“Klubsuz qalaram, amma “Neftçi”də oynamaram” MÜSAHİBƏ

Uğur Pamuk: "Yalnız 3 komanda - “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” haqda eşitmişdim"

"Xəzər Lənkəran" klubunun futbolçusu Uğur Pamuk "apasport"a müsahibə verib:

- Azərbaycana gəlməzdən öncə, hansısa komandamızı tanıyırdız?
- Əlbəttə. Amma yalnız 3 komanda - "Neftçi", "Xəzər Lənkəran" və "Qarabağ" haqda eşitmişdim. Hətta "Qarabağ"ın Avropa Liqasında Dortmundda "Borussiya" ilə oyununa da baxmışam.

- Təklif alsanız, "Neftçi"yə keçərsiz?
- Heç vaxt. Klubsuz qalaram, amma "Neftçi"də oynamaram.

- Niyə?
- Çünki millinin düşərgəsində olanda bu komanda haqda o qədər pis şeylər eşitmişəm ki... Futbolçulara qarşı pis münasibət bəsləyirlər.

- Almaniyadakı təlim-məşq toplanışını necə dəyərləndirərdiniz?
- Yaxşı keçdi. Ağır məşqlərimiz oldu. Bu, Avropa Liqası oyunu öncəsi bizə lazım idi.

- Hazırlıq vətəninizdə keçdi. Bu amilin sizin üçün hansısa fərqi oldumu?
- Düzdü, Almaniyada doğulub-boya başa çatmışam. Əlbəttə, mənim üçün rahat idi.

- Komanda artıq Maltadadır. "Slima" ilə sabah baş tutacaq oyunla bağlı nə düşünürsünüz?
- Bütün konsentrasiyamızı bu matça yönəltmişik. Qalib gəlmək istəyirik və hər kəs bunun üçün çalışacaq. Çalışacağıq ki, Lənkərana yaxşı nəticə ilə qayıdaq.

- Yaxşı nəticə deyəndə, məsələn, hansı hesab?
- 2 top fərqi ilə qələbə. O zaman Lənkəranda daha rahat oynayarıq.

- Amma rəqib də qarşılaşmaya ciddi hazırlaşır...
- "Slima" öz meydanında oynadığından, qələbə üçün var gücü ilə çalışacaq. Bizim üçün daha çətin olacaq. Çünki maltalılar meydanda pressinq edəcəklər. Ancaq biz rəqibdən qorxmuruq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31