Arıçılığın inkişafına necə nail olmalı?

Yay fəslinin gəlişi ilə ölkənin arıçılıq təsərrüfatlarında bal arılarının yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı üzrə fəaliyyət aktivləşir. Bununla əlaqədar vətəndaşlar tərəfindən arı ailələrinin yaşadığı qutuların meşə ərazilərində yerləşdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı müraciətlər edilir. 

Aidiyyatı qurumlar tərəfindən bütün imkanlar yaradılır 

Yay fəslinin gəlişi ilə ölkənin arıçılıq təsərrüfatlarında bal arılarının yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı üzrə fəaliyyət aktivləşir. Bununla əlaqədar vətəndaşlar tərəfindən arı ailələrinin yaşadığı qutuların meşə ərazilərində yerləşdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı müraciətlər edilir. Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olmasını, arıçılıq fəaliyyətinin entomofil bitkilərin tozlandırılmasında əvəzsiz əhəmiyyətini nəzərə alaraq nazirlik arıçı fermerlərə müraciət edərək bildirib ki, Nazirliyin istifadəsində olan bütün növ kateqoriyalı meşə ilə örtülü ərazilərə arı ailələrinin heç bir ödəniş olunmadan, müvafiq qaydada qeydiyyatdan keçmək yolu ilə yerləşdirilməsinə icazə verilir: "Bildiririk ki, çiçəkləmə dövründə arıçı meşə və ekologiya idarələri ilə razılaşdıraraq müəyyən olunmuş ərazilərdə arı qutularını yerləşdirə və özü də onların yanında qala bilər (həmin şəxslərin əksəriyyəti meşəyə öz mal-qarasını da gətirmək istəyir, bu isə meşə üçün ziyanlı olduğuna görə qadağandır). 

Qeyd edək ki, arıların meşədə saxlanılması, təkcə arılar üçün deyil, həm də meşə bitkiləri üçün, otlaqlar üçün yaxşıdır və bu, ikitərəfli faydalıdır. Təəssüflə qeyd edirik ki, bəzi işbazlar və şəxsi maraq güdən bir sıra saytlar nazirlik tərəfindən arıçılara verilən bu hüquqlardan sui-istifadə edir, öz maraqları üçün KİV-lərdə yanlış məlumatlar yayır, məsələni özlərinin qazanc mənbəyinə çevirməyə cəhd edirlər. ETSN olaraq arıçılıqla məşğul olan fermerlərə bir daha müraciət edirik ki, arı qutularının meşə ərazilərində yerləşdirilməsi ödənişsizdir və arılarını müəyyən olunmuş ərazilərdə bəsləyə bilərlər". Maraqlıdır, ölkədə arıçılığın inkişafı məqsədilə bu cür şəraitin yaradıldığı məqamda nədən bu sahənin yetərincə inkişafına nail olunmayıb? Bəs, ölkədə arıçılığı necə inkişaf etdirmək olar?

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutundan bildirilib ki, qışlamadan yenicə çıxmış arı ailələri havanın temperaturu +12-14 dərəcə olduqda günəşli, sakit havada yuva qısa müddətə açılır və çatışmazlıqlar aradan qaldırılır. Bu müddətdə arılar təmizləyici uçuş keçirirlər. Pətəyin içərisi ölmüş arılardan və zibildən təmizlənir. Əsas yaz yoxlama işləri ən çoxu 10 dəqiqə, sonrakı işlər isə 3-5 dəqiqə olmalıdır. Arı ailəsinə baxışın uzun çəkməsi sürfənin soyuqlamasına və nəticədə ailənin zəifləməsinə və arı oğurluğuna səbəb ola bilər. Əsas yaz yoxlanışından sonra arı ailələri inkişaf edir və 20-30 günə qədər arıçı köməyinə ehtiyac qalmır. Lakin erkən yazda saxlayıcı gəlir olmadıqda arı ailəsinə sürfənin inkişafını təmin edən və müalicə-profilaktiki məqsədlə müalicəvi yem verilməlidir. Ailənin cavanlaşması may ayında başa çatır. Bundan sonra sağlam ailə sürətlə inkişaf edir və vaxtaşırı yuvanın genişləndirilməsi lazım gəlir.Əgər arıçı vaxtında tədbir görməzsə qüvvəli ailələr beçə verir. Ailədə arılar çoxaldıqca onların sürfələri becərmək üçün işi azalır, işsizlik yaranır ki, bu da arıların instinktiv beçə verməsinə səbəb olur. Əgər arıların beçə verməsi əsas gəlir dövrünə 30-45 gün qalmış baş verirsə bu təsərrüfat baxımından əlverişlidir. Beləliklə də bal yığımında bir ailə əvəzinə iki ailə iştirak edir. Buna görə də nəzarət etmək lazımdır ki, çıxmış beçəni yığmaq mümkün olsun. İlk beçə bir qayda olaraq günün birinci yarısında çıxır və pətəkdən 10-20 metr aralıqda ağac və kol budaqlarına toplaşır və 30-40 dəqiqədən sonra uçub gedirlər. Beçəvermə bal toplanışı ərəfəsində yaxud bal toplama dövründə baş verirsə bu bal toplanışına ciddi mane olur.Yazda arı ailəsinin sürətli inkişafı ilə əlaqədar onlar kifayət qədər yemlə təmin olunmalıdır. Ailədə gündə nə qədər bal sərf edilməsi ailənin gücündən və ailədə yetişdirilən sürfənin miqdarından asılıdır.Yazda havalar isindikcə ana gündən-günə daha çox yumurta qoyur, balanın sayı artır və getdikcə daha çox sahəni tutur. Balanın yetişməsi ilə bağlı, cavan arıların sayı artır, yuvada darısqallıq əmələ gəlir. Ailənin gələcək inkişafına şərait yaratmaq üçün əlavə şanların verilməsi yolu ilə yuva genişləndirilir. Adətən yuvanın genişləndirilməsi birinci yoxlamadan 3-4 həftə sonra lazım gəlir. Əgər bütün çərçivələrin arası arılarla doludursa və hətta, çərçivələrdən qıraqda arılar varsa, yuvanı genişləndirmək lazımdır. İri arıxanalarda yuvanın genişləndirilməsi arılar saxlanan pətəklərin tipindən asılı olaraq, müxtəlif cür həyata keçirilir: "Arı ailəsi nə qədər güclü, ana məhsuldar, hava əlverişli və gəlir yaxşıdırsa, yuva da bir o qədər tez genişləndirilməlidir. Qabaqca qısamüddətli saxlayıcı yem gətirdiyinə görə yuva 1-2 çərçivə qoymaqla genişləndirilir. Çərçivələr yuvanın sonuncu ballı çərçivə arasına qoyulur. Yeni verilmiş şanlar arılar tərəfindən qəbul edildikdən sonra həmin qayda ilə yeni şanlar verilir. İsti havaların başlanması və gəlirin çoxalması ilə bağlı yeni şan hörülməsi məqsədilə yuvaya süni şan vərəqi çəkilmiş çərçivələr qoyulur. Belə şanları sonuncu ballı çərçivənin yanına, məftilli tərəfi içəri istiqamətdə qoyulur. Gövdənin birində çərçivələr dolduqdan sonra üstünə ikinci gövdə, yaxud pətək üstlüyü qoyulub içərisi süni şanlı və ya hörülmüş şanlı üstlük çərçivələri ilə doldurulur. Yatıq pətəklərdə yuvanın genişləndirilməsi isə birdəfəlik genişləndirmə üsulu ilə yerinə yetirilir. Bu üsul ondan ibarətdir ki, yaz baxışı zamanı yatıq pətəklərdə 10-12 kq yem ehtiyatı və üstü arılarla tam örtülü qədər də şan saxlanır. Nəzarət pətəyi gəlirin artdığını göstərdikdə yuvaya süni şan çəkilmiş bir neçə çərçivə qoyulur". Gəlirin miqdarından və şəraitdən asılı olaraq, yuvaya 4-5 çərçivə  qoyulur. Onlar arılar tərəfindən qəbul edildikdən sonra yuvanın ikinci genişləndirilməsi aparılır. Beləliklə arıların oturduqları çərçivələr uçuş bacasından pətəyin boş sahəsinə doğru hərəkət etdirilir. Yerinə isə süni şanlı və hörülmüş şanlı çərçivələr qoyulur.Yuvanın birdəfəlik genişləndirilməsi beçəvermənin qarşısını alır və əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. Xatırladaq ki, yığım dövrünədək çoxlu sağlam uçuş arısı olan güclü ailə yetişdirmək və kifayət qədər şan əldə etmək üçün arıçı bütün il boyu çalışmalıdır. Arıları bal yığımına payızdan hazırlamaq lazımdır. Çünki payızda yaxşı hazırlanmış və qışdan salamat çıxmış qüvvəli ailələr yazda sürətlə çoxalıb bal yığımı dövründə səmərəli işləyirlər. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31