Parkur – küçə akrobatikası

Parkurla məşğul olmaq hərbi xidmət zamanı insanın köməyinə çatır

Parkur nədir? Maraqlı əyləncə, yoxsa idman növü? Parkurla məşğul olanlar onsuz həyatlarını təsəvvür edə bilmirlər. Iddia edirlər ki, bu həm fiziki, həm də psixoloji baxımdan faydalı vərdişdir. Parkur de comparen  maneələr zolağı və əngəllər səyahəti deməkdir. Ilk dəfə Devid Bell və Sebastyan Pukan tərəfindən yaradılan parkur ideologiyası bu gün bütün dünyada məşhur küçə akrobatika növü hesab edilir. Parkurla məşğul olanlara isə treyserlər deyilir. Parkur üç əsas aksioma üzərində qurulub:

1. təhlükəsizlik

2. effektivlik

3. sadəlik

Hər üç amilə əməl edilərsə peşəkar treyser kimi yetişmək mümkündür. Parkurla məşğul olmaq üçün yaş məhdudiyyəti qoyulmur, amma yaxşı olar ki, bu işə daha erkən yaşlardan başlanılsın. Parkurla məşğul olan istənilən adam tezliklə istənilən nəticələr göstərə bilər. Yetər ki, intizamlı olub öz imkanlarını qiymətləndirməyi bacarasan. Amma çoxları daha çox zədə almaqdan ehtiyat edib, parkurla məşğul olmaqdan çəkinir.

Azərbaycanda bu sahəyə maraq elə də böyük olmasa da az - çox gənc treyserləri şəhərin istənilən yerlərində görmək mümkündür. Yolla getdiyiniz zaman kiminsə qəfil tullanaraq qarşınızdan keçdiyini görsəniz heç də təəccüblənməyin. Onlar məşq edirlər. Parkurla məşğul olmaq üçün əvvəlcə hansısa döyüş növü ilə məşğul olmaq  fiziki gücə sahib olmaq lazımdır. Bədənin dözümlü olması üçün bunlar vacib hesab olunur. Akrobatika da lazımdır. Akrobatika ilə məşğul olmayanlar bir az çətinlik çəkirlər.

Parkur həm də gələcəkdə hərbi xidmətə gedən oğlanlar üçün bir növ ibtidai fiziki hazırlıq səciyyəsi daşıyır. Parkurla məşğul olan hər bir yeniyetmə sonradan hərbi xidmət zamanı ona verilən bütün fiziki tapşırıqların öhdəsindən asanlıqla gələ bilir.

Parkur yer üzərinə insan ayağı dəyən zamandan mövcuddur. Bunu parkurla məşğul olan insanlar iddia edirlər. Bundan əlavə onlar hətta deyirlər ki, parkur ekstrim idman növləri sırasındadır. Əslində parkur sərhəd tanımır. Bütün dünya parkur meydançasıdır deyən treyserlər tezliklə küçə sənətinin daha da kütləvi hal alacağına inanırlar. Onlara sadəcə dəstək lazımdır. Nəzərə alsaq ki, imkanları məhduddur, məşq etdikləri məkan çox kiçik, həm də yararsızdır, o zaman bu gənclərin küçələrdə məşq etməkdən başqa əlacı yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31