“Syomin kimi məşqçinin rəhbərliyi altında oynamaq maraqlı olacaq”

"Karyeramı "Qəbələ"də davam etdirmək istəyirəm. Danışıqların tam yekunlaşmağını gözləyirəm. 1-2 detal var ki, onu danışandan sonra məsələni həll edəcəyik". Bu fikirləri apasport.az saytına açıqlamasında "Qəbələ"nin kapitanı Elmar Baxşıyev deyib. Ötən mövsümün sonunda Rəşad Abdullayevin gedişindən sonra kapitan sarğısını daşımaq etibar olunan 33 yaşlı yarımmüdafiəçi anlaşmasını uzatmağa hazırlaşır.
Elmarın sözlərinə görə, yeni müqavilənin imzalanmağı ilə son 2 mövsümdə formasını daşıdığı klubda çıxışını davam etdirəcəyi rəsmiləşəcək: "Qışda 6 aylıq müqavilə imzaladığımdan, anlaşmam bitib. Ancaq başqa variantları nəzərdən keçirmirəm. Çünki "Qəbələ" kimi iddialı klubda oynamağım yaxşıdır. Mənə klubdan deyiblər ki, qalacaqsan. İlkin razılıq var, danışıqlar bitəndən sonra 1 illik müqavilə imzalayacağam".
Hələ karyerasını bitirmək haqda düşünməyən Elmar özünü rəqabətə hazır sayır: "Hələ gücüm var, oynamaq istəyirəm. Nə vaxt hiss etsəm ki, çatdırmıram, özüm gedəcəyəm. Mövqeyimə yeni futbolçuların gətirilməyi mənim üçün problem deyil. Mən harda oynamışamsa, rəqabət olub. Ona qalsa, mövsümün son oyunlarında daim meydanda olmuşam. Buna qədər isə mənə şans verilmirdi".
Baxşıyev şəxsən söhbətləşmədiyi "Qəbələ"nin rusiyalı yeni baş məşqçisi Yuri Syominə böyük ümidlər bəsləyir. O, təcrübəli mütəxəssisin fiziki hazırlıq, nizam-intizamla bağlı tələbkarlığından çəkinmir: "Sabiq baş məşqçimiz Ramiz Məmmədovun vaxtında da bu baxımdan asan deyildi. Syomin tanınmış, iddialı mütəxəssisdir, nəticə verməyi ilə özünü sübut edib. Onun kimi məşqçinin rəhbərliyi çalışmaq maraqlı olacaq. Syomin kimi mütəxəssis gətirilirsə, deməli, komanda növbəti mövsümdə ən yüksək yerlər uğrunda oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31