Əmanətlərin Sığortalanması Fondu müflis olmaq təhlükəsindən çıxdı
Əmanətlərin Sığortalanması Fondu 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatdan görünür ki, Fond ötən ili 507 milyon manatdan çox zərərlə başa vurub və faktiki müflisləşib. Xatırladaq ki, 2016-cı ildə 11 bank bağlanmışdı və artıq 6-cı bank (“Texnikabank”) müflis olanda Fondun vəsaiti tükəndi.
12 İyun 2017 15:04 İqtisadiyyatƏmanətlərin Sığortalanması Fondu 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatdan görünür ki, Fond ötən ili 507 milyon manatdan çox zərərlə başa vurub və faktiki müflisləşib. Xatırladaq ki, 2016-cı ildə 11 bank bağlanmışdı və artıq 6-cı bank ("Texnikabank") müflis olanda Fondun vəsaiti tükəndi. Buna görə də Fond Mərkəzi Bankdan cəmi məbləği 552 milyon manatdan çox olan kreditlər götürməyə məcbur oldu ki, bağlanan bankların sığortalanmış əmanətlərini kompensasiya edə bilsin. İqtisadçı ekspert Əkrəm Həsənov deüyir ki, bağlanan bankların əmlakı az deyil və məntiqlə Fondun zərərini bağlamalı idi: "Bu şərtlə ki, üzərində səmərəli nəzarət olsun. Lakin Fond bağlanmış bankların əmlakını heç bir nəzarət olmadan idarə edir və istədiyi yerə xərcləyir. Bir növ 10 il ərzində bankların Fonda əmanətlərdən ödədiyi haqları idarə etdiyi kimi. Və şikayət edir ki, vəsait çatmır. Ümid edirəm ki, nə vaxtsa hüquq-mühafizə orqanlarımız Fondun bədxərcliyinin səbəblərini müəyyən edəcək. Amma hər bir halda Fondun şikayətləri nəticə verdi və "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Prezidentin 27 dekabr 2016-cı il tarixli Fərmanının 5.9-cu bəndində Maliyyə Nazirliyinə tapşırıldı ki, "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələndirməklə, Azərbaycan Respublikası Beynəlxalq Bankının və Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitallarının tələb olunan məbləğdə artırılmasını həyata keçirsin". Başqa sözlə, dövlət başçısı Fonda dövlət hesabına vəsaitin verilməsini tapşırdı ki, Fond iddia etdiyi zərəri bağlasın və müflis olmasın. Lakin burada mühüm problem var. Məsələ burasındadır ki, nə "Əmanətlərin sığortalanması haqqında" Qanunda, nə də Fondun nizamnaməsində Fondun nizamnamə kapitalının olması, o cümlədən miqdarı haqda müddəa yoxdur. Olmayan nizamnamə kapitalı necə artırıla bilər? Reallıqda heç artırılmayıb da. Ən azı ona görə ki, nizamnaməsinə bu barədə hər hansı düzəliş də edilməyib. Bununla belə, Fondun ötən il üzrə maliyyə hesabatı belə bir abzasla bitir: "Fərmanın 5.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2017-ci il tarixli 1 s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələndirməklə hər birinin dəyəri 10 milyon AZN olmaqla 80 (səksən) ədəd, ümumilikdə 800 milyon AZN həcmində sadə veksel buraxılmışdır". Başqa sözlə, Prezidentin yuxarıda qeyd edilən tapşırığı belə icra edilib: Nazirlər Kabinetinin göstərişi ilə Maliyyə Nazirliyi Fonda 800 milyon manat bağışlayıb. Açıq-aşkardır ki, Prezidentin tapşırığı olduğu kimi icra olunmayıb. Əvvəla, dövlət başçısı tapşırığı birbaşa Maliyyə Nazirliyinə vermişdi, amma nədənsə məsələyə Nazirlər Kabineti də müdaxilə edib. Daha sonra, Prezident Fondun nizamnamə kapitalının artırılmasını tapşırmışdı, amma nədənsə bunun əvəzinə Fonda sadəcə hər an pula çevrilə bilən veksel bağışlanıb. Niyə?". Əkrəm Həsənovun sözlərinə görə, məhz ona görə Fondun nizamnamə kapitalı yoxdur və Maliyyə Nazirliyi sadəcə tapşırığı olduğu kimi icra edə bilməyib: "Buna görə də Nazirlər Kabineti məsələyə müdaxilə etməli olub və məsuliyyəti üzərinə götürərək Maliyyə Nazirliyinə sadəcə Fonda veksel bağışlamağı tapşırıb. Hüquqi cəhətdən bu addım Prezidentin tapşırığına uyğun olmasa da, iqtisadi cəhətdən nəticə eynidir: Fondun öz vəsaiti artıb və müflislikdən canını qurtarıb. Buna görə də elə dərhal - cari ilin yanvar ayında Mərkəzi Bankın kreditlərini qaytarıb. Bu günlərdə isə Fondun rəhbəri Azad Cavadov "qəhrəmancasına" bəyan etdi ki, Almaniyanın KFW bankından 40 il müddətinə götürülən 5 milyon avro məbləğində krediti də Fond vaxtından əvvəl qaytaracaq. Bütün deyilənlərin sıravi vətəndaşımız üçün xülasəsi budur. Fond 10 il ərzində əmanətlər üzrə banklardan külli məbləğdə vəsait cəlb edib və başına daş salıb. Bir neçə bank bağlanan kimi Fondun olan-qalan pulu qurtarıb və əmanətləri qaytarmaq üçün borca girib. Bağlanan bankların da olan-qalan əmlakını naməlum şəkildə idarə etdiyi üçün Fond faktiki müflisləşib. Fondu bu vəziyyətdən çıxarmaq üçün dövlət ona 800 milyon manat hədiyyə edib. Dövlət büdcəsindən. Əslində qanuna görə dövlət Fondun öhdəliklərinə görə cavabdeh deyil. Özü də dövlət nədənsə Fonda lazım olduğundan daha çox pul verib: 507 milyon zərər müqabilində 800 milyon manat ayrılıb. Deməli, bizi bu il də hansısa bankların müflisləşməsi gözləyir?".
Məhəmməd