Azərbaycanın iqtisadi göstəriciləri inkişaf etmiş ölkələri geridə qoyur
Azərbaycanın dünyada siyasi nüfuzu ilə paralel iqtisadi reytinqi də artmaqda davam edir. Dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirən Azərbaycan artıq sosial dövlət modelinin ixracatçısına çevrilib. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir.
27 Sentyabr 2017 17:33 İqtisadiyyatÖlkəmiz davamlı və rəqabətyönümlü inkişaf reytinqində önə keçib
Azərbaycanın dünyada siyasi nüfuzu ilə paralel iqtisadi reytinqi də artmaqda davam edir. Dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirən Azərbaycan artıq sosial dövlət modelinin ixracatçısına çevrilib. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Məhz bunun nəticəsidir ki, elm, təhsil, infrastruktur, sosial rifah, biznes kimi sahələrdə uğur əldə edən ölkəmiz artıq dünya dövlətləri üçün örnəyə çevrilib. Təsadüfi deyil ki, prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanda sosial məsələlər də öz həllini tapıb: "Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olub". Ötən dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları nəticəsində Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması təmin olunub. Dünya iqtisadiyyatı üçün ağır, ciddi çətinliklərin yaşandığı, neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü dövrdə dövlət başçısının məqsədyönlü islahatları ölkəmizin belə bir vəziyyətdən uğurla çıxmasına, respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. Xüsusilə də belə ağır şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması diqqətdə saxlanılıb.
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Bununla da dünyanın ən mötəbər reytinq cədvəlində Azərbaycan hətta inkişaf etmiş dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə etmişdir - 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib. İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında "istedadların səmərəli istifadəsi" göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.
Yalnız iki indikator - makroqitisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq "makroqitisadi mühit" kateqoriyası altında "hökümətin büdcə balansı" göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada "hökümətin borcu" göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəriclərindən biri inflyasiya səviyyəsi olub. Bazarın həcmi indikatoruna görə isə hesabatdakı mövqeyimizdə dəyişiklik baş verməyib."2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə əksinə mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökümət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. "2017-2018Qlobal Rəqabətlilik Hesabatında" dünyada əsas narahatedici trendlərdən biri kimi "dağıdıcı bərabərsizlik" qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə vurğulanmalıdır ki, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Keçən qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda Prezident İlham Əliyevin 6 dekabr 2016-cı ildə təsdiqlədiyi Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın iki pillə irəliləməsi göstərir ki, digər mötəbər reytinqlərdə də Azərbaycanın mövqeləri daha da güclənəcək.
Yeri gəlmişkən xatırladaq ki, prezident İlham Əliyevin imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkə əhalisinin əksəriyyətinin sosial ödənişlərin artırılması təmin edilib. Başqa sözlə, postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün kifayət qədər işlər görülüb. Sosial- iqtisadi tədbirlər hesabına sosial rifah göstəriciləri yaxşılaşdırılıb, maliyyə bazarının inkişafı təmin edilib. Məhz bu kimi addımların nəticəsində beynəlxalq retinq cədvəlində Azərbaycanda ən böyük irəliləyiş biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə edilib. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirilməsi faktının önə çəkilməsi təsadüfi hesab etmək olmaz. Çünki Azərbaycanda ən yüksək səviyyəli biznes mühiti yaradılıb. Göründüyü kimi, Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə şübhəsiz ki, yoxsulluğun azaldılmasına müsbət təsir göstərir. Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının "Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur",- fikri bu əminliyi yaradır. Onu da qeyd edək ki, iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək Azərbaycan dövləti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edilmişdir. Məhz sadalanan hədəflərə nail olmaq məqsədilə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.
Alim