“Onların “İnter”lə cavab oyununda yeri görünəcək”
9 İyul 2013 11:37 İdman"Avropa Liqasında "İnter"lə ilk oyunda xəsarət alan futbolçularımızın zədələrinin ciddi olmağı bizi üzdü. Təəssüf ki, biz onların xidmətindən uzun müddət istifadə edə bilməyəcəyik". Apasport.az saytının məlumatına görə, bu fikirləri Finlandiyanın "Mariehamn" klubunun məşqçisi Şteffo Stromberq deyib. Avropa Liqasının I təsnifat mərhələsində "İnter"lə 1:1 hesabı ilə nəticələnən "Bayıl Arena"dakı oyunda artıq ilk hissədə aldıqları zədə üzündən rəqib futbolçular - Dieqo Assislə Dever Orqill əvəzlənməli oldular. Onların nəinki iyulun 11-də keçiriləcək cavab oyununda, ümumiyyətlə, xeyli müddət meydana çıxa bilməyəcəkləri dəqiqləşib.
Stromberq bakılılarla Finlandiyadakı matçda 2 əsas futbolçunun olmamağına üzülür. Onun sözlərinə görə, Assislə Orqillin nəinki "İnter"lə cavab matçında, ümumiyyətlə, mövsümün qalan hissəsində yeri görünəcək: "Futbolçularımızın reabilitasiyası təxminən 6-9 ay çəkəcək. Onlar bu müddətdə futbola, oyun praktikasına tədricən qayıdacaqlar. Xoşbəxtlikdən Dieqo ilə Dever əla xarakterə malikdirlər. Mən əminəm ki, onlar ilk oyundakı qəmgin hadisəni tez unudub, ağır işin öhdəsindən gələcək və futbolçu kimi əvvəlkindən pis olmayacaqlar. Assislə Orqill bu mövsümdə "Mariehamn" üçün çox vacib, effektiv, maraqlı futbolçular idi. Biz onları yaxşı hazırlaşmaları üçün 100 faiz dəstəkləməliyik ki, 2014-cü il mövsümünün əvvəlinə sıraya dönsünlər".
Qeyd edək ki, Dieqo ilə Dever klubla müqavilələrini 2014-cü ilə kimi uzadıb.