iki pillə irəliləməsi həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsidir

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin yaxşılaşması və MDB ölkələri arasında birinci olması ölkəmizdə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki  regionda, eləcə də dünyanın inkişaf etmiş ölkələri arasında  ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkədir.

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz bəhrəsini verməkdədir. Fəxrlə demək olar ki, ölkədə əldə edilən iqtisadu naliyyətlər hətta nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində inkişaf etmiş ölkələrin iqtisadi tənəzzül yaşadığı məqamda Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir. Məhz həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində əsas artım göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafında müçagidə olunmaqdadır. Rəsmi statistikaya görə, iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayesinin artımı 2 faiz səviyyəsində olub. Konkret olaraq kənd təsərrüfatı sahəsində 3,5 faiz artım qeydə alınıb. Təkcə bu faktlar deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, yatırılan investisiyalar artıq öz nəticələrini verir. Dünya bazarında neftin qiymətinin dəyişməsi neftlə zəngin olan ölkələrin böyük əksəriyyətinə mənfi təsiri ilə müşahidə olunub. Demək olar ki, əksər dövlətlər öz valyuta ehtiyatlarını itiriblər. Belə bir şəraitdə Azərbaycanda biznesin, yatırımların, ixracın stimullaşdırmaq məqsədilə qəbul edilən qərar və qanunlar nəinki  iqtisadi dayanıqlılığı qoruyub, hətta valyuta ehtiyatlarımızı da artırıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır: "Biz bu potensialı yaratmışıq. 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq. Əminəm ki, biz il ərzində valyuta ehtiyatlarımızı artıracağıq. Bax, bu, çox önəmli məsələdir. Çünki hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəri idi. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq bax, məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi. Biz tezliklə ciddi islahatları dəyərləndirdik, çox operativ tədbirlər gördük. İqtisadiyyatımızın restrukturizasiyası ilə bağlı çox ciddi addımlar atıldı. Biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunlar qəbul edildi. Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nı şərh edərkən deyib ki, Azərbaycanın iki pillə irəliləməsini ölkədə həyata keçirilən davamlı islahatların məntiqi nəticəsi hesab etmək olar. İcraçı direktor bildirib ki, məhz bu islahatlar fonunda strateji hədəf olaraq iqtisadiyyat liberallaşdırılır və şaxələndirilir. Bunun nəticəsi kimi, kiçik və orta sahibkarlıq inkişaf edir, sözügedən sektorun ümumi daxili məhsulda çəkisi getdikcə artır. Yaradılan əlverişli biznes mühiti isə ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradır: "Sözsüz ki, burada ictimai-siyasi sabitlik faktoru da ciddi rol oynayır. Məhz bu səbəblərdən Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" indeksi reytinqində bir sıra ölkələri qabaqlayaraq 35-ci yerdə qərarlaşması təsadüfi deyil. Bu göstəriciyə görə, Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü üstələməyə müvəffəq olub. Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında öz liderliyini inamla qoruyur. Azərbaycanın rəqabət qabiliyyətinin artması bir sıra indikatorlarda daha aydın görünür. Hesabatda qeyd olunur ki, hazırda dünyada struktur dəyişiklikləri ən ciddi problemlərdən biridir. Azərbaycan institutların effektivliyinə görə dünyada 33-cü yerdədir. Xüsusilə hökumət institutlarının effektivliyinin göstəricisinə görə, Azərbaycanın mövqeyi bu reytinqdə kifayət qədər yüksəkdir. Hesabatda qeyd olunur ki, hazırda dünyada 4-cü sənaye inqilabı ilə əlaqədar olaraq innovasiyalar sahəsində çağırışlar var və dövlətlər innovasiyalarla çağırışlar sahəsində mübarizə aparmaqda bir qədər çətinlik çəkirlər. Azərbaycan bu göstəriciyə görə dünyada 33-cü yerdədir. Hesabatda, həmçinin göstərilir ki, sosial təbəqələr arasında bərabərsizliyin artması, bütövlükdə iqtisadi inkişaf üçün ciddi problemlər yaratdığı halda, Azərbaycanda Cini əmsalı kifayət qədər aşağıdır və bu, ölkədə orta təbəqənin güclü inkişafının bilavasitə göstəricisidir. Göründüyü kimi, Azərbaycan qlobal rəqabət indeksinə görə mövqelərini getdikcə gücləndirir. Sözsüz ki, burada biznesin qurulması üçün vacib olan amillər də əsas şərt kimi qiymətləndirilir. Məsələyə bu baxımdan yanaşdıqda təkcə paytaxt deyil, bölgələrdə də mühüm infrastruktur yaradılıb, xidmətlərə çıxış asanlaşdırılıb, lisenziyalar minimuma endirilib, yoxlamalar ləğv edilib, güclü ixracat-təşviq mexanizmi yaradılıb". Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə qeyd edib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması çox yaxşı göstəricidir. Bu, Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişaf etdiyinin bariz nümunəsidir. Rüfət Quliyev bildirib ki, qonşu ölkələrin iqtisadi durumuna nəzər salsaq, onlarla müqayisədə Azərbaycanın bu sahədə xeyli irəliləyişə nail olduğunu görərik. İqtisadi tərəfdaşlarımızı da ötərək bu göstəricini əldə etmişik. Azərbaycan beynəlxalq aləmin ən mötəbər reytinqində dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Bu rəqabət iqtisadiyyat üçün böyük bir meyardır. Rəqabətin nəticəsi olaraq Azərbaycanın 35-ci yerdə qərarlaşması ölkəmizdə qeyri-neft sektorunun inkişafından xəbər verir. Deputat qeyd edib ki, Azərbaycan bütün iqtisadi tədbirlərini Strateji Yol xəritələrinə uyğun olaraq həyata keçirir. Bu tədbirləri bir-birinə bağlayan iqtisadi kateqoriyalar mövcuddur. Bu müsbət hal onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qazandığı bu nailiyyət sosial-iqtisadi inkişafın davam etdiyini göstərir. Prezident İlham Əliyevin sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verir. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin irəliləməsi dövlətimizin başçısının apardığı kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31