Azad Rəhimov Belçikaya gedib
12 Sentyabr 2014 16:38 İdmanBelçikanın Antverpen şəhərində Xüsusi Olimpiya Avropa Yay Oyunları ilə bağlı tədbirlərə start verilib. 14-21 sentyabr tarixləri arasında davam edəcək olimpiya oyunlarında 58 Avropa və Avrasiya ölkəsindən 2000-dən artıq əqli imkanları məhdud olan idmançı iştirak edəcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, rəsmi qonaq kimi açılış mərasiminə dəvət alan nazir Azad Rəhimov Belçikaya yola düşüb.
Qeyd edək ki, Xüsusi Olimpiya Oyunları ərəfəsində Belçikanın Lommel şəhəri Bakı şəhəri ilə sıx əlaqələrə əsasən 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Ən maraqlı məqamlardan biri Azərbaycan komandasının yarışlar zamanı Lommel şəhərində qalması münasibəti ilə orada abidənin açılış mərasiminin keçirilməsi olacaq. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Lommel şəhərinin meri Peter Vanvelthoven və Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov iştirak edəcəklər.