“Skenderbeu” “Neftçi”ni qəbul etmək üçün stadionunun 1 hissəsini bağladı
9 İyul 2013 11:27 İdmanÇempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Skenderbeu" - "Neftçi" qarşılaşmasının keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin Albaniya çempionu ilə səfər qarşılaşması Korça şəhərindəki "Skenderbeu" stadionunda baş tutacaq.
Belə ki, görüşün Korça təmsilçisinin doğma stadionunda baş tutması sual altında olsa da, sonda UEFA qərarını verib. Məsələ ondadır ki, 12 min tutuma malik arenanın tribunalarının heç də bütün hissəsi beynəlxalq tələblərə cavab vermir. Bu üzdən də qarşılaşmanın Tiranadakı stadionlardan birində keçirilməsi gündəmə gəlmişdi.
Lakin "Skenderbeu" rəhbərliyi çıxış yolu tapıb. Cəmi 40 min avro vəsait xərcləməklə təxminən 5 min oturacağı dəyişməli olan korçalılar fərqli addıma üstünlük verib. Onlar yararsız olan sektorları bağlamağı lazım bilib. Nəticədə çempionlar Liqasının iyulun 23-dəki cavab oyununda arena cəmi 7 min tamaşaçı qəbul edəcək.