Leroy Corc: Digər oyunlarda da qol vuracağam - MÜSAHİBƏ

"Qarabağ"ın surinammənşəli hollandiyalı futbolçusu Leroy Corcun apasport.az saytına müsahibəsi

- "Metallurq"la oyunda yenə çətinliklə qələbə qazandınız. Fikirlərinizi bilmək istərdik.
- Evdə ilk qələbəmiz idi. Biz yaxşı oyun nümayiş etdirdik. Çoxlu qol şanslarımızdan yararlana bilmədik. Ancaq nəticədə ən yaxşı olan tərəf qələbə qazandı. Hesab 1:0 olandan sonra daha yaxşı təsir bağışladıq.

- İlk oyunda olduğu kimi, yenə meydanda çox az oldunuz. Az şans qazanmağınızın səbəbi nədir?
- 2 həftədir ki, komanda ilə birgəyəm. Yeni komandadayam. Görünür, bu səbəbdən hələ əsas heyətdə yer almıram. Baş məşqçi məni alıbsa, deməli, oynadacaq. Düşünürəm ki, 3-cü həftədən etibarən əsas heyətdə məni də görəcəksiniz. Mənim üçün problem yoxdur. Mən məşqlərimi edirəm və ilk dəqiqələrdən oynaya biləcəyim zamanımı gözləyirəm.

- "Qarabağ"da ilk qolunuzu vurdunuz. Meydana girdikdən 6 dəqiqə sonra fərqləndiniz. Birinci qolunuz haqqında nə deyə bilərsiniz?
- İlk qolumu vurduğum üçün çox şadam. Komanda da çox sevinclidir ki, mən ikinci rəsmi oyunumda fərqləndim. Bu qolun komandamı növbəti mərhələyə daşımasını təmin etməsi məni sevindirdi. Ümid edirəm ki, Avroliqanın digər qarşılaşmalarında da qollarımı sıralayacağam.

- Sizinlə bərabər hollandiyalı hücumçu Melvin Platye də NEK-dən ölkə çempionumuz "Neftçi"yə keçdi. Bunu bilirdiniz?
- Əlbəttə, bilirdim. Onunla NEK-də son 2 ildir ki, bir yerdə oynayırdıq. Melvin mənim ən yaxın dostumdur. Onunla Hollandiyada tandem təşkil edirdik.

- Bəs vaxtilə "Qəbələ"də çıxış etmiş digər hollandiyalı Stiv Olfersi tanıyırsınızmı?
- Yox, onunla yaxın tanışlığım yoxdur. Sadəcə adını eşitmişəm. Ancaq "Ayaks"ın sabiq futbolçusu Lorentso Ebesilionu tanıyıram. Bilirəm ki, o da sizin klublardan birinə keçib.

- Bəs növbəti rəqib "Pyast" haqqında düşüncələriniz necədir?
- Hazırda bu komanda haqqında heç nə deyə bilmərəm. Çünki Polşa klubunu tanımıram. Ancaq yaxşı oynamaq üçün "Pyast" haqqında daha ətraflı məlumat toplamağa çalışacağıq. Çünki növbəti mərhələdə artıq güclü komanda qarşımıza çıxacaq.

- Avroliqada ilk oyununuzu "Qarabağ"da keçirdiniz, yoxsa əvvəl karyeranızda bu turnirdə çıxış etmişdiniz?
- Hollandiyada oynayarkən bu turnirdə çıxış etmək təcrübəm var. Onda "Utrext"in şərəfini qoruyurdum.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31