“Platye “Neftçi”də NEK-dəkindən 5 dəfə çox qazanacaq”

"Həmişə öz müştərilərimə demişəm ki, 23 yaşdan sonra onların pul haqqında düşünməyə ixtiyarları çatır". Apasport.az saytının məlumatına görə, bunu hollandiyalı menecer Vinni Haatrext deyib.
"Neftçi"nin yeni transferi Melvin Platyenin meneceri olan Haatrext müştərisinin Hollandiya elitasını Azərbaycan çempionuna dəyişməsinə haqq qazandırıb. Onun sözlərinə görə, artıq Platyenin 24 yaşı var və bundan sonra pulu düşünməlidir.
Hücumçunun meneceri bildirib ki, o "Neftçi"də sabiq klubu NEK-dəkindən yaxşı qazanacaq: "Əgər futbolçu yaşca böyükdürsə, o, futboldan sonrakı həyatını da düşünməlidir. Melvin orda NEK-dəkindən 5 dəfə çox qazanacaq. Üstəlik bonusların sayı da Hollandiyadakından çox olacaq. Belə təkliflərə 2 cür yanaşmaq olar. Ya neqativ yanaşıb təklifi geri çevirməlisiniz. Ya da ancaq qəbul etmək lazımdır. Biz sonuncunu etdik".
Qeyd edək ki, Melvin Platye "Neftçi" ilə 1 illik müqavilə bağlayıb. NEK-in digər hücumçusu surinamlı Leroy Corc isə "Qarabağ"la 2 illik anlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31