Bakıda İdman Dırmanması üzrə Dünya kuboku yarışı keçiriləcək
20 İyun 2013 18:17 İdman22-23 iyun tarixlərində Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya kuboku yarışı keçiriləcək. Yarış açıq havada Dövlət Bayraq Meydanında quraşdırılan 15 metr hündürlüyündə olan dırmanma divarında baş tutacaq.Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Beynəlxalq İdman Dırmanması Federasiyasının birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçiriləcək yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edəcək.22 iyun tarixində keçiriləcək Dünya kubokunu izləmək üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının Prezidenti Marco Scolaris və onu müşayiət edən nümayəndə heyəti 20 iyun 2013-cü il tarixində Azərbaycana gəlir.Qeyd edək ki, Dünya Kuboku yarışının yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında insanların sərbəst tamaşa edə bilməsi şəraitində keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsinə və gələcəkdə bu idman növünün Azərbaycan gəncləri arasında daha da populyarlaşmasına şərait yaradacaq. 2 gün davam edəcək bu beynəlxalq yarışı hər kəs izləyə biləcək. ("OLAYLAR"İA)