Banklarla əhali üz-üzə qalıb

Əhali dollarda götürdükləri kreditləri geri qaytarmaqda çətinlik çəkir

Keçən ilin sonlarında ölkədə baş verən devalvasiyadan sonar banklara hökumət tərəfdən müəyyən dəstək olsa da, əhalinin ümidi isə yalnız banklara qalıb. Bankların güzəşti isə əhaliyə dəymiş zərərin qarşılanması yox, zaman baxımından möhlət hüququnun əldə edilməsinə xidmət göstərir. 2015-ci il devalvasiyalarından sonra kredit ödənişi sahəsində yaranmış böhranı həll etmək üçün hökumətin atdığı addımlar təəssüf ki, daha çox bankların xilasına yönəldilmişdi. İlk olaraq Mərkəzi Bank birinci devalvasiyadan dərhal sonra bank qanunvericiliyinə bəzi dəyişikliklər edərək banklara dair bəzi normaları yumşaltdı. Xarici valyutada olan kreditlərin yeni məzənnə ilə qaytarılmasına dair Konstitusiya Məhkəməsinin 15 may 2015-ci il tarixli mübahisəli qərarı isə banklara əhəmiyyətli dəstək oldu. Beynəlxalq Banka və Bank Standardın zərərli aktivlərinin xilası üçün maliyyə yardımı edildi. Digər bankların likvidliyinin təminatı üçün Mərkəzi Bank tərəfindən güzəştli kreditlər verildi. Banklar da öz tərəfindən problemi aradan qaldırmaq üçün müəyyən təşəbbüslər göstəriblər. Kredit təşkilatları dollar kreditlərini restrkturizasiya edərək onun şərtlərini nisbətən yüngülləşdiriblər. Məsələn, kreditin müddətini uzadıblar, illik faiz dərəcəsini bir neçə faiz bəndi aşağı salıblar, dollar kreditini manata çeviriblər və s. Hətta nisbətən aşağı məzənnə ilə (1 dollar = 1.35 manat) kredit qəbul edən banklar da olub. Təəssüf ki, bütün bu güzəştlər kifayət etmir və əhalinin devalvasiya nəticəsində düşdüyü zərəri kompensasiya edə bilmir.
Sivil Toplum Platformasının apardığı araşdırmaya əsasən real mənzərə onu göstərir ki, fakitiki olaraq kreditlərin ödənişi donmuş vəziyyətdədir. Burdan da hər iki tərəf itirir. Bankların itkisi ondan ibarətdir ki, onların digər öhdəliklərinin (xarici banklar və əmanətçilər) yerinə yetirilməsi risk altına düşür, gəlirləri azalır, zərəri artır. Əhalinin isə gecikməyə görə borclarına faiz hesablanaraq borc yükü artır, girovları əlindən alınır, kredit tarixçəsi pisləşir. İlk dövrlərdə müəyyən dəstək təşəbbüsləri səslənsə də son anda maliyyə intizamsızlığı riski əsas gətirilərək məsələnin həlli banklarla əhali üzərinə atıldı.
Sivil Toplum Platforması hesab edir ki, məsələni indiki vəziyyətdə saxlayaraq problemin həllini banklarla əhalinin öhdəsinə buraxmaq çıxış yolu deyil. Bildirilir ki, son dövrlər kredit ödəməməyə görə intihar hallarının artması, insanların əmlaklarının əllərindən alınması kimi neqativ hallar gündəmi zəbt edib. Hətta həbs nümunələri də müşahidə edilməkdədir. Kredit təşkilatları, həmçinin kollektor şirkətəri tərəfindən kredit götürən şəxslər sanki mənəvi terrora məruz qalırlar. Onlar və zaminlər məhkəmələrlə qorxudulur, iş yeri, qohum əqrabaları, ailələri vasitəsilə onlara psixoloji təsirlər edilir. Kreditlərin ödənilməməsi məsələsində sui-istifadə halları olsa da əsas səbəb devalvasiya nəticəsində müştərilərin aylıq ödənişinin artmasıdır. Problem həllini tapmazsa nəinki əhali zərbə altına, həmçinin gələcəkdə ölkənin maliyyə sisteminin dayanıqlığı risk altına düşər. Buna görə də hökumət problemin həllinə müdaxilə edərək kredit ödənişinə dəstək verməlidir. STP dəymiş zərərin bütünükdə vətəndaşların üzərinə qoyulmasını qeyri-məqbul sayır və zərəri ödənilməsində hər üç tərəfin (vətəndaşın, bankların və hökumətin) aktiv iştirakının vacibliyini qeyd edir. STP ekspetləri kompensasiya mexanizminin ancaq xarici valyutada olan istehlak kreditlərinə şamil edilməsini məqbul sayır və bir sıra kompensasiya mexanizmini təklif edir. Birinci təklif ondan ibarətdir ki, 21 fevral 2015-ci il tarixinə qədər xarici valyutada götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar - 1.05 AZN məzənəsi ilə kredit ödənişləri edir, hökumət isə ödənilən hər 1 dollara görə banklara 25 qəpik məbləğində kompensasiya ödəyir. İkinci təklif isə ondan ibarətdir ki, 21 fevral - 21 dekabr 2015-ci il tarixi aralığında götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar - 1.20 AZN məzənəsi ilə kredit ödənişləri edir, hökumət isə ödənilən hər 1 dollara görə banklara 20 qəpik məbləğində kompensasiya ödəyir.
Qeyd edək ki, bu gün faktiki olaraq banklarla əhali üz-üzə qalıb. Əhali dollarda götürdükləri kreditləri geri qaytarmaqda çətinlik çəkir. Bank isə onlardan öhdəliklərini yerinə yetirməyi tələb edir. Rəsmi məlumatlara görə, 21 fevral devalvasiyasından sonra xarici valyutada olan istehlak kreditlərinə görə, əhalinin borc yükü 731,8 milyon manat, 21 dekabr devalvasiyasından sonra isə 848 milyon manat artıb. Ümumilikdə isə hər iki devalvasiya nəticəsində vətəndaşlar banklara əlavə olaraq 1,6 milyard manata yaxın vəsait ödəməlidir. Bunların bir hissəsi ödənilib, əsas hissəsi isə ödənilməmiş qalır.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31