Banklar faktiki olaraq iflic vəziyyətindədir
Deputat: “Kreditlərlə bağlı intiharların sayı artır”
17 May 2016 14:57 İqtisadiyyatAzərbaycanda banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr Milli Məclisin mayın 17-də keçirilən iclasında qəbul edilib. Dəyişikliyə əsasən, məcəlləyə yeni iki bənd əlavə edilib. Belə ki, səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə ediləcək. İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir əlavəyə görə, digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manatadək miqdarda, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək miqdarda cərimə ediləcək. Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib ki, kreditlərlə bağlı intiharların sayı artır: "Əsas məsələ vətəndaşa dəstək verməkdir. Banklara dəstək verilir, ancaq hələ də vətəndaşlara dəstək verilməsi hallarını görmürük. Dollarla kredit götürən insanlar devalvasiyanı proqnozlaşdıra bilməzdilər. Vətəndaşların kredit borcları ilə bağlı yaxın vaxtlarda Milli Məclisdə qanunlara dəyişikliklərin müzakirəsi aparılmalıdır". Onun sözlərinə görə, çox vaxt vətəndaşlar tələm-tələsik kreditin xarici və ya milli valyutada olduğunu dəqiq bilmədən sənədə imza atır və sonradan problem yaşayır: "Devalvasiyadan sonra banklara 1,6 milyard manat əlavə pul ödənməlidir. Banklar haqlı olaraq pulunu tələb edir. Vətəndaş da haqlıdır ki, krediti götürdüyü vaxtdakı xarici valyuta ilə ödəmək istəyirlər. Bu istiqamətdə Mərkəzi Bank iş görmür, yalnız 3 banka vəsaitlərinin 71 faizini verib. Ölkədə 37 bank var və onların 50 faizinin kredit borclarını qaytarması ilə problemi var. Onlara dəstək verilməsi lazımdır ki, 2 milyarda yaxınlaşan borcları 1 milyardı ödənilsin. Vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır. Burada qanuna dəyişiklik edirik, amma problem özlüyündə həll olunmur. İntiharların sayı artır, insanların əksəriyyəti ailə problemi ilə qarşılaşır. Burada Milli Məclisin təşəbbüs göstərməsi lazımdır ki, insanları acınacaqlı vəziyyətdən çıxardaq. Hökumət banklara daha çox dəstək verməklə problemi həll etdi, amma vətəndaşa kömək üçün addım atılmır. Devalvasiyadan sonra yaranmış vətəndaşların kredit məsələsində ən azı qanunvericilik təşəbbüsü formasında layihələrin verilməsi vacibdir. Suyun qiyməti qalxdı, sosial şəbəkələrdə qazın, işığın mərhələli qiymətlərinin artacağı deyilir və qeyd olunur ki, təkliflər verilib. Borcu olan insanlar qiymət artımından sonra hansı vəziyyətə düşəcəklər?! Bu sosial durumun ağırlaşmasına səbəb olacaq. Şərait yaratmaq lazımdır ki, insanlar sıxıntılı vəziyyətdən çıxsınlar". Deputat Vahid Əhmədov xatırladıb ki, bank sistemində yaranmış problemlərlə bağlı bank rəhbərlərinin Milli Məclisə dəvət edilməsi təklif olunmuşdu: "Ancaq bu, baş vermədi. Mən və həmkarım Əli Məsimli xüsusi təkliflər paketi hazırlayaraq müvafiq qurumlara və Milli Məclisin spikerinə təqdim etmişik. Bir aydır gözləyirik ki, təkliflərimizə cavab verilsin. Mən yenə də öz təklifimdə qalıram. Bank rəhbərlərini komitələrə və Milli Məclisə dəvət etmək lazımdır. Faktiki olaraq, banklarda fiziki və hüquqi şəxslərə kredit verilməsi dayandırılıb, bank sistemində likvidlik və digər problemlər qalır. Hal-hazırda bank sistemi dayanıb, hüquqi və fiziki şəxslərə kredit verilmir, likvidlik və kredit portfeli məsələsi həll olunmayıb. Banklar faktiki olaraq iflic vəziyyətindədir". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, V. Əhmədov və Ə. Məsimlinin təklifləri bu günlərdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq: "Bütövlükdə bank sektorunda yaranmış vəziyyət dərindən araşdırılmalıdır. Banklar son illər xeyli əsassız gəlirlər əldə ediblər. Həmkarlarımız haqlı olaraq bildirirlər ki, həmin gəlirlərin bir hissəsindən devalvasiya nəticəsində ziyan çəkmiş vətəndaşlar üçün istifadə edə bilərik. İnanıram ki, bu məsələ ilə bağlı konsensusa nail ola biləcəyik".
Alim