Kimlər valyuta dəyişmə məntəqəsinə sahib ola biləcək?
Bir müddət öncə Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclis tərəfindən təsdiq olundu. Bununla da istənilən hüquqi və fiziki şəxs 500 manat girov qoymaqla valyuta dəyişmə məntəqəsi aça biləcək.
22 May 2017 14:03 İqtisadiyyatEkspert: "Artıq fiziki şəxslər də bu fəaliyyət növü ilə məşğul ola biləcəklər"
Bir müddət öncə Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclis tərəfindən təsdiq olundu. Bununla da istənilən hüquqi və fiziki şəxs 500 manat girov qoymaqla valyuta dəyişmə məntəqəsi aça biləcək.
Qeyd edək ki, yeni qanun bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür. Dəyişikliklər valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsini tənzimləyir.Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsaslarına görə, rezidentlər və qeyri-rezidentlər Azərbaycanın daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdir. Dəyişikliyə əsasən, Azərbaycanda valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından "Banklar haqqında" qanuna əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, "Poçt haqqında" qanuna əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və bu qanunla müəyyən edilmiş qaydada lisenziya almış rezident hüquqi şəxs və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları (valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) malik olacaq. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilməyəcək. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılşadırmaqla müəyyən ediləcək.Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Girovun tam məbləği müvəkkil bankda xüsusi hesabda depozitdə saxlanılır və lisenziyanın qüvvədə olduğu müddətdə geri qaytarılmır. Valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestri yaradılacaq. Maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edəcək. Reyestrə bu fəaliyyətə lisenziya almış şəxslərin adları, hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanları, onlara verilmiş, dayandırılmış, ləğv edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixləri haqqında məlumatlar daxil ediləcək. Bundan başqa, parlamentdə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təsdiq olunub. Dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyanın verilməsi üçün 500 manat məbləğində dövlət rüsumu müəyyən edilib. Beləliklə valyuta dəyişmə məntəqələri qısa müddət sonra yenidən fəaliyyətə başlayacaq. Bəs, bu məntəqələrin fəaliyyətinin bərpa edilməsi üçün nələrə ehtiyac var və kimlər valyuta dəyişməsi məntəqəsinə sahib ola bilər?
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanuna edilən dəyişikliklərə əsasən artıq fiziki şəxslər də valyuta dəyişmə məntəqəsi sahibi ola bilərlər. Bunun üçün girov da tələb edilir. Belə ki, qanunvericiliyə əsasən, girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlət 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Qeyd edək ki, girov passiv vəsait kimi təqdim edilir və bu rüsum kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, valyuta dəyişmə məntəqəsinə sahib olmaq istəyən şəxs lisenziyaya sahib olmalıdır. Bunun üçün o Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. Bu zaman ərizə ilə yanaşı ərizəçinin rezident hüquqi şəxs (qeyri-rezident hüquqi şəxsin filialı olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın) sənədinin surəti, ərizəçi rezident fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, rezident hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, girov məbləğinin ödənilməsi barədə bank sənədi də təsdiq edilməlidir: "Qanunvericiliyə əsasən, ərizə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Palata ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməlidir. Ərizə və sənədləri doğruluğunu yoxlayan palata ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq palata onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim etməlidir. Qanunvericiliyə əsasən, bütün çatışmazlıqlar, eyni zamanda, ərizəçiyə bildirilməlidir. Əgər çatışmazlıq aşkar edilərsə o zaman ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Qanunvericilikdə eyni zamand lisenziyanın forması və hansı məlumatların orada əks olunması məsələləri də öz əksini tapıb"
Zəka