Mehriban Əliyeva: "Hazırlıq üçün cəmi iki il vaxtımız var" VIDEO

Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olub

Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olub. Azərbaycan Dövlət Televiziyasının verdiyi məlumata görə, iclasda çıxış edən komitənin sədri Mehriban Əliyeva oyunlara hazırlıqla bağlı infrastruktur məsələlərinin həllinin vacibliyini vurğulayıb: "Hazırlıq üçün cəmi iki il vaxtımız var. Daha dəqiq olsam, oyunların başlanmasına 98 həftə qalıb. Bu, o deməkdir ki, vaxt çox azdır. Ona görə biz gərək daha da fəal işləyək. Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin".

Komitə sədrinin çıxışından sonra nazirlər Avropa Olimpiya Oyunları üçün görülən işlər barəsində hesabat veriblər. Hesabatda yarış ərəfəsində təhlükəsizlik qaydalarının təminatı, yaradılacaq infrastruktur barədə məlumat verilib.

Avropa oyunlarında iştirak edəcək idmançılar Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası yaxınlığında tikilən bu yeni binalarda yerləşdiriləcəklər. Yarışın keçiriləcəyi stadionda isə tikinti işləri qeyri-iş günündə belə davam edir.

Artiq stadionun təməli qoyulub və yuxarı hissələrinin qaldırılması üçün beton konstruksiyalaşdırma mərhələsinə start verilib. Əraziyə tikinti qurğuları və konstruksiyaları gətirilib. 65 min tamaşaçı tutumuna malik olacaq paytaxta inşa olunan ən böyük stadionda idmançılar 20 idman növü üzrə yarışacaqlar.

Onu da deyək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ilin iyununda Bakıda baş tutacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31