Toşak: "Oyunçuların da kafedə oturmağa, söhbətləşməyə, şəhəri gəzməyə vaxtı olmalıdır"
4 İyul 2013 20:00 İdman"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın azerisport.az saytına müsahibəsi
- Malta "Sliema"sı ilə oyun barədə düşüncələriniz necədi?
- Çox çətin oyun oldu. Deməzdim ki, biz yaxşı təsir bağışladıq. Bunun da bir neçə səbəbi var idi. Məsələn, oyunun süni örtüklü meydanda keçirilməsi, oyunçularımızın zədələnməsi və mənim səhvlərim.
- Hansı səhvlər?
- Mən bunları bilirəm. Vacib olan da budu. Bundan sonra onların təkrarlanmamasına çalışacağam. Bir daha deyirəm ki, qələbə qazana bilməməyimizə görə futbolçular məsuliyyət daşımırlar. Bu nəticə mənim səhvim ucbatımdandı. Amma mən əminəm ki, Lənkəranda, böyük dəstəyin sayəsində onları məğlub edib, mərhələ keçəcəyik.
- Siz süni örtükdən narazı qalsaz da, Azərbaycanda əksər oyunlar məhz belə stadionlarda keçirilir...
- Xeyr. Buradakı süni örtük çox sərt idi. Mən onu başa düşə bilmirəm ki, bu stadion necə UEFA bayrağı altında keçirilən oyunlara ev sahibliyi etmək hüququ qazanıb. Eyni zamanda UEFA-nın bu oyunu iki gün öncəyə keçirməsi də az təsir göstərmədi. Bu, bizim bütün planlarımızı korladı.
- Almaniyada daha bir sınaq matçı keçirsəydiniz, belə olmayacaqdı?
- Məsələ təkcə bunda deyil. Toplanışdan öncə məşq və oyunlar üçün plan tərtib olunur. Bu plana istənilən kənar müdaxilə hər şeyi korlamış olur. Bizdə də belə oldu. Mən artıq 35 ildən çoxdu futboldayam. Bu qədər vaxt ərzində heç vaxt gecə saat 2-də durub aeroporta getməmişdim. Bu, futbolçular üçün çox ağır idi.
- Bazar günü Malta çempionu "Birkirkara" ilə oynamalısız. Bunu keçirmək o dərəcədə vacib idi?
- Açığını deyim ki, oyunun həmin arenada keçiriləcəyini öyrənəndə ləğv olunmasını istədim. Amma mən razılaşmaya gəldiyimiz üçün buna hörmət etməyə borcluyam. Rəqibə söz vermişik. Buna görə də matç baş tutacaq. Sadəcə, uşaqlar maksimum ehtiyatlı olmalıdılar. Bizim, onsuz da, zədəlilərimiz var. Nildo, Vanderson, Benuahi zədədən əziyyət çəkir. Onların sayının artmasına imkan verməməliyik.
- Nildo ilə Benuahi sağalmasa, onları kim əvəzləyəcək?
- Onlar hətta özlərinə gəlsə belə, bizə yenə yaxşı bir hücumçu lazımdı. Bizi qarşıda çox çətin mövsüm gözləyir. Ümid edirəm ki, maltalıları keçəcəyik. Ondan sonra isə İsrail "Maccabi"si ilə oyunlar var. Üstəlik, "Neftçi" ilə Super Kubok matçı da var ki, bu da bizim üçün çox vacib görüşdü.
- Son günlər komandanı məşqlərdə elə də çox yükləmirsiz. Niyə?
- Fikrimcə, futbolçulara bir qədər istirahət lazımdı. Son günlər onlar üçün çox çətin keçib. Biz hamımız çalışmağı sevirik. Amma bunu daim etmək olmaz. Oyunçuların da kafedə oturmağa, söhbətləşməyə, şəhəri gəzməyə vaxtı olmalıdır.