“Dənizlispor”un meneceri: “Yunisoğlu Məlikovdan da yaxşı oynayacaq” - MÜSAHİBƏ

"Dənizlispor"un meneceri Mehmet Ali Kəskinlərin apasport.az saytına müsahibəsi

- Rail Məlikov getdikdən sonra sizin komandaya mərkəz müdafiəçinin lazım olması aydın məsələ idi. Ancaq bu mövqeyə türk yox, yenə azərbaycanlı oyunçunun alınması nə ilə bağlıdır?
- Azərbaycanda güvəndiyimiz kanallar var. Onlar vasitəsilə Saşa Yunisoğlunu aldıq. Rail bizim üçün önəmli oyunçu idi. Onun yanında oynayan müdafiəçilər təcrübəsiz idilər. Bizə isə təcrübəli oyunçu kimi Saşa məsləhət görüldüyündən, onu transfer etdik. Ölkənizdən mərkəz müdafiəçisi ala bilməsək belə, başqa mövqeyə azərbaycanlı transfer edə bilərdik. Çünki bizdə 2 azərini türk statusunda oynatmaq olur. Məhz bu şansımızdan yararlanmaq istəyirdik. Çünki həm Arif İsayev, həm də Rail Məlikovun ötən mövsümkü çıxışından məmnun qalmışdıq.

- Bəs onun Azərbaycanda "Sumqayıt"la müqaviləsinin olduğunu bilirdinizmi?
- Bizə bu oyunçunu gətirə biləcəkləri deyildi. Açığı, mən yeni il ərəfəsində Bakıya səfər edən vaxt Azərbaycan vətəndaşlığı olan Usim Ndukanın oyununu bəyənmişdim. Ancaq bizə Saşa tövsiyyə olundu. Onun bir klubla bağlantısının olduğunu bilirdik. Bununla belə, həmin müqavilənin pozulacağının bir problem olmayacağı, ordan sənədlərini ala biləcəyi deyilmişdi.

- Bəs Saşadan əvvəl Usimlə əlaqə saxlamışdınız?
- Yox. Mən yalnız onu qışda AZAL-ın oyunu zamanı görmüşdüm. Azərbaycan vətəndaşı olduğu üçün diqqətimi çəkmişdi. Ancaq bu futbolçu ilə hər hansı bir görüşümüz olmayıb.

- Mövsümün gedişində Ariflə Saşanı başqa klublardan gələn təklif nəticəsində buraxmalı olsanız, yenə onların yerini azərbaycanlı ilə doldurmaq istəyəcəksiniz?
- Azərbaycandan gələn oyunçulardan çox razıyıq. Başqa ölkələrdən də əcnəbi futbolçular gəlir. Ancaq bizim mədəniyyətə sahib olduğundan azərbaycanlılarla anlaşmağımız daha asan olur. Dilimiz, dinimiz, mədəniyyətimiz eyni olduğu üçün onlar bura daha tez uyğunlaşır. Təbii ki, bu 2 azəri futbolçu "kontenjan"ında boşluq olarsa, bunu hər zaman doldurmağa çalışacağıq. "Dənizlispor"da işlədiyimiz müddətdə bizdə həmişə azərbaycanlı futbolçu olacaq.

- Bizim mətbuata verdiyiniz müsahibədə demişdiniz ki, Raillə bağlı yalandan qəza xəbərini yazan mənbəni axtarırsınız. Tapacağınız halda, həmin KİV orqanını məhkəməyə verəcəksiniz...
- Həmin orqanın Dənizlidə təmsilçisi var. Burdakı nümayəndələri "biz yazmadıq, mərkəzdən yazdılar" deyir. Mərkəzləri ilə də görüşüb danışmışam. Aydın məsələdir ki, bu, yerli Dənizli qəzetlərindən çıxan bir xəbər deyil, olsa, özləri birinci yazardı. Məsələ belədir: mənimlə əlaqə saxlayan jurnalist "azərbaycanlı futbolçularınız niyə məşqə gəlməyib" soruşdu. Mən də dedim ki, Arif məşqdədir, Rail də Azərbaycanda kiçik avtomobil qəzası törədib, 1-2 günə gələcək. Ancaq onun gəlməməsinin səbəbi ailəsi ilə bağlı idi. Bizdən ailəsinə görə icazə almışdı. Həmin vaxtda da başqa klubla danışıqlar gedirdi. Bizə çox faydalı olmasına baxmayaraq, onunla ayrılmaq məcburiyyətində qaldıq. Ancaq Saşa Railin yoxluğunu hiss etdirməyəcək, məncə, ondan da yaxşı çıxış edəcək.

- Bakı Slavyan Universitetinin tələbələri sizin kluba ziyarətə gəlmişdi. Onların ora gəlişi Saşanın müqavilə bağlaması ilə eyni günə düşdü. Bu, sırf təsadüf idi?
- Əlbəttə, təsadüf idi. Burda türk mədəniyyəti üzrə ixtisaslaşmış bir professorumuz var. Onun da idmanla əlaqələri yaxşıdır. Azərbaycanlı tələbələr də Türkiyəyə 15 günlük bir proqram çərçivəsində gəlmişdi. Bu da Saşanın müqavilə imzalaması gününə təsadüf etdi. Hətta "Dənizlispor"un rəsmi saytında şəkillərdən gördüyünüz kimi, Yunisoğlu orda mülki formadadır, hələ məşqlərə çıxmamışdı. O gün müqavilə imzaladıq. Onlar Ariflə Raili görmək istəyirdilər, dedik, Rail gedib, yerinə Saşa var.

- Railin qışda Superliqa klublarından təkliflər aldığı deyilirdi. Bunlar rəsmi təkliflər idi?
- Rəsmi, yazılı şəkildə bizə təklif gəlməmişdi. Ancaq menecerlər vasitəsilə təkliflər olmuşdu. Onun özü ilə də danışmışdılar.

- Bəs klub rəsmisi kimi sizinlə menecerlərdən danışan olmadı?
- Mənimlə də oldu. Menecer mənə dedi ki, 2 Superliqa klubu Raili istəyir, onu buraxmaq istəyirsinizmi? Ancaq bizim vəziyyətimiz ötən mövsüm turnir cədvəlində pis olduğu üçün bu təklifi qəbul etmədik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31