Ruslan Əmircanov: O, gənclərdən az qaçmırdı - MÜSAHİBƏ

"İnter" klubunun yarımmüdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi

- Komandanız 9 gün Türkiyədə hazırlıq keçdi. Həmin təlim-məşq toplanışı barədə nə deyə bilərsiniz?
- Komandamızın hazırlıq mərhələsi iki hissədən ibarətdir. Türkiyədə olduğumuz müddətdə fiziki planda çalışmalara üstünlük verildi. Hazırlıq ərzində baş məşqçi əsasən ağır məşqlər keçdi. Məqsəd isə fiziki baxımdan özünü oyunlara hazırlamaq idi. Əsas odur ki, heç kim toplanışda zədə almadı.

- İstirahətdən artıq çəki ilə dönən futbolçu var idi?
- Fasilə olduğundan, hamı toplanışa artıq çəki ilə gəlmişdi. Amma elə də çox yox. 10-12 gün ərzində istirahət edirsən. İstər-istəməz artıq çəki olur. Bunun da üstünlüyü var. Məşq prosesində həmin çəkini rahat atırsan və əvvəlki formanı bərpa edirsən.

- Cəmi bir yoldaşlıq görüşü keçirdiniz ki, "Kartalspor"u 13:0 hesabı ilə məğlub etdiniz. Rəqib o dərəcədə zəif idi?
- Rəqibin heyətində yer alanların əksəriyyəti gənclər idi. Ora-bura qaçırdılar. Əvvəlki heyətdən heç kim yox idi. Hamısı baxışa gələnlərdi. Çalışırdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. 15-20 dəqiqə müqavimət göstərdilər. Hiss olunurdu ki, hazır deyillər. Hesabın böyük olması fiziki planda onlardan üstün olmağımızın nəticəsi idi. Rəqib isə 4-5 gün əvvəl yığılan komanda idi. Seleksiya hazırlığı idi. Biz də şanslarımızın hamısından istifadə etdik.

- Qol vuranlar arasında Aleksandr İaşvili də var idi. Gürcüstanlı hücumçu necə təsir bağışladı?
- Futbolçunun topa ilk toxunuşundan nəyə qadir olduğunu bilirsən. İaşvili səviyyəli futbolçudur və komandamıza fayda verəcəyini düşünürəm. Bu cür təcrübəli futbolçudan məşq prosesində də nəsə götürmək, öyrənmək mümkündür.

- Amma 35 yaşı var. Meydanda yaşlı olması hiss olunurmu?
- Meydanda dayanmırdı. Çox hərəkət edirdi. Gənclərdən heç də az qaçmırdı. Kənardan baxanda deməzsən ki, 35 yaşı var. Yaxşı oyunçudur.

- Baxışda başqa futbolçu var idi?
- Bir braziliyalı dayaq yarımmüdafiəçisi gəlmişdi. Adı Mario idi. Oyuna gəlmişdi. Belçikada çıxış edirdi. Pis təsir bağışlamadı. Meydanda aktiv idi. Onun haqqında qərarı baş məşqçi verəcək. Ancaq bir oyunla heç nə demək olmaz. Yəqin ki, Avstriyadakı toplanışa da dəvət edilər.

- Mövsüm başa çatdıqdan sonra əsas heyətin bir neçə üzvü komandanı tərk etdi. Onların yeri görünürdümü?
- İstər Vladimir Levin, istərsə İbrahima Niasse əsas heyət üzvləri idi. Nizami Hacıyev isə zədələndikdən sonra kənarda qaldı. Onların yeri görünürdü. Yəqin ki, baş məşqçi gedənlərin yerini doldurmaq üçün müəyyən işlər görəcək. Bu işlə rəhbərlik məşğul olur. Güclü futbolçularla müqavilə imzalanacaq.

- Avropa Liqasının oyunlarına təxminən 3 həftə qalıb. Həmin müddətə qədər boşluqları doldurmaq mümkün olacaqmı?
- Baş məşqçi ilə söhbət edən zaman bunu soruşurduq. O, əsasən komandada qalan oyunçulara güvənəcəyini, bir neçə güclü futbolçu ilə müqavilə imzalanacağını deyir. Yəqin ki, rəsmi oyunlara qədər hər şey həllini tapacaq. Bizim Avstriyada da toplanışımız var. Yoldaşlıq görüşləri keçirəcəyik. Ola bilsin, nəzərdə tutulan futbolçular həmin toplanışa qatılsınlar.

- Cəmi 12 gün istirahət edə bildiniz. Bu müddət kifayət etdimi?
- Erkən toplanan komanda biz olduq. Bu da səbəbsiz deyil. İyulun 4-də Avropa Liqasının oyunları başlayacaq. Hazırlaşmalıyıq. İstirahət üçün 10-12 gün azdır. Ola bilsin, bu yorğunluq çempionat zamanı özünü büruzə versin. Bunu tənzimləmək artıq baş məşqçinin işidir. Gec gələn futbolçularla bunu aradan qaldırmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31