Azərbaycanın ixrac potensialı artır

Son illərdə Azərbaycanın ixrac potensialının artması ölkəmizə olan marağı daha da artırıb. İndi təkcə yaxın qonşu ölkələr deyil, eləcə də Avropa, Asiya qitəsinin bazarlarında da Azərbaycan məhsullarına rast gəlmək mümkündür.

Ölkəmizdə istehsal olunan məhsullara Asiya qitəsində böyük maraq var

Son illərdə Azərbaycanın ixrac potensialının artması ölkəmizə olan marağı daha da artırıb. İndi təkcə yaxın qonşu ölkələr deyil, eləcə də Avropa, Asiya qitəsinin bazarlarında da Azərbaycan məhsullarına rast gəlmək mümkündür. Bu bir tərəfdən Azərbaycan istehsalı olan məhsulların dünya bazarlarına çıxışına imkan yaradırsa, digər tərəfdən ölkəmizin ayrı-ayrı dövlətlərlə ticari əlaqələrinin genişlənməsi deməkdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, son illər Azərbaycanın iqtisadi və ticari sahədə əlaqələrinin inkişaf etdiyi ölkələr sırasında Yaponiyanın da özünəməxsus yeri var. Bu günlərdə gündoğar ölkənin Şiretoko yarımadasında yerləşən Şari şəhərində 150-dən çox yaponiyalı biznesmenin və yerli siyasi qurumların iştirakı ilə keçirilən toplantıda da əsas diqqətin məhz Yaponiya və Azərbaycan arasında artmaqda olan ticari mübadilələrə yönəldilməsi deyilənləri təsdiqləyir. Qeyd edək ki, tədbiri giriş sözü ilə açan "Sərhədləri Ötənlər Klubu"-nun prezidenti, Azərbaycanda dəfələrlə səfərdə olmuş, iş adamı Kazuyasu İşida klubun yaradılmasından ötən 4 il ərzində baş tutmuş turlar çərçivəsində təkcə Azərbaycana 500-dən çox yaponiyalı biznesmenin səfərlərinin təşkil edildiyini diqqətə çatdırıb. Bunların nəticəsi olaraq hər iki ölkə şirkətləri arasında biznes sövdələşmələrinin sayı artıb. Eyni zamanda, Yaponiyada Azərbaycan məhsullarına maraq yaranıb və bir çox səviyyələrdə artıq satışlar həyata keçirilir. Məlumat üçün onu da qeyd edək ki, cari ilin oktyabr ayında Bakı Biznes Mərkəzində "Yaponiya qida məhsullarının sərgisi" təşkil olunacaq. Sözügedən sərgidə Yaponiyadan 60 şirkətin iştirakı planlaşdırılır ki, artıq 30 şirkətin iştirakı dəqiqləşib. Halbuki 2014-cü ilin noyabr ayında ilk dəfə Yaponiya məhsullarının sərgisini Bakıda təşkil zamanı ondan bir qədər artıq yapon şirkəti iştirak etmişdi. O zaman Yaponiyadan müxtəlif avadanlıqlar, rəsm əsərləri və s nümayiş edilmişdi. Bu dəfə sırf qida məhsullarının sərgisinin təşkili Yaponiya mətbəxinin sağlam qida məhsulları olaraq YUNESKO-nun konkret olmayan mədəni irsinə qəbulunun məhz Bakı şəhərində keçirilmiş iclasda qərara alınması olub. Tədbirin təşkilat komitəsinin sədri, eyni zamanda tədbirdə Azərbaycanı təmsil edən həmyerlimiz, Hokkaydo universitetinin doktorantı, Yaponiyanın dövlət təqaüdçüsü və Yaponiyada fəal diaspor fəaliyyəti ilə tanınan Əlibəy Məmmədov iş adamlarına Azərbaycan haqqında ümumi məlumat verdikdən sonra, ölkəmizin biznes potensialı və bu işdə yaponiyalı iş adamları ilə qarşılıqlı əməkdaşlıq mövzusunda nitq söyləyib. Əlibəy Məmmədov bildirib ki, Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var. Həmyerlimiz qeyd edib ki, Azərbaycandan Yaponiyaya bal, şərab, nar şirələri, biyan kökü və turşusu idxal edilməkdədir. Xüsusilə bal və şərab məhsullarına diqqət yüksək səviyyədədir və bu məhsullar Yaponiya bazarında özünəməxsus yerini tutmaqdadır. Bu məhsulların idxal miqdarı ildən ilə artmaqdadır. Azərbaycanda qida emalı sənayesinin, kənd təsərrüfatı və turizmin böyük potensiala malik olduğunu qeyd edən Ə. Məmmədov yaponiyalı iş adamlarını Azərbaycanın qida emalı sənayesinə və turizm sahəsinə investisiyalar yatırmağa dəvət edib. Onun sözlərinə görə Azərbaycanda son illər turist axını müşahidə edilməkdədir. Eyni zamanda Azərbaycan hökümətinin dəstəyi və AZPROMO-nun fəaliyyəti nəticəsində Azərbaycan məhsulları Avropa və Asiya ölkələrinin bazarlarına çıxışlar əldə etməyə başlamışdır. Neft asılılığından ölkəni azad etmək üçün, bu işlərin çox böyük töhvələr verdiyini deyən həmyerlimiz 5-10 il ərzində Azərbaycanın büdcə gəlirlərində də qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı və turizmdən gələcək gəlirlərin öz yerini tutacağına əminliyini vurğulayıb. Azərbaycanda Yaponiyaya olan marağı və etibarı nəzərə almaqla, digər ölkə nümayəndələri ilə müqayisədə yaponiyalı iş adamlarının daha böyük potensiala malik olduğunu bildirib. O deyib ki, Azərbaycanda Yaponiyanı çox sevirlər və Yaponiyada biznes fəaliyyəti ilə məşğul olmaq istəyən azərbaycanlı sahibkarlar da az deyil.

Qeyd edək ki, cari ilino ktyabr ayında Bakıda təşkil ediləcək "Yaponiya qida məhsullarının sərgisi" iki ölkənin biznes həyatında yeni mərhələnin başlanğıcı olacaq. Sərgiyə hazırlıq məqsədilə İyul ayının sonlarında təxminən 30 yaponiyalı iş adamı Azərbaycana səfərə gələcək.

Məhəmmıəd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31