Cihan Özkaranın komandası bu gün bir araya gələcək

Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın heyətində çıxış etdiyi "Sivasspor" yeni mövsüm hazırlıqlarına bu gün başlayacaq. Apasport.az saytının məlumatına görə, artıq Türkiyə klubunun braziliyalı baş məşqçisi Roberto Karlos Sivas şəhərinə gəlib.
İstanbul hava limanından Sivasa gələn gənc çalışdırıcını klubun vitse-prezidenti Erdal Sarılar qarşılayıb. Daha sonra Karlos qalacağı otelə yollanıb.
Bu gün Bakı vaxtı ilə saat 20:00-da "Sivasspor"un futbolçuları Robertonun rəhbərliyi altında klubun bazasında bir araya gəlib, yeni mövsüm hazırlıqlarına start verəcək.
Qeyd edək ki, "qırmızı-ağlar" iyulun 4-dən 13-nə qədər hazırlıqlarını Sivasda davam etdirəcək. 2 gün istirahətdə olacaq futbolçular ayın 15-də yenidən toplanacaqlar. Daha sonra Özkaranın komandası Hollandiyaya yollanacaq. "Sivasspor" bu ölkədə avqustun 2-nə qədər məşq keçəcək və toplanış ərzində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Karlosun yetirmələri Hollandiyadan qayıtdıqdan sonra hazırlıqlarını doğma şəhərlərində davam etdirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31