Pero Pejiç: “Neftçi” hollandiyalı futbolçunu təxminən 2 milyon avroya alıb
8 İyul 2013 12:11 İdman"Çempionlar Liqasında oynamaq imkanını qaçırmaq da istəmirdim. Bu üzdən Çin klubuna keçidim baş tutmayınca da "Skenderbeu"ya qayıtdım". Apapsort.az saytının məlumatına görə, bu sözləri Albaniyanın "Skenderbeu" klubunun futbolçusu Pero Pejiç deyib.
Komandasının ən məhsuldar oyunçusu sayılan xorvatiyalı Çinin "Pekin Baksi Yunayted" klubuna keçməsi gündəmdə olsa da, transferi düyünə düşən hücumçu Korça təmsilçisinə qayıdıb. Pero Çempionlar Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə qarşılaşmaları haqda fikirlərini açıqlayıb: "Neftçi" ilə oyunlar barədə nə isə deməyə çətinlik çəkirəm. Bircə onu dəqiq deyərdim ki, rəqibimiz çox güclü komandadır. İnternetdən belə bir məlumat da oxumuşam ki, onlar hollandiyalı futbolçunu təxminən 2 milyon avroya alıblar. Bu fakt "Neftçi"nin potensialını açıq-aydın göstərir. Lakin bu o demək deyil ki, biz meydana uduzmaq üçün çıxacağıq. Bilirik ki, bacardığımızın 120 faizini meydanda qoymalıyıq. Düşünürəm ki, səfərdə qol vura bilsək, mərhələ keçmək şanslarımız böyük olacaq".