Kredit kartlarının sayı 2 dəfəyədək azalıb

Samir Əliyev: “Kredit kartlarının azalması həm onlarla aparılan əməliyyatların həcminə, həm də onların sayına mənfi təsir göstərib”

Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi fonunda ölkənin maliyyə sektorunda baş verən problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər müəyyən mənada öz müsbət təsirini göstərsə də, lakin bəzi tədbirlərin o qədər də səmərəli olmadığı da müşahidə edilməkdədir. Hazırda ölkənin maliyyə sektorunda nağdsız ödənişlərin kəskin azalması və prosesin bundan sonra da azalmaqda davam edəcəyi halı müşahidə olunur. Belə ki, Devalvasiyanın zərbəsinin fasadları aradan qalxmamış Maliyyə Bazarlarına Nəzarət Palatası nağdsız ödənişlərə növbəti zərbəni vurdu. Palata əvvəlcə xarici valyutada istehlak kredit verilməsini bir aylıq dayandırdı. Sonra isə kredit şərtlərini ağırlaşdırmaqla vətəndaşların kreditə, o cümlədən kredit kartlarına əlçatanlığını pisləşdirdi. Proses belə davam edərsə kredit kart istifadəçilərinin sayı kəskin azalacaq. Bu isə nağdsız ödənişlərin inkişafını tormozlayır.
İqtisadçı Samir Əliyev deyir ki, ilk devalvasiyadan bəri kredit kartlarının sayı 2 dəfəyədək azalaraq 1322 mindən 780 minə düşüb. Kredit kartlarının ümumi plastik kartlarda payı isə bu müddətdə 22 faizdən 14 faizə düşüb: "Əhalinin hər 12 nəfərinin cəmisi birinin cibində kredit kartı var. Bu gedişlə ancaq hər 20-ci şəxs kredit kartı sahibinə malik ola biləcək. Halbuki devalvasiyadan əvvəl hər 7-ci şəxs kredit kartına malik idi". İqtisadçı hesab edir ki, kredit kartlarının azalması həm onlarla aparılan əməliyyatların həcminə, həm də onların sayına mənfi təsir göstərib: "Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin I rübündə 644 milyon AZN olduğu halda 2016-cı ilin müvafiq dövründə 446 milyon AZN-ə düşüb. Belə kartlarla aparılan əməliyyatların sayı ötən ilin yanvar-mart aylarında 4761 olduğu halda bu ilin ilk üç ayında 2737-yə düşüb". Samir Əliyev bildirib ki, devalvasiya ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcminə də mənfi təsir göstərib: "2015-ci ilin yanvar ayından, devalvasiyadan əvvəlki ay belə kreditlərin həcmi 685,2 milyon AZN olsa da, aprelin 1-i tarixinə 611 milyon AZN-ə düşüb. Son statistik məlumata görə, kredit kartları üzrə kreditlərin 362,7 milyon AZN-i milli, 248,3 milyon AZN-i isə xarici valyutaların payına düşür. Palatanın qəbul etdiyi qaydalardan sonra ən azı xarici valyutada olan kredit kartlarının sayı kəskin azalacaq. Çünki aylıq gəlirləri milli valyutada olan şəxslər xarici valyutada kredit götürə bilməyəcəklər. Bundan başqa milli valyuta kreditləri şərtlərinin ağırlaşdırılması ödəniş kart sahiblərinin sayını əhəmiyyətli dərəcədə azaldacaq. Palatanın misal üçün 1000 manatlıq kredit kartı üçün 40-50 min manatlıq evi girov qoymaq təşəbbüsü gülməli olmaqla yanaşı, həm də təhlükəlidir. Borcun gəlirə nisbəti əmsalının aşağı salınması, aylıq gəlir olaraq ancaq xalis gəlirin götürülməsi, yaşayış minimumun nəzərə alınması, zaminlərin kredit ötürənlərə bərabər tutulması və s. kimi məhdudlaşdırıcı qaydalar tezliklə bankomatların və POS terminalların xidmətinə ehtiyacı kəskin azalda bilər".
İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın 2016-cı ilin II rübü üzrə statistik hesabatında bu azalma özünü daha qabarıq şəkildə göstərəcək: "Ona görə də Palata qaydalara yenidən baxmalı nağd kreditləşmədən fərqli olaraq ödəniş kartlar vasitəsilə kreditləşmə şərtlərini yumşaltmalıdır".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31