"Bolqarıstan bizdən güclü deyildi” – Qara Qarayev

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində milli komandamız doğma meydanda Bolqarıstanla qarşılaşdı və rəqibinə 1:2 hesabı ilə uduzdu. Qol.Az-ın məlumatına görə, oyundan sonra yığmamızın yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

- Məğlubiyyətə necə şərh verə bilərsən?

- Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qrup mərhələsinə qalibiyyətlə başlayaq. Özünüz də gördünüz ki, yaxşı mübarizə aparırdıq. Yəni xal itirilməyəsi bir oyun idi. Ancaq bəxtsizlik öz sözünü dedi.

- Buraxdığımız qollarda kimlərin səhvi var idi?

- Kimisə günahlandırmamalıyıq. Komanda şəkildə mübarizə aparırıq. Qol buraxırıqsa, bunda hər kəsin səhvi var. Qələbəmizdə hər kəsin payı olduğu kimi, məğlubiyyət də bütün futbolçuların adına yazılmalıdır.

- Bu oyundan heç olmasa bir xal qazanmalı idik. Bunu futbolçularımız matçdan əvvəl verdikləri açıqlamalarında demişdi.

- Biz də çox istəyirdik ki, Bolqarıstandan ən azı bir xal alaq. Məqsədimiz qrupdan "pley-off"a çıxmaqdır. Çalışacağıq ki, bundan sonrakı oyunlarda nəticə qazanaq. Məncə, Bolqarıstan bizdən güclü deyildi. Sadəcə bəxtimiz gətirmədi.

- Görüşün sonuna yaxın komandamızda yorğunluq hiss olunurdu. Bu nə ilə bağlı idi?

- Havanın isti və meydançanın bərbad vəziyyətdə olması oyunumuzu çətinləşdirirdi.

- Belə oyunla komandamızın qrupdan çıxmaq şansı qalır?

- Bizim məqsədimiz üçüncü yei tutmaqdır. "Pley-off"da da yaxşı nəticə qazanıb, qrupdan çıxmaq istəyirik. Bunu nə dərəcədə bacaracağımzı qarşıdakı oyunlar göstərəcək.

- Qarşıda İtaliya və Xorvatiya kimi komandalarla matçlar gəlir.

- Bu rəqiblərin gücünə siz də bələdsiniz. Bilirik ki, bizi daha çətin qarşılaşmalar gözləyir. Ancaq həmin oyunları azarkeşlərimiz üçün oynayacağıq. Bu məğlubiyyəti unutdurmalıyıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31