Kredit problemi, yoxsa bankların inadkarlığı?
Müştərilərinə güzəştə getməyən banklar özləri iflic vəziyyətinə düşüb
18 May 2016 12:59 İqtisadiyyatÖlkədə yaranan kredit problemini həll etmək müşkül məsələyə çevrilib. Məsələ orasındadır ki, banklar müştəriləri qarşısında heç bir halda güzəştə getmək istəmir, müştərilər isə borclarını yeni şərtlərlə ödəməkdə çətinlik çəkirlər. Daha doğrusu, müştərilərin yeni şərtlərə riayət etmələri üçün maddi imkanları məhduddur. Buna rəğmən, ölkənin ali qanunverici orqanı "Banklar haqqında" qanuna əlavə və dəyişikliklər etməklə vətəndaşların hüquqlarını daha da məhdudlaşdırmış olurlar. Üstəlik ölkənin Konstitusiya Məhkəməsi də ilk devalvasiyadan sonra bankların xeyrinə qərar qəbul edib. Acınacaqlı haldır ki, yaranmış problemin çözülməsində nə banklar, nə də qanunverici orqan vətəndaşların mənafeyini nəzərə almır. Məsələn, parlamentin ötən iclasında "Banklar haqqında" qanuna edilən əlavə və dəyişikliklə bankların səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərində müstəsna yenilik edildi. Yeniliyə əsasən, banka aiddiyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək. Həmçinin, Müşahidə Şurasının səlahiyyətlərinə də eyni məzmunda əlavə edilir. Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 %-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb. Digər dəyişiklik isə banklara aidiyyəti şəxslərlə əməliyyatların aparılması ilə əlaqədardır. Belə ki, qanunun 40-cı maddəsinə edilən dəyişikliyə əsasən, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcək. Həmçinin, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, Müşahidə Şurasının qərarı olmadıqda banklar aiddiyyəti şəxslərə kredit verə bilməyəcək. Qeyd edək ki, hazırda 40-cı maddəyə əsasən, kreditin verilməsinə və onun şərtlərinə dair Müşahidə Şurasının razılığı və İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda banklar aiddiyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit verə bilmir. Milli Məclisin mayın 17-də keçirilən iclasında isə Azərbaycanda banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib. Belə ki, səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə ediləcək. İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir əlavəyə görə, digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manatadək miqdarda, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək miqdarda cərimə ediləcək. Bu arada Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına əsasən, Azərbaycanda istehlak kreditlərinin verilməsi yeni parametrlər əsasında həyata keçiriləcək. Belə ki, bundan sonra kreditin maksimum miqdarı müəyyən edilərkən vətəndaşın aylıq borc yükünün onun gəlirlərinə nisbəti hesablanacaq. Yenı hesablama metodologiyasına görə, ilk olaraq borc alanın hazırda digər banklara borcunun olub-olmadığı araşdırılır. Tutaq ki, bu borc aylıq 200 manat təşkil edir. Bu rəqəmin üstünə vətəndaşın hazırda kredit almaq istədiyi məbləğin aylıq ödənişi də əlavə olunur. Misal üçün, 250 manat. Alınan rəqəm, yəni 400 manat vətəndaşın aylıq maaşına, məsələn 1000 manata bölünür və vurulur 100 faizə. Nəticədə məlum olur ki, vətəndaşın aylıq borc yükü onun gəlirlərinə nisbətdə 45 faiz təşkil edir. Bundan əlavə, borcalanın gəlirləri və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən artıq olduqda həmin kredit qənaətbəxş aktiv kimi təsnifləndirilməlidir. Yəni, vətəndaşın maaşından aylıq kreditlərin ödənilməsi üçün müəyyən edilmiş məbləğ çıxılır, məsələn, 1000-dən 450 çıxılır, yerdə qalır 550 manat. Bu, ölkədə 136 manat səviyyəsində müəyyənləşdirilmiş yaşayış minimumundan çox olduğundan həmin vətəndaşa kredit ayrıla bilər. Fakt isə ondan ibarətdir ki, qanunvericilikdə edilən bütün dəyişikliklərə baxmayaraq ölkədəki bankların fəaliyyəti iflic vəziyyətinə düşüb. Ölkədə nə fiziki, nə də hüquqi şəxslərə kredit verilmir. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən banklar öz funksiyasını itirməkdədir. Demək olar ki, onların böyük əksəriyyəti istehlak krediti verə bilmir, vətəndaşın əmanətinin qorumasını tam şəkildə təmin etmir, üzərinə düşən öhdəliklərin yerinə yetirilməsində çətinlik çəkirlər: "Çünki, banklar sırf iki funksiyanı yerinə yetirirdi: depozit qəbul edirdi və kredit verirdi. Amma dünya bank təcrübəsi göstərir ki, banklar daha böyük həcmli işlərdə-yatırımlarda, fond yaratmaqda, aktiv layihələrdə iştirak etməlidirlər. Beynəlxalq təcrübə bunu diktə edir. Azərbaycanda isə çox səhv yol tutulub. Bunun da günahını təkcə kommersiya banklarında axtarmaq doğru olmaz. Məsələ burasındadır ki, Azərbaycanda alətlər-qiymətli kağızlar yox idi. Səhm bazarı zəif inkişaf etdikdə bankların yatırımçı fondlar kimi bazarda fəaliyyət göstərməsi üçün şərait yox idi. Bunun nəticəsində də banklar iki klassik üsuldan-depozit yerləşdirmək və kredit verməkdən istifadə edirdilər". İqtisadçı indiki halda bankların çox ciddi problemlərlə qarşılaşdığını bildirib: "Çox təəssüf ki, nə hökumət, nə Mərkəzi Bank, nə də yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının heç birindən banklarla bağlı doğru-dürüst, köklü işlənmiş proqram görmürük. Hələ ki, bir-birini tamamlamayan, bəzən tamamilə bir-birinə zidd olan addımlar atılmaqdadır. Banklar indiki durumdan nə qədər tez çıxacaqsa, ölkədə iqtisadi aktivlik də bir o qədər tez yaranacaq. Çünki, artıq rəsmi rəqəmlər də göstərdi ki, ölkədə durğunluq var. Birinci rübdə Ümumi Daxili Məhsul (ÜDM) 3,5 faiz azalıb. Neft və qeyri-neft sektorunda da ciddi azalmalar müşahidə olunmaqdadır. Bu onu göstərir ki, iqtisadiyyatın qan-damar sistemi olan bankların zəifliyi, passivliyi ümumi iqtisadiyyata ciddi təsir göstərir. Bu nöqteyi-nəzərdən banklara depozit yerləşdirmək üçün müraciətlərin sayı kəskin azalıb, çünki, insanlar bütün maliyyə sisteminə güvənmirlər. Banklar eyni zamanda kreditləşmədə aktiv iştirak edə bilmirlər. Çünki, manat likvidliyi yoxdur. Mərkəzi Bank sərt monetar siyasət həyata keçirir deyə manat likvidliyinə çıxış imkanları məhdudlaşıb. Krediti manatla deyil, dollarla kredit vermək istəyirlər ki, özlərini sığortalasınlar. Vətəndaş da valyuta ilə kredit götürmək istəmir. Belə bir təzadlı durum yaranıb. Bu durum nə qədər çox uzanacaqsa, ölkənin iqtisadiyyatına, makroiqtisadi göstəricilərə bir o qədər mənfi təsir edəcək. Bu anlamda Azərbaycandakı kommersiya bankları öz klassik funksiyalarını itirməkdədirlər. Bu isə iqtisadiyyata yaxşı heç nə vəd etmir". İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə birinci devalvasiyadan başlyaraq əmanətərin məbləğində azalmalar müşahidə edilib. Məsələnin digər tərəfi ondan ibarətdir ki, hələ də bir sıra banklarda əmanətçilərə pulların qaytarılması ilə bağlı ciddi problemlər qalmaqdadır. İndi vətəndaş halal pulunu bəzi banklardan geri ala bilmir. Əmanətlərin müqaviləyə uyğun olaraq zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daha real addımların atılmasına ehtiyac var. Bankların problemli kreditlərinin həcminin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır. Ona görə də, heç bir halda kreditlərin yubadılması əmanətlərin qaytarılmaması üçün bəhanə olmamalıdır. Buna görə də, adıçəkilən palata tərəfindən əmanətlərin qaytarılması üçün konkret meyarların müəyyənləşdirilməsi və ona nəzarət edilməsin ehtiyac var".
Alim