Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib
Qlobal iqtisadi təhdidlərə, böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf yolunu davam etdirir. Düzdür, bu təhdidlər müəyyən mənada ölkəmizə təsirsiz ötüşmür. Ancaq müsbət məqam ondan ibarətdir ki, qeyd edilən təsirlər minimum səviyyədədir və Azərbaycan dövləti öz uğurlu siyasəti ilə həmin təsirləri də önləməyə müvəffəq olur. Nəticə etibarilə Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya istiqamətində çox uğulu addımlar atır.
11 Aprel 2017 14:54 İqtisadiyyatYeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək
Qlobal iqtisadi təhdidlərə, böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf yolunu davam etdirir. Düzdür, bu təhdidlər müəyyən mənada ölkəmizə təsirsiz ötüşmür. Ancaq müsbət məqam ondan ibarətdir ki, qeyd edilən təsirlər minimum səviyyədədir və Azərbaycan dövləti öz uğurlu siyasəti ilə həmin təsirləri də önləməyə müvəffəq olur. Nəticə etibarilə Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya istiqamətində çox uğulu addımlar atır.
Millət vəkili Cavid Osmanov da deyir ki, Azərbaycan dünyanın bir hissəsidir və iqtisadiyatımız dünya iqtisadiyyatına inteqrasiya edir. Onun sözləinə görə, belə bir şəraitdə ölkəmiz qlobal mənfi təsirlərdən tam sığortalanmayıb: "Yəni, respublikamızda yaşanan yeni iqtisadi şərait heç də sırf daxili və iqtisadi amillərlə bağlı deyil. Ötən illərdə respublikamız həm regional, həm də qlobal miqyasda sıx inteqrasiya proseslərinə qoşulub. Yəni biz dünyanın bir hissəsiyik. Bu mənada qlobal miqyasda gedən proseslərin Azərbaycana da hansısa bir formada təsir göstərməsi qanunauyğundur. Hazırda əsas məsələ ölkə iqtisadiyyatının və bütövlükdə cəmiyyətimizin yeni iqtisadi şəraitə effektiv adaptasiya mexanizmlərini tapmaqdan, meydana çıxan qlobal çağırışlara qoşulmaqdan ibarətdir. Təbii ki, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyevin ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə qəbul etdiyi qərarlar konseptual xarakter daşımaqla respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb". Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla verdiyi tapşırıqlar və imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu və bu kursun başlıca istiqamətləri artıq müəyyənləşdirilib: " Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bütövlükdə, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, qeyri-neft sektoruna xüsusi diqqət göstərilməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır". Millət vəkilinin sözlərinə görə, ölkəmizin iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır: "Son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Ölkəmizdə qeyri-neft sektorunun artım dinamikasında özəl sektorun dəstəklənməsi tədbirlərinin mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Ölkədə yaranmış hazırkı şəraitdə isə neftdənkənar iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni nəsil islahatlar həyata keçirilir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir". Cavid Osmanov bildirib ki, ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir: "Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib. Orta təbəqənin formalaşması, ilk növbədə, kiçik və orta sahibkarlıq sektorunun inkişafı ilə bağlıdır. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. İş ondadır ki, hökumət əsasən bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizi məhz regionların payına düşür, əsasən kənd təsərrüfatına diqqət yönəlir. Bundan başqa, aparılan siyasətin başlıca hədəfi daha çox istehsal sahələrini nəzərdə tutan layihələri maliyyələşdirməkdən ibarətdir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin mütləq hissəsi istehsal və emalyönümlü olub. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb. Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara Öz dəstəyini bəyan edib. Son illər sahibkarlığın inkişafı istiqamətində dövlət başçısı tərəfindən müvafiq qərarlar qəbul olunub, eləcə də qanunvericilik bazası təkmilləşdirilib. Lisenziyaların sadələşdirilməsi, əsassız yoxlamaların qarşısının alınması yönündə atılan addımlar da bunu sübut edir". Millət vəkili deyib ki, son 13 ildə Azərbaycanın bütün sahələrdə davamlı olaraq uğurlar qazanmasında 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının mühüm rolu olub: "İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Hazırda da bu yöndə işlər uğurla davam etdirilir".
Məhəmməd