Vətəndaşların “cibinə girən” satıcılar

Sahibkarlığın inkişafı məqsədilə yoxlamaların müvəqqəti dayandırılması iş adamlarının əməlli-başlı “karına” gəlib. Belə ki, ölkədə baş verən devalvasiyadan start götürən sahibkarlar yoxlamaların dayandırılmasından sui-istifadə edərək  süni qiymət artımına yol verirdilər. Xüsusən, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırımışdı.

Buna yol verənlər mütləq cəzalarını almalıdır

Sahibkarlığın inkişafı məqsədilə yoxlamaların müvəqqəti dayandırılması iş adamlarının əməlli-başlı "karına" gəlib. Belə ki, ölkədə baş verən devalvasiyadan start götürən sahibkarlar yoxlamaların dayandırılmasından sui-istifadə edərək  süni qiymət artımına yol verirdilər. Xüsusən, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırımışdı. Əslində isə baş verənlər iqtisadi qanunauyğunluqdan çıxdığından devalvasiya ilə heç bir əlaqəsi yoxdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevhələ bir müddət əvvəl  qeyd etmişdi ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. Dövlət başçısının fikirlərinin ictimaiyyət tərəfindən dəstəklənməsi, üstəlik səalhiyyətli yoxlayıcı qurumların nəzarəti nəticəsində ölkədə qiymətlərin stabilləşdirilməsinə nail olunub. Lakin bəzi sahibkarlar öz ənənəsini davam etdirərək istehlakçıları aldatmaq yolu tutub. Belə ki, paytaxtın bir çox mağaza və dükanlarında eyni proses yaşanmaqdadır. Məlum olduğu kimi mağazalarda rəflərə düzülən məhsulların böyük əksəriyyətinin üzərində qiymətlər qeyd edilib. Elə bu səbədən də alıcılar seçdiyi məhsulun onun cibinə uyğun olub-olmamasına üstünlük verirlər. Lakin ümumu ödənişin hesablanması alıcıların heç ağlına da gəlmir. Məhz bundan sui-istifadə edən xəzinədarlar verdikləri qəzbzə əlavə vəsait yükləyirlər. Demək olar ki, hazırda eyni vəziyyət əksər dükanlarda müşahidə olunmaqdadır. Topdansatış, yaxud pərakəndə alınan məhsulların üzərində bir qiymət göstərilir, hesablananda isə tamam başqa qiymətlə hesablanır. Paytaxt sakini Mürvət Haşımov da sözügedən problemlə üzləşib: "Smart market"də rəflərə düzülən süd məhsullarının üzərində 1,60 və 1,80 manat qeyd olunmuşdu. Mən 1,60 manatlıq südü seçib qiymətini ödəyəndə satıcı məndən 1,80 manat çıxdı. Səbəbini soruşanda bildirdi ki, qiymətlər düzgün qeyd edilməyib. Satışa çıxarılan süd məhsullarının hamısı 1,80 manatdır. Həmin məhsulların müxtəlif firmalara aid olduğunu və yağlılığının müxtəlif olduğunu izah etməyimə baxmayaraq satıcı inadından dönmədi. Müdiriyyətdən məhsulun alış və satış qiymətilə bağlı sənəd tələb etdikdə məlum oldu ki, satıcı bilmədən qəbzdə qiyməti artıq göstərib. Bir neçə gün sonra həmin dükandan  "Qerkuleks" alarkın eyni vəziyyətlə üzləşdim. Mağazanın özündə, eləcə də digər mağazalarda bu məhsulun qiyməti 1,70 manat gösrətilsə də məndən 2,50 manat çıxılmışdı. Pulu saymasaydım, yəqin ki, bu dəfə də aldanacaqdım". Digər vətəndaş Hazilə Əliyeva bildirib ki, "Favorit" dükanında sözügedən vəziyyətlə üzləşib: "Bu dükanda lazım olan ərzaqları yığıb hesablatdırdım. Mənə 51 manatlıq qəbz verdilər. Gördüm ki, pulum qurtarıb, lakin nəzərdə tutduğum ərzağın hamısını ala bilməmişəm. Qəbzə baxanda məlum oldu ki, mənə kartof, soğan yazıb və 7 manat əlavə hesablayıblar. Məsələ orasındadır ki, aldığım malları masanın üzərinə boşaltsam da satıcıya bu növ məhsul almadığımı sübut edə bilmirdim. Uzun mübahisədən sonra pulumu özümə qaytardılar. Sonra qonşularla söhbət zamanı eşitdim ki, eyni vəziyyət onların da başına gəlib. Bu isə deməyə əsas verir ki, mağazalarda  alıcıların aldadılması təsadüfən baş vermir".

Soaial məsələlər üzə ekspert Mirzə Manafov hesab edir ki, süni qiymət artımına yol verən  adamlar Azərbaycan Cinayət Məcəlləsinin bütün maddələri ilə qanun qarşısında cavab verməlidirlər:  "Əgər bunun qarşısı alınmasa bu cür insanlar Azərbaycanda sosial gərginliyi artırmağa xidmət edərək birbaşa anti-Azərbaycan qüvvələrinin yanında olmuş olacaqlar. Bunun ayrı adı yoxdur. Çünki mağazalarda, marketlərdə, ticarət mərkəzlərində satış ilə məşğul olan Azərbaycan vətəndaşlarının 80 faizi bu gün Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib süni qiymət artımı ilə məşğuldurlar. Bunun üçün çox ciddi tədbirlər görülməlidir və bununla bağlı hüquq-mühafizə orqanları qarşısında son dərəcə mühüm vəzifələr durur və süni qiymət artımının qarşısı təcili qaydada alınmalıdır". Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin manatın "üzən məzənnə"yə keçməsindən sonra yaranmış vəziyyətlə bağlı çox mühüm və çox əhəmiyyətli mesajları, tapşırıqları olub: "Ona görə hesab edirəm ki, bütün aidiyyatı dövlət qurumları, icra strukturları, məsul şəxslər bu tapşırıqlardan, verilən mesajlardan ciddi nəticələr çıxarmalı və onların qarşısında qoyulan vəzifələrin həlli ilə daha ciddi məşğul olmalıdırlar. Süni qiymət atımı hallarının və buna yol verənlərin qarşısının inzibati və hüquqi yollarla alınması yönündə gərəkən addımların atılması vacibdir. Süni qiymət artımına heç cür imkan vermək olmaz. Bu, insanların cibinə girmək deməkdir. Buna yol verənlər mütləq cəzalarını almalıdır. Ona görə inanıram və qəti əminəm ki, vətəndaşlar arasında ciddi narahatçılıqların yaranmasına səbəb olmuş süni qiymət artımı ilə  və qiymətləri artıran "işbaz"larla bağlı addımlar özünü çox da  gözlətməyəcək".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31