Messini kim şantaj edir?
6 Noyabr 2013 14:04 İdman"Barselona"nın argentinalı ulduz futbolçusu Lionel Messinin başı yaman dərddədir. Siasport.az saytı xəbər verir ki, dünyanın bir nömrəli ulduz futbolçusu kimi təqdim olunan argentinalı, sən demə "Barselona"dan ayrılması üçün şantaj olunur. Eurosport.com iddia edir ki, dünyanın ən böyük idman geyimi markalarından olan "Adidas" argentinalı hücumçunun bu şirkətin formasını geyən bir komandaya transfer olunmasını istəyir. Sözügedən markadan illik 20 milyon avro qazanan Messiyə "Çelsi"dən təklif gəlsə də, o, bunu rədd etmişdi. Ancaq "Adidas" bu dəfə futbolçunun "Çelsi", "Real" (Madrid), "Bavariya" kimi klublara transfer olunması üçün Messini şantaj edib. "Adidas" futbolçunun Kataloniya klubundan ayrılmayacağı təqdirdə onunla sponsorluq müqaviləsini ləğv edəcəyini bildirib. Messinin bundan sonra hansı qərar verəcəyi maraqla gözlənilir.