Marin Orsuliç İsraildə oynayacaq, oynamayacaq?
12 İyul 2013 19:24 İdman"Xəzər Lənkəran"ın futbolçusu Elnur Abdullayev Avropa Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" ilə oyunlardan kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi turnirin I təsnifat mərhələsində Maltanın "Slima" klubu ilə cavab oyununun ikinci hissəsində meydana çıxdıqdan 4 dəqiqə sonra birbaşa qırmızı vərəqə aldığına görə UEFA-nın ən azı 2 oyunluq cəzasına məruz qalacaq. Bu isə onun avtomatik Hayfa təmsilçisi ilə hər 2 matçı buraxacağı deməkdir.
Maltalılarla matçlarda qırmızı vərəqə alan Elnurun adaşı - müdafiəçi Elnur Allahverdiyev səfərdə 2 sarı vərəqə aldığına görə 1 oyunluq diskvalifikasiya idi. Yəni onun cəzası bitdiyindən, "Makkabi" ilə iyulun 18-də keçirilən ilk matçda meydanda olacaq.
Cənubluların xorvatiyalı yarımmüdafiəçisi Marin Orsuliç isə maltalılarla oyunlarda sarı vərəqə aldı. Bu isə ilk baxışdan legionerin cəzalı duruma düşməyi deməkdir. Ancaq UEFA-nın ötən mövsümdən turnirin əsasnaməsində etdiyi dəyişikliyə görə futbolçu 2 yox, 3 sarı vərəqəyə görə cəzalı olur. Deməli, Marin Hayfada komandasına kömək edə biləcək.
Qeyd edək ki, lənkəranlılar ötən il Avropa Liqasında Estoniyanın "Nomme Kalyu" klubunu keçdiyi matçlarda legioner yarımmüdafiəçiləri - artıq komandada olmayan xorvatiyalı Roberto Alvizlə malili Sadio Tounkara sarı vərəqə alsalar da, dəyişikliyə görə Polşanın "Lex" klubu ilə Lənkərandakı ilk matçda meydana çıxa bildilər.