"İnter"ə məşhur gürcüstanlı gəlir
6 İyun 2013 13:32 İdmanValeri Abramidze, İlya Kandelaki, Revaz Tevdoradze və Georgi Adamiya kimi gürcüstanlı legionerlərlə vidalaşan "İnter" əvəzində həmin ölkədən olan başqa bir futbolçunu heyətinə qatmağa hazırdır. Apasport.az saytının məlumatına görə, bu, tanınmış hücumçu Aleksandr İaşvilidir. Ötən mövsümü Almaniyanın II Bundesliqa klubu "Bohum"da keçirən İaşvilini artıq "İnter"li saymaq olar. Çünki onun "bankirlər"ə keçidi 90 faizlə ölçülür. Gürcüstanda "Dinamo", Almaniyada isə "Bohum"dan başqa, "Lübek", "Frayburq" və "Karlsrue"də çıxış etmiş 35 yaşlı futbolçu son mövsüm 28 çempionat oyunu keçirsə də, qol vura bilməyib.
Bununla belə, təcrübəli oyunçu Gürcüstan yığması tarixində ən çox oyun (67) keçirən 5-ci, ən çox qol vuran (15) isə 3-cü futbolçudur. Hazırda karyeralarını davam etdirənlər arasında isə İaşvili millidə ən çox fərqlənən oyunçudur.