Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə güclü sahibkarlıq institunun formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarların mövqeyi davamlı şəkildə güclənir.

Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə güclü sahibkarlıq institunun formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarların mövqeyi davamlı şəkildə güclənir. Sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, bu institutun ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyekə çevrilməsinə zəmin yaradıb. Xatırladaq ki, Azərbaycanda sahibkarlığın yenidən formalaşması və inkişafı dövlət müstəqilliyinin bərpasından sonra yeni mərhələyə qədəm qoymuşdur. O da faktdır ki, Azərbaycanda sahibkarlıq institutunun formalaşıb inkişaf etmə strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevduir. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü iqtisadi siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu, sahibkarlar institunun formalaşması üçün hüquqi baza yaradıldı, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" - deyən ulu öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın formalaşması və genişlənməsi ilə bağlı taleyüklü qərarlar qəbul etmiş, bu sahəni tənzimləyən qanunvericilik bazasının formalaşdırılması istiqamətində mühüm işlər görmüşdür.

Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin də iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri sahibkarlığın inkişafıdır. Hazırda dövlət başçısının "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, aqrolizinq xidmətləri şəbəkəsinin genişləndirilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların və sərgilərin təşkili və digər tədbirlər sayəsində ölkəmizdə güclü sahibkarlar ordusu formalaşmış, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyildir ki, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74 faizi ötmüşdur. Ölkədə sahibkarlığın inkişafı beynəlxalq ixtisaslaşmış qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan "Doing Business 2017" hesabatında Azərbaycanın mövqeyi  189 ölkə arasında 65-ci pilləyə yüksəlmiş, dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olmuşdur.  Hesabatının "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.

Sahibkarlara dəstək mexanizmləri

Xatırladaq ki,  Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli sərəncamı ilə hər il aprelin 25-nin "Sahibkarlar günü" kimi qeyd olunması ölkənin sosial-iqtisadi inkişafında məhz sahibkarların fəaliyyətinə dövlət başçısı tərəfindən verilən yüksək qiymətin göstəricisidir. Etiraf edilməlidir ki, müasir dövrdə sahibkarlığın inkişafında institusional dəstək mexanizmlərinin yaradılması mühüm rol oynayır. Bu baxımdan zəruri infrastruktura çıxış imkanının təmin olunması və daha əlverişli şəraitin yaradılması üçün sənaye parklarını və məhəllələrini xüsusi vurğulamaq lazımdır. Hazırda ölkənin sənaye parklarına müxtəlif güzəştlər tətbiq edilir, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün infrastruktur yaradılır, güzəştli kreditlərin verilməsi təmin edilir. Bu gün sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV və gömrük rüsumundan azaddırlar.

Özəl sektora həm də maliyyə dəstəyi göstərilir, sahibkarlara güzəştli kreditlər verilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığın inkişafına güzəştli kreditlər ayırmaqla yanaşı, həm də sahibkarlara məsləhət xidməti göstərir, regionların potensialına uyğun nümunəvi investisiya layihələri təqdim edir. Məlumat üçün qeyd edək ki, təkcə 2017-ci ildə  653 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradıb. Qeyd edək ki, güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir. Yerli sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin təşviqi və  satışının dəstəklənməsi məqsədilə təşkil edilən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Yeni islahat kursu

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə azalması Azərbaycanda qeyri-neft sektorunun inkişafını labüd edib. Təsadüfi deyil ki, ölkənin neft sektorundan asılılığını aradan qaldırılması, dövlət büdcəsinin gəlirlərinin artırılması məqsədilə yeni iqtisadi islahatlar mərhələsinə qədəm qoyulub. Hazırda dünya iqtisadiyyatında baş verən geriləmələrin Azərbaycan iqtisadiyyatına neqativ təsirinin qaçılmaz olduğu bir şəraitdə Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının qeyd etdiyi kimi: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".

Dövlət başçısının tapşırıq və tövsiyyələrinin icrası məqsədilə sahibkarlıq fəliyyəti üçün nəzərdə tutulan inzibati ptosedurların sadələşdirilməsi onların sərbəst fəaliyyəti üçün münbit şərait yaradıb. Belə ki, bu vaxta qədər sahibkarlıq fəaliyyəti üçün tələb olunan inzibati prosedurların "ASAN xidmət" vasitəsilə həyata keçirilməsi şəfaflıq və operativliyin təmin olunmasında müstəsna rol oynayır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar 2 il müddətinə dayandırılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.

Sahibkarlığın inkişafı, bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə ölkə başçısının müvafiq fərmanlarına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş və qüvvədə olan lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Bununla yanaşı, dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir. "Lisenziyalar və icazələr haqqında" yeni qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilmişdir. Bundan başqa, bu qanunda "Lisenziyalar və icazələr" portalının yaradılması, dövlət orqanları tərəfindən sahibkarlara lisenziya və icazə məsələləri üzrə qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, "bir pəncərə" prinsipinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edilmişdir.

Daxili və xarici bazarın liberallaşdırılması

Artıq Azərbaycanın iş adamları ölkənin ərzaq təhlükəsizliyinin təminatında vacib amil kimi çıxış edir, xarici ölkələrdə həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, xaricdə etibarlı tərəfdaş kimi tanınırlar. Bu gün ixracın təşviqi məqsədilə  "MADE İN AZERBAİJAN" brendinin xarici bazarlara çıxarılması qarşıda duran əsas məsələlərdəndir. Paralel olaraq ənənəvi sahələrin, o cümlədən pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Belə ki, pambıqçılığın və tütünçülüyün inkişafı məqsədilə bu sahədə fəaliyyət göstərən fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılmış, fermerlərdən pambıq və tütünün alış qiyməti artırılmışdır. Ölkənin turizm potensialından maksimum istifadə edilməsi məqsədilə həyata keçirilən tədbirlər də sahibkarlığın inkişafında əhəmiyyətli rol oynayıb. Həyata keçirilən bu tədbirlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələnməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, digər sahələrdə olduğu kimi, sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən kompleks islahatlar da davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin dediyi kimi: "Bu, yalnız başlanğıcdır. Biz işimizi davam etdirməliyik. Bu, hər hansı bir kampaniya deyil. Bu, bizim siyasətimizdir və o, davam etməlidir".

Alim Hüseynli

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31