“Qəbələ”nin sabiq hücumçusu yenə debüt edə bilmədi
12 İyun 2013 12:19 İdman"Qəbələ"nin sabiq forvardı Fərzad Hatəminin İran yığmasında debütü yenə gerçəkləşməyib. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı olan futbolçu məşhur portuqaliyalı məşqçi Karluş Keyruş tərəfindən millisinin heyətinə çağırılıb.
Ancaq seçmə mərhələnin Livanla görüşündə meydan sahibləri olan İranın 4:0 hesabı ilə qalib gəlməsi Hatəmiyə ehtiyac duyulmamasına səbəb olub. 29 yaşlı futbolçu bundan öncə keçirilən Qətərlə görüşdə də ehtiyatda qalmışdı. Ucaboy futbolçu iyunun 18-də Cənubi Koreya ilə seçmə qrupun son görüşünə də dəvət alıb. Əgər Ulsan şəhərində keçiriləcək həmin oyunda İran qalib gələrsə, Fərzad da yığması ilə növbəti il Braziliyada keçiriləcək dünya çempionatının iştirakçısı ola bilər.
Hatəmi 2008/09 mövsümündə Ramiz Məmmədovun dönəmində "Qəbələ"də çıxış edib. 22 oyuna 8 qol vurması ilə Azərbaycan vətəndaşlığının verilməsi məsələsi gündəmə gəlsə də, futbolçu bunun İranın pis qarşılanacağını nəzərə alaraq AFFA-nın təklifindən imtina etmişdi. O, "Qəbələ"dən sonra ölkəsinin elita klubları "Sepahan", "Səba", "Traktorsazi" və "İstiqlal"da karyerasını davam etdirib. O, "Sepahan" və "İstiqlal"la İran çempionu olub.
Qeyd edək ki, İran bu qələbədən sonra qrupunda 2-ci pilləni Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığmasında alaraq, onu sona 1 tur qalmış 2 xal qabaqlayır.